Vətən müharibəsi şəhidi Mütəllimzadə Ağacavad Ələsgər oğlunun doğum günündə məzarı ziyarət olunub.
Əvvəlcə Maştağa qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında şəhidin məzarı önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Anım tədbirdə YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, müharibə iştirakçıları, qazilər, şəhidin ailə üzvləri və qəsəbə sakinləri iştirak ediblər.
Qeyd edək ki, Ağacavad Mütəllimzadə 1997-ci il avqustun 14-də Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olub. O, 2020-ci ilin oktyabrın 22-də Xocavənd döyüşləri zamanı şəhid olub. Ağacavad Mütəllimzadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni , "Vətən uğrunda", Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.