Prezident İlham Əliyevin 11 avqust tarixində Naxçıvan Muxtar Respublikasına səfəri təkcə yeni obyektlərin açılışı və görülən işlərlə tanışlıq baxımından deyil, həm də Naxçıvanın gələcək inkişaf modelinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfər göstərdi ki, Naxçıvan artıq yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi deyil, həm də Cənubi Qafqazın mühüm enerji, nəqliyyat, logistika və turizm mərkəzlərindən birinə çevrilməkdədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Naxçıvanda həyata keçirilən genişmiqyaslı layihələr muxtar respublikanın iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırıb. Müasir infrastrukturun qurulması, yol-nəqliyyat şəbəkəsinin yenilənməsi, sənaye və kənd təsərrüfatı sahələrinin inkişafı, enerji təhlükəsizliyinin gücləndirilməsi və tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlər bölgənin simasını tamamilə dəyişib.
Səfər çərçivəsində Prezident İlham Əliyevin ziyarət etdiyi tarixi və memarlıq abidələri Naxçıvanın zəngin mədəni irsinin qorunmasına verilən diqqətin göstəricisidir. Böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin adını daşıyan "Əcəmi Seyrangahı" kompleksinin istifadəyə verilməsi, Əcəmi Naxçıvani abidəsinin açılışı və tarixi irsin təbliğinə yönələn tədbirlər Naxçıvanın qədim mədəniyyət mərkəzi statusunu daha da möhkəmləndirir. Bu layihələr yalnız milli-mənəvi dəyərlərin qorunmasına xidmət etmir, eyni zamanda bölgənin turizm potensialını artıraraq iqtisadi inkişafa da töhfə verir. Turist axınının artması mehmanxana, restoran, nəqliyyat və xidmət sektorlarında yeni investisiyaların cəlb edilməsinə və məşğulluğun yüksəlməsinə şərait yaradır.
Naxçıvanın sosial-iqtisadi inkişafında enerji sektoru xüsusi yer tutur. Prezident İlham Əliyevin səfəri zamanı günəş elektrik stansiyalarında görülən işlərlə tanış olması muxtar respublikanın yaşıl enerji mərkəzinə çevrilməsi istiqamətində atılan addımların davamı kimi qiymətləndirilir. Naxçıvan zəngin günəş enerjisi potensialına malikdir və bu potensialın səmərəli istifadəsi bölgənin enerji müstəqilliyini daha da gücləndirəcək. Prezident İlham Əliyevin səfəri çərçivəsində Naxçıvan şəhərində inşa olunan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik Stansiyalarında görülən işlərlə tanış olması muxtar respublikanın yaşıl enerji strategiyasına verilən önəmin göstəricisidir. Ümumi gücü 50 MVt olan bu layihələr Naxçıvanın alternativ enerji potensialının səmərəli istifadəsinə xidmət edir və bölgənin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Stansiyalar tam istismara verildikdən sonra hər il milyonlarla kilovat-saat elektrik enerjisi istehsal olunacaq, minlərlə ev təsərrüfatı ekoloji cəhətdən təmiz enerji ilə təmin ediləcək və əhəmiyyətli həcmdə təbii qaza qənaət olunacaq. Bu isə həm enerji istehsalının maya dəyərinin aşağı düşməsinə, həm də ətraf mühitə mənfi təsirlərin azalmasına şərait yaradacaq.
Yaşıl enerji layihələrinin iqtisadi faydaları çoxşaxəlidir. İlk növbədə, enerji təminatının güclənməsi yeni sənaye müəssisələrinin yaradılmasına imkan verəcək. İkincisi, enerji istehsalının maya dəyərinin aşağı düşməsi sahibkarların fəaliyyətinə müsbət təsir göstərəcək. Üçüncüsü, enerji sahəsinə yatırılan investisiyalar yeni iş yerlərinin yaranmasını sürətləndirəcək. Gələcəkdə Naxçıvanın enerji ixrac edən bölgəyə çevrilməsi isə muxtar respublikanın büdcə gəlirlərinin artmasına və əlavə maliyyə resurslarının formalaşmasına şərait yaradacaq.
Prezident İlham Əliyevin səfəri zamanı xüsusi diqqət çəkən məsələlərdən biri də Zəngəzur dəhlizinin yaratdığı yeni imkanlardır. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət daşıyan layihədir. Bu dəhliz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutlarının mühüm tərkib hissəsinə çevriləcək və Avropa ilə Asiya arasında yükdaşımaların daha sürətli həyata keçirilməsinə imkan yaradacaq.
Zəngəzur dəhlizinin açılması Naxçıvan iqtisadiyyatında keyfiyyətcə yeni mərhələ yaradacaq. İlk növbədə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru əlaqəsi təmin olunacaq. Bu isə yükdaşımaların sürətlənməsinə, logistika xərclərinin azalmasına və ticarət dövriyyəsinin artmasına səbəb olacaq. Yerli istehsalçılar məhsullarını daha rahat şəkildə daxili və xarici bazarlara çıxara biləcəklər. Nəticədə kənd təsərrüfatı, sənaye və emal müəssisələrinin istehsal imkanları genişlənəcək.
Dəhlizin fəaliyyəti Naxçıvanın beynəlxalq logistika mərkəzinə çevrilməsinə də zəmin yaradacaq. Yeni logistika parklarının, anbar komplekslərinin, yük terminallarının və sənaye zonalarının yaradılması minlərlə yeni iş yerinin açılmasına səbəb olacaq. Tranzit daşımalarından əldə edilən gəlirlər isə Naxçıvanın iqtisadi gücünü daha da artıracaq. Ekspertlərin fikrincə, Zəngəzur dəhlizi Naxçıvanı Türk dünyasının əsas iqtisadi qovşaqlarından birinə çevirə bilər.
Zəngəzur dəhlizinin digər mühüm tərəfi enerji layihələri ilə bağlıdır. Bu marşrut üzərindən gələcəkdə yeni elektrik və enerji xətlərinin çəkilməsi planlaşdırılır. Bu isə Naxçıvanın Azərbaycanın ümumi enerji sisteminə daha sıx inteqrasiyasına, Türkiyə və digər regional bazarlarla enerji əməkdaşlığının genişlənməsinə imkan yaradacaq. Beləliklə, Naxçıvan yalnız nəqliyyat deyil, həm də enerji qovşağı funksiyasını yerinə yetirəcək.
Bu gün Naxçıvanda həyata keçirilən layihələr bir-birini tamamlayan vahid inkişaf strategiyasının tərkib hissəsidir. Tarixi irsin qorunması turizmi inkişaf etdirir, yaşıl enerji layihələri sənaye və investisiyaları stimullaşdırır, Zəngəzur dəhlizi isə bütün bu iqtisadi potensialın beynəlxalq bazarlara çıxışını təmin edir. Məhz buna görə də Prezident İlham Əliyevin Naxçıvana səfəri muxtar respublikanın gələcək inkişaf yol xəritəsini müəyyən edən mühüm siyasi və iqtisadi hadisə kimi qiymətləndirilir.
Naxçıvan artıq təkcə Azərbaycanın qədim tarixə malik bölgəsi deyil, həm də yeni dövrün çağırışlarına uyğun inkişaf edən, yaşıl enerji istehsal edən, beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən və Türk dünyasını birləşdirən strateji məkan kimi formalaşır. Prezident İlham Əliyevin səfəri zamanı verilən mesajlar göstərir ki, qarşıdakı illərdə Naxçıvanın iqtisadi, geosiyasi və geostrateji əhəmiyyəti daha da artacaq, muxtar respublika Azərbaycanın ümumi inkişafında aparıcı rol oynayan regionlardan birinə çevriləcək.
Sadıxov Tural
Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının mühasibi