PDF Oxu

Siyasət

  • 1 207

"İranın ittifaqa qoşulması üçün bir sıra siyasi maneələrin aradan qalxması lazımdır" - POLİTOLOQ DANIŞDI

image

“"Müsəlman NATO-su” dedikdə, NATO-nun alternativi nəzərdə tutulmur. Burada söhbət müsəlman dövlətlərin birgə təhlükəsizlik və kollektiv müdafiə prinsipi əsasında formalaşan hərbi ittifaqından gedir".Bunu SİA-ya politoloq Samir Hümbətov deyib.Onun sözlərinə görə, İran və Misirin bu ittifaqa qoşulmasına gəlincə, prinsip etibarilə, onların hər ikisinin gələcəkdə ittifaqa qoşulması mümkündür. Lakin burada bir sıra mühüm nüanslar var və hər bir dövlətin vəziyyətini ayrıca qiymətləndirmək lazımdır:"İlk növbədə, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanının yaratdığı bu ittifaq mahiyyət etibarilə birgə təhlükəsizliyin və kollektiv müdafiənin təmin olunmasına yönəlib. Misirin də bu ittifaqa qoşulması mümkündür. Lakin burada Amerikanın faktorunu nəzərə almamaq mümkün deyil. ABŞ-ın Misirə təsir imkanları kifayət qədər böyükdür və rəsmi Qahirə ittifaqa qoşulmaq qərarı verərkən Vaşinqtonun mümkün reaksiyasını da nəzərə almalıdır.Əgər Misir bu istiqamətdə müəyyən siyasi iradə nümayiş etdirə və xarici təzyiqlərə qarşı dayanıqlı mövqe ortaya qoya bilsə, onun ittifaqa qoşulması təşkilatın gücünü daha da artıra bilər. Lakin hazırda Misirin bu addımı atıb-atmayacağı, ilk növbədə, ölkə rəhbərliyinin siyasi iradəsindən asılıdır. Bununla yanaşı, beynəlxalq geosiyasi proseslər və digər xarici təsirlər də mühüm rol oynayacaq.İrana gəldikdə isə vəziyyət bir qədər fərqlidir. Burada müəyyən ideoloji fərqlər mövcuddur. Bu ittifaqın hazırkı əsas üzvləri olan Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı sünni dövlətlərdir. İran isə şiə dövlətidir. Buna görə də Tehranın belə bir hərbi ittifaq daxilində özünü hansı formada aparacağı ayrıca sualdır.Xüsusilə İranın Səudiyyə Ərəbistanı ilə eyni hərbi blokda dayanmasının nə dərəcədə mümkün olması məsələsi kifayət qədər həssasdır. Söhbət sadəcə siyasi əməkdaşlıqdan deyil, kollektiv müdafiə və hərbi ittifaqdan gedirsə, burada daha ciddi siyasi və strateji qərarlar tələb olunur.Bununla belə, son nəticədə bu, İran dövlətinin və hökumətinin verəcəyi siyasi qərardan asılıdır. Əgər tərəflər razılığa gələ bilsələr və ittifaqın konkret məqsədləri, öhdəlikləri və fəaliyyət mexanizmləri dəqiq şəkildə nizamnamə formasında müəyyənləşdirilsə, gələcəkdə İranın və digər müsəlman dövlətlərinin də bu quruma qoşulması mümkündür.Hətta perspektivdə Suriyanın və digər müsəlman ölkələrinin də belə bir ittifaqda yer alması nəzəri baxımdan mümkündür. Yəni, ittifaqın genişlənməsi üçün prinsip etibarilə imkanlar var.Amma hazırda bu prosesin qarşısında kifayət qədər ciddi geosiyasi maneələr mövcuddur. Burada Hindistan amili var, İsrail amili var, Yunanıstan amili var. Eyni zamanda, Qərbin və xüsusilə ABŞ-ın mövqeyi nəzərə alınmalıdır. Bütün bu faktorlar bir-biri ilə əlaqəlidir və belə bir hərbi ittifaqın gələcək fəaliyyətinə ciddi təsir göstərə bilər.Ona görə də “Müsəlman NATO-su”nun gələcəkdə hansı coğrafiyaya qədər genişlənəcəyini indidən dəqiq söyləmək çətindir. Lakin kollektiv təhlükəsizlik və qarşılıqlı müdafiə mexanizmi üzərində qurulacaq belə bir ittifaqın potensial olaraq Yaxın Şərqdə və daha geniş İslam dünyasında ciddi geosiyasi təsir imkanları yarada biləcəyi şübhəsizdir".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər