Naxçıvanın gələcək inkişaf imkanlarından bəhs edərkən enerji amili xüsusi əhəmiyyət daşıyır. Çünki muxtar respublikanın təbii və coğrafi xüsusiyyətləri burada bərpaolunan enerji resurslarından geniş şəkildə yararlanmaq üçün əlverişli şərait formalaşdırır. Cənab Prezident İlham Əliyevin avqustun 11-də Azərbaycan Televiziyasına verdiyi müsahibədə bu məsələyə xüsusi toxunması və Muxtar Respublikaya səfəri zamanı enerji sektorunda yeni layihələrin müzakirəyə çıxarılması Naxçıvanın qarşıdakı mərhələdə Azərbaycanın enerji siyasətində mühüm mövqeyə sahib olacağını göstərir. Naxçıvanın enerji sahəsində əsas üstünlüklərindən biri günəş enerjisindən istifadə potensialının yüksək olmasıdır. Günəşli günlərin çoxluğu burada fotovoltaik stansiyaların səmərəli işləməsi üçün münasib imkanlar yaradır. Dövlət başçısının vurğuladığı kimi, günəş enerjisinin inkişafı hesabına Naxçıvanda elektrik istehsalı gücünü 500 meqavatdan artıq səviyyəyə çatdırmaq, perspektivdə isə bu göstəricini 1000 meqavata qədər yüksəltmək mümkündür. Bu isə muxtar respublikanın enerji strukturunda mühüm dəyişikliklərə səbəb ola biləcək böyük perspektivdir.
Bu məsələnin əhəmiyyəti yalnız əlavə elektrik enerjisinin əldə olunması ilə məhdudlaşmır. Bərpaolunan enerji mənbələrinin geniş tətbiqi enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, ətraf mühitə mənfi təsirlərin azaldılmasına da imkan yaradır. Azərbaycanın son illərdə yaşıl enerji istiqamətində həyata keçirdiyi ardıcıl siyasət nəzərə alınarsa, Naxçıvanın da bu prosesdə fəal rol alması ölkənin ümumi enerji strategiyası ilə tam uzlaşır. Muxtar respublikanın su ehtiyatları da enerji istehsalının artırılması üçün müəyyən imkanlar təqdim edir. Su elektrik stansiyalarının imkanlarının genişləndirilməsi və yeni layihələrin reallaşdırılması enerji mənbələrinin daha da şaxələndirilməsinə xidmət edəcək. Günəş və hidroenerji potensialının paralel şəkildə inkişaf etdirilməsi isə Naxçıvanın enerji sisteminin daha çevik, etibarlı və dayanıqlı formalaşmasına şərait yarada bilər. Burada diqqət çəkən ən mühüm perspektivlərdən biri Naxçıvanın gələcəkdə enerji ixrac edən regiona çevrilməsi imkanlarıdır. Cənab Prezident İlham Əliyevin müsahibəsində bu hədəfin reallaşa biləcəyinə dair səsləndirdiyi fikirlər göstərir ki, qarşıya qoyulan məqsəd artıq yalnız muxtar respublikanın daxili enerji tələbatını ödəməkdən ibarət deyil. Generasiya güclərinin artırılması, enerji saxlanc sistemlərinin qurulması və elektrik şəbəkəsinin təkmilləşdirilməsi Naxçıvanın enerji imkanlarının daha geniş iqtisadi dövriyyəyə daxil edilməsinə şərait yarada bilər.
Enerji sektorunun inkişafı Naxçıvanın sənayeləşmə prosesi ilə də birbaşa əlaqəlidir. Səfər çərçivəsində Naxçıvan Sənaye Parkında 300 meqavat gücündə istilik elektrik stansiyasının təməlinin qoyulması bunun konkret nümunələrindən biridir. Yeni sənaye müəssisələrinin yaradılması və onların fasiləsiz fəaliyyəti üçün dayanıqlı və etibarlı enerji təminatı əsas şərtlərdən biridir. Bu baxımdan enerji infrastrukturunun genişləndirilməsi gələcəkdə istehsal müəssisələrinin sayının və fəaliyyət istiqamətlərinin artmasına da birbaşa təsir göstərəcək. Eyni zamanda Naxçıvanın enerji imkanlarının genişlənməsi onun regional əhəmiyyətinin artmasına da səbəb ola bilər. Nəqliyyat əlaqələrinin inkişafı ilə enerji infrastrukturunun yenilənməsi paralel şəkildə həyata keçirildikcə muxtar respublikanın iqtisadi potensialı bir-birini tamamlayan istiqamətlər üzrə daha da genişlənəcək. Bir tərəfdən yeni avtomobil və dəmir yolu bağlantıları Naxçıvanın regional bazarlara çıxışını asanlaşdıracaq, digər tərəfdən güclü və etibarlı enerji bazası sənaye, xidmət və digər iqtisadi sahələrin inkişafına mühüm dəstək verəcək.
Beləliklə, Naxçıvanda enerji sahəsində artıq həyata keçirilən və gələcək üçün nəzərdə tutulan layihələr yalnız mövcud ehtiyacların qarşılanmasına hesablanmayıb. Bu təşəbbüslər eyni zamanda muxtar respublikanın gələcək iqtisadi inkişafının əsas dayaqlarından birini təşkil edir. Günəş və su enerjisindən istifadə, yeni generasiya güclərinin yaradılması, enerji saxlanc imkanlarının genişləndirilməsi və müasir elektrik şəbəkəsinin formalaşdırılması birlikdə Naxçıvanın daha güclü və dayanıqlı enerji sisteminin təməlini qoya bilər.
Cənab Prezident İlham Əliyevin səfəri zamanı enerji məsələsinə xüsusi diqqət yetirilməsi də məhz bu baxımdan mühüm siyasi və strateji mesaj kimi qiymətləndirilə bilər. Azərbaycanın ümumi enerji strategiyası çərçivəsində Naxçıvan qarşısında yeni imkanlar açılır və muxtar respublikanın mövcud təbii potensialından səmərəli istifadə etməklə həm öz daxili enerji tələbatını daha etibarlı şəkildə təmin etməsi, həm də perspektivdə enerji ixrac edən əraziyə çevrilməsi real hədəflər sırasında yer alır. Bu istiqamətdə əldə olunacaq nəticələr Naxçıvanın Azərbaycanın iqtisadi inkişaf xəritəsindəki rolunu və çəkisini daha da artıracaq.
Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəalı