PDF Oxu

Siyasət

  • 617

Gələcəyin Naxçıvanı: böyük hədəflər, reallığa çevrilən layihələr​ - ŞƏRH

image

​Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana son səfəri muxtar respublikanın gələcək inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində bir sıra mühüm layihələrin təqdim olunması, yeni sosial və infrastruktur obyektlərinin təməlinin qoyulması, Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planın nəzərdən keçirilməsi bu qədim diyarın qarşısında dayanan yeni hədəfləri bir daha ortaya qoydu.
​Səfərdən cəmi bir gün sonra imzalanan sərəncam isə qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritetlərin maliyyə baxımından da təmin olunacağını göstərdi. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə 2026–2027-ci illərdə müxtəlif layihələrin həyata keçirilməsi üçün ümumilikdə 258 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu, Naxçıvanın inkişafı ilə bağlı həyata keçirilən siyasətin ardıcıl xarakter daşıdığını göstərən mühüm addımdır. Görülən işlər yeni mərhələnin başlanğıcıdır.
​Prezident İlham Əliyevin səfər zamanı səsləndirdiyi fikirlər isə göstərir ki, bu proses artıq yeni mərhələyə daxil olur.
​“Naxçıvanın ümumi inkişafı təmin edildi. Bugünkü tədbirlər də bir növ görülən işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək”, – deyə dövlət başçısı bildirib.
​Bu fikirlər Naxçıvanla bağlı dövlət siyasətinin əsas istiqamətini aydın şəkildə ifadə edir. Burada məqsəd yalnız mövcud problemləri həll etmək deyil, həm də muxtar respublikanın iqtisadi potensialını daha geniş şəkildə reallaşdırmaq, sosial rifahı yüksəltmək və müasir inkişaf modelini formalaşdırmaqdır. 258 milyon manatlıq yeni inkişaf paketi, yeni sərəncam Naxçıvanın qarşıdakı inkişaf mərhələsinin miqyasını təsəvvür etməyə imkan verir.
​Prezidentin səfəri zamanı diqqət çəkən mühüm məsələlərdən biri Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planın təqdim olunması idi. Uzunmüddətli Baş Plan şəhərin gələcək inkişafına sistemli yanaşmanı təmin edir. Müasir şəhərsalma prinsipləri, nəqliyyat infrastrukturu, yaşıllıq əraziləri, yaşayış məkanları və ictimai zonaların inkişafı Naxçıvanın gələcək şəhər modelinin əsas istiqamətlərini təşkil edir. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, Naxçıvanın tarixi simasının qorunması ilə müasir şəhər mühitinin yaradılması paralel şəkildə nəzərdə tutulur. Bu yanaşma Naxçıvan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu şəhər yalnız müasir infrastrukturu ilə deyil, minillik dövlətçilik və mədəniyyət tarixi ilə də Azərbaycanın ən mühüm şəhərlərindən biridir.
​Naxçıvanın tarixi-mədəni irsinin qorunması istiqamətində görülən işlər də diqqət mərkəzində olub. Görkəmli memar Əcəmi Naxçıvaninin abidəsinin açılması və Möminə Xatun türbəsində aparılan bərpa-konservasiya işləri Naxçıvanın tarixi irsinə dövlət səviyyəsində göstərilən diqqətin nümunələridir. Bu layihələrin turizm baxımından da mühüm potensialı var. Naxçıvanın zəngin tarixi, qədim memarlıq nümunələri və təbii imkanları müasir turizm infrastrukturu ilə birləşdirildikcə muxtar respublikanın turizm imkanları daha da genişlənə bilər.
​Naxçıvanın inkişafında enerji məsələsi də xüsusi yer tutur. Muxtar respublikanın yaşıl enerji zonası elan edilməsi bu sahədə qarşıya qoyulan məqsədlərin strateji xarakter daşıdığını göstərir. Hazırda Naxçıvanda müxtəlif bərpaolunan enerji layihələri həyata keçirilir. Ümumi gücü 50 meqavat olan “Şəms-1” və “Üfüq” günəş elektrik stansiyalarının, 36 meqavat gücündə “Ordubad” və 15,6 meqavat gücündə “Tivi” su elektrik stansiyalarının inşası davam etdirilir. Yeni layihələrin reallaşdırılması Naxçıvanın enerji təhlükəsizliyinin gücləndirilməsinə, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə və gələcəkdə daha dayanıqlı enerji sisteminin formalaşdırılmasına imkan verəcək.
​Nəqliyyat infrastrukturunun gücləndirilməsi yalnız insanların rahat hərəkətinə xidmət etmir. Bu, eyni zamanda iqtisadi əlaqələrin genişləndirilməsi, turizmin inkişafı və Naxçıvanın tranzit imkanlarından daha səmərəli istifadə edilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
​Naxçıvanda həyata keçirilən yeni layihələrin mühüm hissəsi birbaşa insanların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Sosial evlər kompleksinin təməlinin qoyulması, yaşayış binalarının əsaslı təmiri, yeni məktəbəqədər təhsil müəssisələrinin tikintisi, tələbələr üçün yataqxananın yaradılması və ictimai nəqliyyatın yenilənməsi sosial siyasətin əsas istiqamətlərini təşkil edir. Bu layihələrin hər biri insanların gündəlik həyatına birbaşa təsir göstərən addımlardır. Beləliklə, Naxçıvanın inkişaf strategiyasında iqtisadi artımla sosial rifah bir-birindən ayrılmır. Yeni istehsal və infrastruktur imkanlarının yaradılması ilə yanaşı, insanların daha rahat və təhlükəsiz şəraitdə yaşaması üçün də mühüm layihələr həyata keçirilir.
​Prezident İlham Əliyevin Naxçıvana səfəri və səfərin ardınca qəbul edilən yeni qərarlar göstərir ki, muxtar respublikanın inkişafı uzunmüddətli və sistemli xarakter daşıyır. Bütün bunlar Naxçıvanın gələcəyinə kompleks yanaşmanın formalaşdırıldığını göstərir. Əsas məsələ isə qəbul edilən qərarların ardıcıl və keyfiyyətli şəkildə icra olunmasıdır. Çünki qarşıdakı dövrdə həyata keçiriləcək layihələr Naxçıvanın yalnız fiziki görünüşünü deyil, onun iqtisadi imkanlarını, sosial mühitini və insanların həyat keyfiyyətini də dəyişdirə bilər.
​Görülən işlər artıq gələcək üçün müəyyən edilmiş konkret hədəflərlə tamamlanır. Naxçıvanın qarşısında yeni inkişaf mərhələsi açılır. Bu mərhələnin əsas xüsusiyyəti isə tarixi irsin qorunması, müasir infrastrukturun yaradılması, iqtisadi potensialın genişləndirilməsi və ən əsası, insanların rifahının yüksəldilməsinin vahid inkişaf strategiyasında birləşdirilməsidir.

Gülnar Əlizadə
YAP Şahbuz rayon Təhsil Şöbəsinin ərazi partiya təşkilatının sədri, Şahbuz rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi

Digər xəbərlər