Prezident İlham Əliyev: “Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı və eyni zamanda, Naxçıvanın strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil, – halbuki birinci növbədə Azərbaycan üçün, – geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir.”
Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi geniş müsahibə muxtar respublikanın son illərdə keçdiyi inkişaf yoluna nəzər salmaqla yanaşı, qarşıdakı dövr üçün əsas prioritetləri də aydın şəkildə ortaya qoyub. Dövlət başçısının səfər çərçivəsində iştirak etdiyi tədbirlər, yeni layihələrin təməlqoyma mərasimləri və verdiyi tapşırıqlar Naxçıvanın inkişafının artıq yeni mərhələyə qədəm qoyduğunu göstərir. Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri həm siyasi, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının “Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər edirəm və hər səfərimin də böyük mənası və gözəl nəticələri vardır” fikri muxtar respublikanın dövlət siyasətində xüsusi yer tutduğunu bir daha təsdiqləyir.
Son illərdə Naxçıvanda həyata keçirilən layihələr muxtar respublikanın sosial-iqtisadi mənzərəsini əhəmiyyətli dərəcədə dəyişib. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, enerji təminatının gücləndirilməsi, sosial obyektlərin tikilməsi, istehsal imkanlarının genişləndirilməsi və yeni iqtisadi layihələrin icrası inkişaf üçün mühüm baza formalaşdırıb. İndi qarşıda duran əsas vəzifə bu potensialı daha səmərəli şəkildə iqtisadi dövriyyəyə cəlb etmək və əldə olunan nəticələri davamlı inkişaf modelinə çevirməkdir.
Naxçıvanın coğrafi və geostrateji mövqeyi onun təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməsini zəruri edir. Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının olmaması muxtar respublikanın müdafiə imkanlarının daim gücləndirilməsini strateji prioritetə çevirir. Bu istiqamətdə son illərdə mühüm addımlar atılıb. Əlahiddə Ordunun yaradılması, hərbi hissələrin müasir texnika ilə təmin edilməsi, komando qüvvələrinin formalaşdırılması və müdafiə potensialının davamlı şəkildə artırılması Naxçıvanın təhlükəsizlik imkanlarını əhəmiyyətli dərəcədə gücləndirib. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan Silahlı Qüvvələri hazırda regionda mühüm hərbi gücə malikdir. Naxçıvanın müdafiə qabiliyyətinin daha da artırılması ilə bağlı planlar göstərir ki, təhlükəsizlik məsələsi muxtar respublikanın inkişaf strategiyasının fundamental dayaqlarından biri olaraq qalacaq. Burada mühüm məqam ondan ibarətdir ki, təhlükəsizlik və iqtisadi inkişaf bir-birindən ayrı proseslər deyil. Möhkəm təhlükəsizlik mühiti yeni investisiyaların cəlb olunmasına, sənayenin inkişafına, sahibkarlığın genişlənməsinə və sosial layihələrin daha sürətlə həyata keçirilməsinə imkan yaradır.
Səfər çərçivəsində Naxçıvan Sənaye Parkının təməlinin qoyulması muxtar respublikanın gələcək iqtisadi inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan hadisələrdən biridir. Sənaye parkları Azərbaycanda istehsalın genişləndirilməsi, sahibkarlığın stimullaşdırılması, investisiyaların cəlbi və yeni iş yerlərinin yaradılması baxımından özünü doğrultmuş iqtisadi modeldir. Bu modelin Naxçıvanda tətbiqi muxtar respublikanın mövcud iqtisadi potensialının daha geniş şəkildə reallaşdırılmasına imkan verəcək. Ərazi baxımından Sumqayıt Sənaye Parkından sonra Azərbaycanın ikinci böyük sənaye parkının Naxçıvanda yaradılması layihənin miqyasını və strateji əhəmiyyətini göstərir. Burada yeni istehsal müəssisələrinin, biznes subyektlərinin və müasir sənaye infrastrukturunun formalaşması Naxçıvan iqtisadiyyatında yeni mərhələnin başlanğıcı ola bilər. Sənaye Parkının fəaliyyəti yalnız istehsal həcminin artırılması ilə məhdudlaşmayacaq. Layihənin əsas nəticələri sırasında yeni iş yerlərinin yaradılması, yerli sahibkarlığın inkişafı, investisiya imkanlarının genişlənməsi və Naxçıvanın ölkənin iqtisadi məkanına daha sıx inteqrasiyası da mühüm yer tutur.
Naxçıvanın inkişaf strategiyasında enerji istiqaməti də xüsusi yer tutur. Muxtar respublikanın yaşıl enerji zonası elan edilməsi burada bərpaolunan enerji mənbələrindən istifadənin strateji istiqamətə çevrildiyini göstərir. Günəş və su elektrik stansiyalarının fəaliyyəti artıq Naxçıvanın enerji potensialının real iqtisadi imkanlara çevrildiyini nümayiş etdirir. Qarşıdakı dövrdə isə enerji saxlanc texnologiyalarının tətbiqi, yeni bərpaolunan enerji layihələrinin reallaşdırılması və elektrik enerjisi istehsalının artırılması bu sahənin inkişafını daha da sürətləndirə bilər. Azərbaycanın enerji strategiyası artıq yalnız neft və qaz ixracı ilə məhdudlaşmır. Ölkə elektrik enerjisinin ixrac imkanlarını da genişləndirməyə çalışır. Türkiyə üzərindən Avropaya enerji ixracının artırılması və Qara dəniz sualtı elektrik kabeli layihəsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirə biləcək layihələr kimi diqqət çəkir. Bu baxımdan Naxçıvanın yaşıl enerji potensialının inkişaf etdirilməsi təkcə muxtar respublikanın enerji təminatı üçün deyil, Azərbaycanın uzunmüddətli enerji strategiyası üçün də əhəmiyyətlidir.
Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən mühüm məqamlardan biri Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun vahid konsepsiya əsasında inkişaf etdirilməsi ilə bağlı yanaşmadır. Bu yanaşma Azərbaycanın strateji əhəmiyyət daşıyan üç bölgəsinin gələcək inkişafında oxşar prinsiplərin tətbiq ediləcəyini göstərir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, müasir şəhərsalma prinsipləri, yaşıl enerji layihələri və yeni idarəetmə yanaşmaları Naxçıvan üçün də müəyyən istiqamətlər müəyyənləşdirir. Naxçıvan şəhərinin Baş planının hazırlanması və şəhər infrastrukturunun müasir tələblərə uyğun inkişaf etdirilməsi ilə bağlı tapşırıqlar da məhz bu yanaşmanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Burada söhbət yalnız ayrı-ayrı bölgələrdə eyni layihələrin həyata keçirilməsindən getmir. Əsas məqsəd təhlükəsiz, müasir, iqtisadi cəhətdən dayanıqlı və yüksək həyat standartlarına malik yeni yaşayış və iqtisadi məkanların formalaşdırılmasıdır.
Naxçıvanda son illərdə görülən işlər muxtar respublikanın inkişafı üçün mühüm təməl yaradıb. İndi əsas məsələ həmin bazadan istifadə etməklə iqtisadi fəallığı daha da artırmaq, yeni istehsal sahələri yaratmaq, enerji potensialını genişləndirmək və müasir şəhər mühitini formalaşdırmaqdır. Prezident İlham Əliyevin “Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək” fikri qarşıdakı mərhələnin əsas istiqamətini ifadə edir. Bu, bir tərəfdən görülmüş işlərin davam etdirilməsi, digər tərəfdən isə Naxçıvanın yeni iqtisadi imkanlarının üzə çıxarılması deməkdir. Naxçıvanın geostrateji mövqeyi, enerji potensialı, sənaye imkanları və nəqliyyat baxımından əhəmiyyəti onun Azərbaycanın gələcək inkişafında rolunu daha da artırmaq üçün geniş imkanlar yaradır. Bu potensialın düzgün və sistemli şəkildə reallaşdırılması nəticəsində muxtar respublika yalnız daxili inkişaf baxımından deyil, həm də regionun iqtisadi, enerji və nəqliyyat xəritəsində də daha mühüm mövqeyə sahib ola bilər. Prezident İlham Əliyevin Naxçıvana son səfəri təkcə görülən işlərin təqdimatı deyil, həm də gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əlamətdar hadisədir. Təhlükəsizlik, sənayeləşmə, yaşıl enerji, müasir şəhərsalma və iqtisadi fəallığın artırılması üzərində qurulan bu strategiya Naxçıvanın qarşıdakı illərdə daha sürətli və kompleks inkişafını təmin edə bilər.
Rail Tağızadə
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədr müavini