Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası tarixən ölkənin siyasi, strateji və geosiyasi həyatında mühüm yer tutub. Bu qədim diyarın Azərbaycanın əsas ərazisindən coğrafi baxımdan ayrı düşməsi onun inkişafında nəqliyyat, təhlükəsizlik və iqtisadi əlaqələr məsələlərini daim xüsusi aktuallıqda saxlayıb. Lakin son illərdə regionda yaranan yeni reallıqlar Naxçıvanın qarşısında daha geniş imkanlar açır. Bu imkanların reallaşdırılması isə təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, sənayeləşmənin sürətləndirilməsi və nəqliyyat bağlantılarının bərpası ilə sıx bağlıdır. Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının səsləndirdiyi fikirlər Naxçıvanın gələcək inkişafının əsas istiqamətlərini aydın şəkildə ortaya qoyur. Müsahibədə Naxçıvanın sosial-iqtisadi inkişafı, müdafiə potensialının gücləndirilməsi, enerji təminatı, sənayeləşmə, tarixi-mədəni irsin qorunması və ən başlıcası, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təmin edilməsi məsələləri bir-biri ilə əlaqəli şəkildə təqdim edilib.
Səfərin və müsahibənin ən diqqətçəkən məqamlarından biri nəqliyyat koridorları və Naxçıvanın tranzit imkanlarının genişləndirilməsi ilə bağlı oldu. Dövlət başçısı qeyd etdi ki, Naxçıvan dəmir yolu xətti tamamilə yeni texniki-iqtisadi əsaslandırma ilə 194 kilometr uzunluğunda yenidən qurulur və radius dəyişiklikləri bu xəttin illik yükötürmə qabiliyyətini 15 milyon tona çatdırmağa imkan verəcək. Zəngəzur dəhlizi layihəsinin reallaşması ilə Naxçıvan uzunillik blokada şəraitindən tamamilə çıxaraq Avrasiyanın əsas nəqliyyat arteriyalarından birinə çevrilir. Prezident xüsusilə vurğuladı ki, bu marşrut yalnız dəmir və ya avtomobil yolu ilə məhdudlaşmır; Buradan fiber-optik xətlər, elektrik ötürücüləri və gələcəkdə zərurət yarandığı təqdirdə neft-qaz kəmərləri də keçə bilər.
Transport infrastrukturu ilə yanaşı, müsahibədə xüsusi yer tutan digər strateji məsələ Naxçıvanın enerji təhlükəsizliyi və yaşıl enerji potensialı oldu. Bir zamanlar ağır enerji qıtlığı ilə üzləşən muxtar respublikada hazırda qazlaşdırma dərəcəsi 100 faizə çatdırılıb və növbəti mərhələdə ana hədəf bölgeni böyük həcmdə elektrik enerjisi ixracatçısına çevirməkdir. Bu çərçivədə günəş enerjisi istehsalının ən azı 500 meqavat, perspektivdə isə 1000 meqavata çatdırılması planlaşdırılır. İstehsal olunan bu yaşıl enerji Türkiyə, İran və həmçinin Qara dənizin dibi ilə çəkiləcək sualtı elektrik kabeli layihəsi vasitəsilə Avropa bazarlarına çıxarılacaq.
Müsahibənin ən çox diqqət çəkən hissəsi Zəngəzur dəhlizi ilə bağlı regiondakı son geosiyasi vəziyyətin təhlilidir. Prezident İlham Əliyev 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanması zamanı dəhliz rejiminin sənəddə əks olunması üçün qətiyyətli israr göstərdiyini xatırlatdı. Ermənistanın uzun illər boyu bu öhdəlikdən qaçmağa çalışdığını bildirən dövlət başçısı, məsələnin 2025-ci ilin avqust ayında Vaşinqtonda keçirilən zirvə görüşündən sonra fundamental şəkildə həllini tapdığını bəyan etdi. Hazırda ABŞ-nin regional strategiyasının mərkəzində dayanan TRIPP qlobal layihəsinin icrasına başlanıldığını deyən dövlət başçısı, Horadiz-Ağbənd avtomobil yolunun demək olar ki, tam hazır olduğunu, dəmir yolu tikintisinin isə sürətlə irəlilədiyini bildirdi. Ən önəmlisi, Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən keçməklə çəkiləcək elektrik verilişi xətlərinin layihəsinin artıq tam hazır olduğunu və qüllələrin yerlərinin müəyyənləşdirildiyini qeyd edən Prezident, Naxçıvanın gələcəkdə qlobal nəqliyyat və enerji qovşağına çevriləcəyini rəsmən elan etdi.
Dövlət başçısı regionun hərbi və ekoloji təhlükəsizliyi məsələsinə də geniş toxundu. Əlahiddə Ümumqoşun Ordunun yeni komando hissələrinə döyüş bayraqlarının təqdim olunmasını Naxçıvanın müdafiə qabiliyyətinin sarsılmazlığı kimi qiymətləndirən Prezident, eyni zamanda Ermənistandakı "Metsamor" Atom Elektrik Stansiyasının regional fəsadlarından bəhs etdi. Bu köhnəlmiş stansiyanın bütün region üçün ciddi nüvə və ekoloji təhdid mənbəyi olduğunu vurğulayan dövlət başçısı, onun gec-tez mütləq bağlanmalı olduğunu qətiyyətlə ifadə etdi.
Prezident İlham Əliyevin Naxçıvana son səfəri təkcə görülən işlərin təqdimatı deyil, həm də gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əlamətdar hadisədir. Təhlükəsizlik, sənayeləşmə, yaşıl enerji, müasir şəhərsalma və iqtisadi fəallığın artırılması üzərində qurulan bu strategiya Naxçıvanın qarşıdakı illərdə daha sürətli və kompleks inkişafını təmin edə bilər.
Samir Ağayev
YAP Biləsuvar rayon təşkilatının məsləhətçisi