PDF Oxu

Siyasət

  • 19

Regionların sosial-iqtisadi inkişafı əhalinin sosial rifahını yüksəldir

Regionların sosial-iqtisadi inkişafı əhalinin sosial rifahını yüksəldir

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Muğan bölgəsinə səfəri çərçivəsində Sabirabad rayonuna gəlib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Prezident İlham Əliyevə məlumat verildi ki, hazırda rayonda abadlıq və quruculuq işlərinin növbəti mərhələsinə başlanmışdır. Bu mərhələdə ulu öndər Heydər Əliyevin abidəsinin yerləşdiyi parkda geniş abadlıq işləri görülmüş, yaşıllıq zolağı salınmış, sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyev Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolunun 15 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolunun 15 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Dövlətimizin başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verildi. Qeyd edildi ki, Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədi ilə rayonun 7 min 400 təsərrüfatını əhatə edən və 33 min 500 nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən 68 kilometrlik Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolunun əsaslı surətdə yenidən qurulması üçün dövlətimizin başçısının ötən ilin noyabrında imzaladığı Sərəncama əsasən Prezidentin Ehtiyat Fondundan maliyyə vəsaiti ayrılmışdır. Artıq bu yolun 15 kilometrlik Sabirabad-Qasımbəyli hissəsinin əsaslı bərpası və asfaltlanması işləri başa çatdırılmışdır. Hazırda yolun digər hissələrində yenidənqurma işləri davam etdirilir. Sabirabad rayonunun həyatında mühüm əhəmiyyətə malik olan bu yolun yenidən qurulması təbii fəlakətdən zərər çəkən əhalinin rahatlığını təmin etməyə və kəndlərarası avtomobil əlaqəsini daha da asanlaşdırmağa imkan verəcəkdir. Prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsdi. Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirdi.

Prezident İlham Əliyev Sabirabadın Qasımbəyli kəndində əsaslı təmir edilmiş tam orta məktəbin binası ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Sabirabad rayonunun Qasımbəyli kəndində əsaslı təmir edilmiş Hilal Ənnağıyev adına tam orta məktəbin binası ilə tanış olub.
Kənd ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar. Prezident İlham Əliyev sakinlərlə görüşdü. Sakinlər dövlətimizin başçısı ilə xatirə şəkli çəkdirdilər. Sonra Prezident İlham Əliyev məktəblə tanış oldu.
Bildirildi ki, Sabirabad rayonunun Qasımbəyli kənd orta məktəbinin binasında yaradılan şərait bir daha göstərir ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Son illər ölkəmizdə yüzlərlə yeni məktəb binalarının inşası, bir çoxunda yeni korpusların tikilməsi həyata keçirilən təhsil islahatlarının mühüm tərkib hissəsi olmaqla yanaşı, Azərbaycanın gələcəyinin daha etibarlı təminatına geniş imkanlar açır. Bu, bir daha təsdiqləyir ki, "qara qızıl"ın insan kapitalına çevrilməsi istiqamətində görülən işlər öz bəhrəsini verir. Yeni təhsil ocaqlarının inşası bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Təhsilin inkişafına qayğı işində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə diqqəti cəlb edir. Fondun bu sahədə həyata keçirilən dövlət siyasətinə verdiyi dəstək və onun təşəbbüsü ilə tikilən çoxsaylı yeni məktəb binaları Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Qeyd edildi ki, ötən ilin mayında Kür çayının daşması ilə yaranan təbii fəlakət nəticəsində Qasımbəyli kəndinə külli miqdarda ziyan dəymiş, demək olar ki, bütün infrastruktur dağılmışdı. Kənd məktəbi də tamamilə yararsız vəziyyətə düşmüşdü. Lakin dövlətimizin başçısının tapşırığına əsasən məktəbin binası qısa müddətdə müasir tələblər səviyyəsində yenidən qurulub istifadəyə verilmişdir.


Dövlətimizin başçısına məlumat verildi ki, əsaslı təmirdən sonra daha geniş və müasir standartlara uyğunluğu ilə seçilən bu məktəb binası qasımbəylililər üçün əsl hədiyyə olmuşdur. Hazırda 246 şagird yeri olan binada təlim-tədris üçün bütün şərait yaradılmış, sinif otaqları zəruri avadanlıqla təchiz edilmişdir. Şagirdlərin informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanları diqqət mərkəzində saxlanılmışdır. Fənn laboratoriyalarında da yüksək şərait yaradılmışdır. Əyani vəsaitlərin bolluğu ilə diqqət çəkən siniflərdə şagirdlərin elmin sirlərinə yiyələnmələri üçün heç bir problem yoxdur. Şagirdlərin yüksək təhsili və pedaqoji kollektivin səmərəli fəaliyyəti üçün bütün amillər nəzərə alınmışdır. Məktəb istilik sistemi ilə təchiz olunmuş, burada yaradılmış müasir idman zalında zəruri avadanlıq quraşdırılmışdır. Bildirildi ki, rayonda təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə bir sıra digər tədbirlər də həyata keçirilir. Sabirabadın Yuxarı-Axtaçı kəndində 240 şagird yerlik orta məktəb binası tikilir. Ulacalı, Mürsəlli, Bala Həşimxanlı kənd orta məktəblərində əsaslı təmir işləri başa çatdırılmış, Əsgərbəyli və Muradbəyli kənd məktəblərində isə yenidənqurma işləri davam etdirilir. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.
Prezident İlham Əliyev ötən ilin mayında Kür çayının daşması nəticəsində Sabirabad rayonunun Qasımbəyli kəndində evlərini itirmiş sakinlər üçün tikilmiş yeni mənzillərlə tanış olub
Dünən Prezident İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində ötən ilin mayında Kür çayının daşması nəticəsində Qasımbəyli kəndində evlərini itirmiş sakinlər üçün tikilmiş yeni mənzillərlə tanış olub. Dövlətimizin başçısına məlumat verildi ki, təbii fəlakətin baş verdiyi bölgədə işlər bu gün də davam etdirilir. Daşqınlar nəticəsində dağılmış evlərin əvəzinə yenilərinin tikilməsi, zərər çəkmiş binaların isə bərpa olunması istiqamətində işlər uğurla həyata keçirilir. Bu məsələdə Sabirabad rayonu da diqqətdən kənarda qalmamışdır.
Prezident İlham Əliyev kənd sakini Bəxtiyar Abışovun evində oldu. Bildirildi ki, təbii fəlakət nəticəsində, əsasən, çiy kərpicdən inşa edilən evlər dağılmışdır. Lakin inşaat işlərinin gedişində evlərini itirmiş insanlar üçün daha keyfiyyətli və bütün standartlar nəzərə alınaraq yeni evlərin tikintisinə xüsusi diqqətlə yanaşılmışdır. Əvvəlkilərlə müqayisədə yeni mənzillərdəki otaqların sayı daha çox və sahəsi genişdir.
Qeyd edildi ki, məişət əşyalarının sıradan çıxması nəzərə alınaraq mənzillər yeni avadanlıqlarla təchiz olunmuşdur. Qasımbəyli kəndində 74 ev tikilmişdir ki, onlardan 55-i artıq istifadəyə verilmişdir. Ümumilikdə isə Qasımbəyli də daxil olmaqla Sabirabadın Yuxarı Axtaçı, Muradbəyli, Əsgərbəyli kəndlərində 169 fərdi ev tikilmişdir. Bu evlərin 85-i artıq istifadədir.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, Kür və Araz çaylarının daşması nəticəsində dəymiş ziyanın aradan qaldırılması, dağılmış infrastrukturun bərpası demək olar ki, başa çatdırılmışdır. Zərər çəkən insanlara 10 milyon manatadək kompensasiya ödənilmişdir. Rayonun Kür çayı boyunca yerləşən kəndlərində bəndvurma və sahilbərkitmə işlərinin əsas mərhələsi başa çatdırılmışdır. Ümumilikdə bu il rayon ərazisində Kürün sağ və sol sahilləri boyunca 16 kilometr məsafədə mühafizə bəndinin təmiri və qayakəsmə işləri aparılmışdır. Sabirabadın bir çox kəndlərində ümumilikdə 13 su keçidi və şlüzlər tikilmişdir. Bununla da gələcəkdə yarana biləcək problemlərin qarşısı alınmış, insanların təhlükəsizliyinin maksimum təmin olunması sahəsində ciddi işlər görülmüşdür. Ev sahibləri göstərilən yüksək diqqət və qayğıya, onlar üçün inşa edilmiş geniş və yaraşıqlı evə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Prezident İlham
Əliyev Saatlı-Musalı-Məzrəli avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib

Dünən Prezident İlham Əliyev Saatlı rayonuna səfəri çərçivəsində Saatlı-Musalı-Məzrəli avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar. Prezident İlham Əliyevə yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, dövlətimizin başçısının 2010-cu ildə imzaladığı sərəncama əsasən yenidən qurulan yolun ümumi uzunluğu 17 kilometrdir. Rayonun səkkiz yaşayış məntəqəsini əhatə edən bu müasir yoldan 20 mindən artıq sakin istifadə edəcəkdir.
Qeyd edildi ki, yerli əhəmiyyətli Saatlı-Musalı-Məzrəli avtomobil yolunun istifadəyə verilməsi nəticəsində Saatlı və İmişli şəhərləri arasındakı məsafə 40 kilometrədək qısalmışdır. Yolun 14,6 kilometri Saatlı şəhər - Məzrəli kəndinin, 2,4 kilometri isə Musalı kəndinin ərazisinə düşür. Yola 16 santimetr qalınlığında asfalt örtüyü döşənmişdir. Müasir səviyyədə və yüksək keyfiyyətlə yenidən qurulmuş yol kənarlarında piyadalar üçün səkilər düzəldilmiş, ağaclar əkilmiş, yaşıllıqlar salınmış, yol boyu ətraf ərazi abadlaşdırılmışdır. Avtomobil yolunda müasir işıqlandırma sistemi qurulmuşdur. Yolun üzərindəki keçidlər bərpa olunmuşdur.
Yolun istifadəyə verilməsi avtomobillərin rahat və təhlükəsiz hərəkətinə şərait yaratmaqla yanaşı, dövlətimizin başçısının diqqət və qayğısı sayəsində rayonda aparılan quruculuq işlərinin davamlı xarakter aldığını nümayiş etdirir. Prezident İlham Əliyev rayon ictimaiyyəti ilə görüşdü. Sonra dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham
Əliyev Saatlı şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

Prezident İlham Əliyev dünən həmçinin Muğan bölgəsinə səfəri çərçivəsində Saatlı rayonuna gəlib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Saatlı şəhərinin mərkəzindəki parkda ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuşdur. Dövlətimizin başçısına məlumat verildi ki, rayonda abadlıq və yaşıllaşdırma sahəsində diqqət çəkən işlərdən biri Heydər Əliyev adına park və meydandır. Ümumi ərazisi 5,6 hektar olan park və meydan rayon sakinlərinin ən sevimli istirahət mərkəzlərindəndir. Burada geniş abadlıq və yaşıllaşdırma işləri görülmüş, fəvvarə quraşdırılmışdır. Meydanın 5 min kvadratmetrdən artıq hissəsinə milli ornamentli bəzək plitələri döşənmiş, həmişəyaşıl və dekorativ ağaclar, gül kolları əkilmiş, yaşıllıq zolaqları salınmışdır. Burada, həmçinin Heydər Əliyev muzeyi fəaliyyət göstərir.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.

Prezident İlham
Əliyev "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Saatlı "Aqroservis" filialının açılışında iştirak edib

Dünən Prezident İlham Əliyev "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Saatlı "Aqroservis" filialının açılışında iştirak edib.
Filialın kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.
Kənd təsərrüfatı naziri İsmət Abasov Prezident İlham Əliyevə məlumat verdi ki, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin yeni yaradılan Saatlı "Aqroservis" filialı rayonda kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaqdır. Ümumi sahəsi 1 hektar olan Saatlı "Aqroservis" filialının tikintisinə 2010-cu ildə başlanmışdır. Filialın ərazisində inzibati bina, təmir emalatxanası, texnikaların saxlanılması üçün talvar və açıq meydança yaradılmışdır. Bundan əlavə, filialda gübrə və pestisidlər anbarı da vardır. Ümumi tutumu 2 min ton olan anbarda Almaniyadan gətirilmiş pestisidlər, Rusiya, Ukrayna və Qazaxıstan istehsalı olan mineral gübrələr fermerlərə veriləcəkdir. Filialın təmir emalatxanasında kənd təsərrüfatı texnikalarına texniki xidmət göstərmək üçün hərtərəfli şərait yaradılmışdır. Filialda 30 nəfər daimi işlə təmin edilmişdir.
Prezident İlham Əliyevə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin regional logistik bazaları, Aqroservis filialları barədə də ətraflı məlumat verildi. Qeyd edildi ki, hazırda Sabirabad, Şəki, Cəlilabad, Şəmkir, Bərdə və Xaçmaz rayonlarında cəmiyyətin regional logistik bazaları fəaliyyət göstərir. On səkkiz rayonda isə "Aqroservis" filialları vardır. Bu il daha 5 filialın istifadəyə verilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev cəmiyyətin rayonlararası təchizat, regional logistik bazalarının və aqroservis filiallarının əvvəlki vəziyyətini əks etdirən fotolara baxdı.
Saatlı "Aqroservis" filialındakı texnika ilə tanışlıq zamanı dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, buraya, ümumilikdə, 3 milyon 700 min manta dəyərində kənd təsərrüfatı texnikası verilmişdir. Onlardan 2 milyon 900 min manatlıq texnika lizinqə, yerdə qalanı isə filiala verilmişdir. Filialda Finlandiya, Rusiya, Türkiyə və Polşada istehsal edilən kənd təsərrüfatı texnikaları ilə yanaşı, Gəncə avtomobil zavodunda buraxılan traktorlar da vardır. "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti ilə Gəncə avtomobil zavodu arasında bağlanmış müqaviləyə əsasən hər il cəmiyyət zavoddan 500 traktor alır.

Bundan əlavə, Gəncə avtomobil zavodunda bu traktorlar üçün kotanlar da istehsal edilir. İndiyədək, cəmiyyət zavoddan 1890 traktor almışdır. Filialın fəaliyyətə başlaması Saatlı rayonunda kənd təsərrüfatı məhsullarının istehsalçılarına geniş imkanlar açacaqdır. Buradakı müasir kənd təsərrüfatı texnikalarının fermerlərə verilməsi məhsulun keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, bolluğuna da imkan verəcəkdir. Filialda ümumilikdə 290 texnika vardır. Onlardan 88-i traktor, 27-si kombayn, yerdə qalanları isə asılan və qoşulan texnikalardır.
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Saatlı "Aqroservis" filialı ilə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.

Prezident İlham
Əliyev İmişli-Qaravəlili-Mirili avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib

Prezident İlham Əliyev mayın 5-də İmişli-Qaravəlili-Mirili avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlətimizin başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, uzunluğu 12 kilometr olan bu yol əvvəllər istifadəyə yararsız halda olmuşdur. Prezident İlham Əliyevin Sərəncamına əsasən, 42 minə yaxın əhalisi olan yeddi yaşayış məntəqəsini əhatə edən İmişli-Qaravəlili-Mirili avtomobil yolunun əsaslı təmir işlərinə ötən ilin sonlarında başlanmışdır. Həmin avtomobil yolu müasir tələblərə uyğun olaraq yenidən qurulmuş, yol boyu abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.
Dünya standartları səviyyəsində inşa olunan bu yolda əvvəllər yük və sərnişin avtomobillərinin hərəkətinə mane olan bütün maneələr aradan qaldırılmış, insanların uzun müddətdən bəri davam edən narahatlığına son qoyulmuşdur. Yolun istifadəyə verilməsi, həmçinin İmişli və Saatlı rayonları arasındakı gediş-gəliş məsafəsini iki dəfə azaltmışdır. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi, görülmüş işlərdən razılığını bildirdi.

Prezident İlham
Əliyev İmişlidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

Dünən Prezident İlham Əliyev Saatlıya səfərini başa çatdıraraq İmişli rayonuna gəlib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin İmişli şəhərinin mərkəzindəki mədəniyyət və istirahət parkında ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev adına mədəniyyət və istirahət parkında görülmüş işlər barədə məlumat verildi. Qeyd edildi ki, şəhərin mərkəzi olan bu ərazidə geniş abadlıq işləri aparılmış və park salınmışdır. Burada rayon sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.

Prezident İlham
Əliyev İmişli Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

Prezident İlham Əliyev mayın 5-də İmişli Olimpiya İdman kompleksinin açılışında iştirak edib. Dövlətimizin başçısı kompleksin açılışını bildirən lenti kəsdi.
Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə bildirdi ki, İmişli şəhərinin mərkəzində yerləşən kompleksin tikintisinə 2007-ci ilin oktyabrından başlanılmışdır. Bu nəhəng idman qurğusunun inşası üçün 5 hektar torpaq sahəsi ayrılmışdır. Tikinti işləri ən yüksək səviyyədə aparılmış və mayın əvvəlində başa çatdırılmışdır. İkimərtəbəli kompleksin binasında universal idman zalı, üzgüçülük hovuzu, boks, güləş, trenajor, şahmat və konfrans zalları, eləcə də yeməkxana və mehmanxana fəaliyyət göstərir.
Bildirildi ki, kompleks İmişlidə idmanın müxtəlif sahələrinin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunmuşdur. Kompleksin həyətindəki futbol, basketbol və voleybol meydançaları da idmançıların ixtiyarına verilmişdir. Olimpiya İdman Kompleksinin ərazisində 11 min kvadratmetrlik sahədə abadlıq və yaşıllaşdırma işləri aparılmış, ağac və gül kolları əkilmişdir. İdman qurğusu qazanxana, transformator yarımstansiyası, su anbarı, artezian quyuları ilə təmin olunmuş, mühafizə və yanğınsöndürmə sistemi quraşdırılmışdır.
Bildirildi ki, tikinti sahəsi 12 min kvadratmetr olan əsas bina 5 hissədən ibarətdir. Dövlətimizin başçısı birinci mərtəbədə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin respublikamızda bədən tərbiyəsinin və idmanın inkişafına göstərdikləri diqqət və qayğını, idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda uğurlarını əks etdirən fotostendlərə baxdı.
Prezident İlham Əliyev birinci mərtəbədə idmanın boks və güləş növləri üçün nəzərdə tutulmuş geniş zallarla tanış oldu. Bildirildi ki, zallar bütün lazımı idman avadanlıqları ilə təchiz olunmuşdur. Prezident İlham Əliyev burada idmançıların məşq prosesini izlədi və idmançılarla söhbət etdi. Prezident İlham Əliyev üzgüçülük hovuzuna baxdı. Hovuzun uzunluğu 25, eni isə 12,5 metrdir. Burada xüsusi nəmalma qurğusu, hovuzun ətrafında isə 135 oturacaq quraşdırılmışdır. Binanın ikinci mərtəbəsində trenajor zalı, şahmat otağı və inzibati otaqlar yerləşir. Bu otaqlarda da hər cür şərait yaradılmışdır. Əsas binada idmançıların soyunub-geyinməsi, məşq zalları və digər xidməti otaqlar vardır. Kompleksin yeməkxanasından eyni vaxtda 100 nəfər istifadə edə biləcəkdir. 60 nəfərlik konfrans zalı da ikinci mərtəbədədir.
Prezident İlham Əliyev kompleksin mehmanxanası ilə də yaxından tanış oldu. Bildirildi ki, 15 otaqdan ibarət mehmanxana 32 yerlikdir. Burada həm idmançılar, həm də qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılmışdır. Mehmanxana xüsusi havalandırma sistemi ilə təchiz olunmuşdur. Açıq havada quraşdırılan idman qurğuları ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, burada inşa edilmiş futbol, basketbol və voleybol meydançalarında həm rayon, həm də respublika səviyyəli yarışlar keçirmək mümkündür.
Qeyd edildi ki, kompleksə ayrıca qaz, işıq, su-kanalizasiya xətləri çəkilmişdir. Universal idman zalı ilə tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verildi ki, idmanın müxtəlif növləri üzrə beynəlxalq səviyyəli yarışların da keçiriləcəyi zalın uzunluğu 48, eni 36 metrdir. Burada yarışları izləyəcək tamaşaçılar üçün 845 oturacaq quraşdırılmışdır. Zalda həm mini futbol, basketbol, voleybol, həm də gimnastika, boks, güləş üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək üçün hər cür şərait yaradılmışdır. Prezident İlham Əliyev burada İmişli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
İmişlililər Azərbaycan Prezidentini hərarətlə qarşıladılar.
Dövlətimizin başçısı görüşdə nitq söylədi.
Sonra sərbəst güləş üzrə 2010-cu il Dünya kubokunun qalibi, 2008-ci il Avropa çempionatının bürünc mükafatçısı, Pekin olimpiadasının iştirakçısı Emin Əzizov İmişli rayonunun sakinləri adından çıxış etdi. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.

Digər xəbərlər