Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi son illərdə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Regionun sosial-iqtisadi imkanlarının genişləndirilməsi, infrastrukturun yenilənməsi, müdafiə potensialının gücləndirilməsi, sənaye və məşğulluq imkanlarının artırılması istiqamətində görülən işlər Naxçıvanın gələcək inkişaf perspektivlərinin daha da geniş olduğunu göstərir.
Prezident İlham Əliyevin Naxçıvana səfərləri bu siyasətin ardıcıl xarakter daşıdığının mühüm göstəricilərindəndir. Dövlət başçısının 11 avqust 2026-cı il tarixində Naxçıvana növbəti səfəri də regionun inkişafına dövlət səviyyəsində göstərilən diqqətin davamı kimi mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində keçirilən tədbirlər, yeni layihələrin təqdim olunması və mühüm obyektlərin təməlinin qoyulması ilə yanaşı, Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibə də Naxçıvanın qarşıdakı inkişaf perspektivlərinə dair mühüm mesajlarla yadda qaldı.
Dövlət başçısının Prezident kimi Naxçıvana artıq 17-ci səfərinin reallaşması, hər səfər çərçivəsində mühüm tədbirlərin keçirilməsi və yeni layihələrin icrasına başlanılması Naxçıvanın ölkənin ümumi inkişaf strategiyasında xüsusi yer tutduğunu göstərir. Bu səfərlər həm görülən işlərin nəticələrinin qiymətləndirilməsi, həm də qarşıdakı dövr üçün yeni hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Naxçıvanda son illər ərzində həyata keçirilən layihələr regionun sosial-iqtisadi simasının dəyişməsinə, müasir infrastrukturun formalaşmasına və əhalinin yaşayış imkanlarının yaxşılaşdırılmasına xidmət edir. Bu prosesin qarşıdakı dövrdə də davam etdirilməsi, iqtisadi fəallığın artırılması, yeni investisiyaların cəlb olunması, məşğulluğun genişləndirilməsi və yerli istehsal imkanlarının inkişaf etdirilməsi muxtar respublikanın sürətli inkişafının əsas istiqamətlərini təşkil edir. Naxçıvanın gələcək inkişafı ilə bağlı qarşıya qoyulan hədəflər regionun iqtisadi potensialının daha geniş şəkildə reallaşdırılmasına hesablanıb. Yeni layihələrin icrası, infrastruktur imkanlarının genişləndirilməsi, sahibkarlığın və istehsal sahələrinin inkişaf etdirilməsi Naxçıvanın sosial-iqtisadi həyatında yeni canlanma yaradacaq. Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibə zamanı səsləndirdiyi “Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək” fikri də qarşıdakı mərhələdə görüləcək işlərin miqyasını və dövlət siyasətinin əsas istiqamətini aydın ifadə edir.
Naxçıvanın inkişafı yalnız iqtisadi və sosial göstəricilərlə məhdudlaşmır. Regionun strateji və geosiyasi mövqeyi onun təhlükəsizlik məsələlərinin daim diqqət mərkəzində saxlanılmasını zəruri edir. Azərbaycanın hərbi qüdrətinin artması, Silahlı Qüvvələrin ən müasir texnika və avadanlıqlarla təchiz edilməsi, peşəkar hərbi kadr potensialının gücləndirilməsi Naxçıvanın müdafiə imkanlarının da davamlı şəkildə yüksəldilməsinə şərait yaradır. Bu baxımdan Naxçıvanda Əlahiddə Ordunun yaradılması mühüm strateji qərarlardan biri kimi xüsusi əhəmiyyət daşıyır. Muxtar respublikanın coğrafi xüsusiyyətləri və Azərbaycanın əsas ərazisi ilə birbaşa quru bağlantısının olmaması onun müdafiə və təhlükəsizlik məsələlərinə xüsusi yanaşmanı tələb edir. Əlahiddə Ordunun müasir hərbi texnika ilə təchiz edilməsi, yeni komando qüvvələrinin yaradılması və hərbi potensialın davamlı gücləndirilməsi Naxçıvanın etibarlı müdafiəsinin təmin edilməsinə xidmət edir.
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər ölkəmizin hərbi potensialının və müdafiə imkanlarının bütün region üçün həlledici amil olduğunu bir daha nümayiş etdirdi. Bu gün Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibi olan güclü ordu kimi öz mövqeyini qoruyur. Naxçıvanda hərbi potensialın gücləndirilməsi də bu ümumi müdafiə strategiyasının mühüm tərkib hissəsidir.
Naxçıvanın gələcək inkişafında iqtisadiyyatın şaxələndirilməsi və sənaye potensialının artırılması da xüsusi yer tutur. Bu baxımdan Naxçıvan Sənaye Parkının təməlinin qoyulması mühüm hadisədir. Sənaye parklarının yaradılması ölkə üzrə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri olmaqla, yeni istehsal sahələrinin formalaşmasına, investisiyaların cəlb edilməsinə, yerli məhsul istehsalının genişləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına imkan verir.
Naxçıvan Sənaye Parkının yaradılması muxtar respublikanın iqtisadi potensialından daha səmərəli istifadə olunmasına, müasir istehsal müəssisələrinin yaradılmasına və məşğulluq imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək. Ərazi baxımından Sumqayıt Sənaye Parkından sonra ölkənin ikinci böyük sənaye parkının məhz Naxçıvanda yaradılması regionun sənaye inkişafına verilən strateji əhəmiyyətin göstəricisidir.
Bütün bunlar göstərir ki, Naxçıvanın hərtərəfli inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biri olaraq bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək. Sosial-iqtisadi inkişafın sürətləndirilməsi, yeni iş yerlərinin yaradılması, sənaye potensialının genişləndirilməsi, müasir infrastrukturun formalaşdırılması və müdafiə imkanlarının daha da gücləndirilməsi muxtar respublikanın gələcək inkişafının əsas dayaqlarını təşkil edir. Prezident İlham Əliyevin səfəri çərçivəsində həyata keçirilən tədbirlər və yeni layihələr Naxçıvanın qarşıdakı dövrdə daha böyük inkişaf mərhələsinə qədəm qoyacağını, onun Azərbaycanın ümumi tərəqqisinə və gücünə verdiyi töhfənin daha da artacağını göstərir.
Orxan Seyfullayev,
Salyan rayon Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayndə, YAP fəalı