“Bir il bundan əvvəl Çində keçirilən tədbirlərdən birində “İrs Keşikçisi” filminin Azərbaycan dilinə tərcümə olunması və Azərbaycan tamaşaçısına təqdim edilməsi təşəbbüsü ilə çıxış etmişdim. Bir il tamam olmadan bu ideyanın artıq reallığa çevrildiyini görürük”.SİA xəbər verir ki, bu sözləri “ARB24” telekanalının icraçı direktoru Radik İsmayılov Çin lideri Si Cinpinin milli mədəni irsin qorunmasına verdiyi töhfələrə həsr olunmuş “İrs Keşikçisi” sənədli filminin təqdimatı zamanı çıxışında deyib.O bildirib ki, “İrs Keşikçisi” yalnız sənədli film deyil, həm də Çin və Azərbaycan xalqları arasında mədəni dialoqun gözəl nümunəsidir.Radik İsmayılov qeyd edib ki, Çin zəngin və qədim mədəniyyətə, Azərbaycan isə minilliklərə söykənən böyük mədəni irsə malikdir. Onun sözlərinə görə, hər iki xalqı birləşdirən əsas dəyərlərdən biri keçmişi qorumaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır.“Filmin Azərbaycan dilində təqdim olunması onu göstərir ki, media yalnız xəbər ötürən vasitə deyil, eyni zamanda insanları və xalqları bir-birinə yaxınlaşdıran mühüm körpüdür”, – deyə o vurğulayıb.ARB24-ün icraçı direktoru bildirib ki, layihə Çin Media Group ilə əməkdaşlığın konkret nəticələrindən biridir. Onun sözlərinə görə, Azərbaycan və Çin arasında münasibətlərin inkişafında media və humanitar sahədə belə layihələrin xüsusi əhəmiyyəti var.O qeyd edib ki, əməkdaşlıq yalnız hazır materialların mübadiləsi ilə məhdudlaşmamalı, xalqların bir-birini daha yaxından tanımasına xidmət etməlidir.“Azərbaycan tamaşaçısının Çin haqqında məlumatları Azərbaycan dilində əldə etməsi belə əməkdaşlığın ən sadə və ən uğurlu nəticələrindən biridir”, – deyə R.İsmayılov bildirib.O vurğulayıb ki, media əməkdaşlığında bəzən böyük layihələrdən daha vacib olan sadə ideyalardır. Əsas məsələ həmin ideyaya diqqətlə yanaşmaq və onu həyata keçirmək üçün iradə göstərməkdir.R.İsmayılov təşəbbüsün reallaşmasına töhfə verən Çin Media Group-un rəhbərliyinə və həmkarlarına təşəkkürünü bildirib.“Əminəm ki, bu layihə Azərbaycan və Çin mediası arasında əməkdaşlığımızın növbəti mərhələsinin başlanğıcı olacaq. Qarşımızda birlikdə həyata keçirə biləcəyimiz kifayət qədər maraqlı layihələr var”, – deyə o qeyd edib.ARB24-ün icraçı direktoru əlavə edib ki, tarixi İpək Yolu, “Bir Kəmər, Bir Yol” təşəbbüsü, ortaq dəyərlər, mədəniyyət və kino sahəsində yeni layihələr Azərbaycan-Çin media əməkdaşlığının əsas istiqamətlərindən ola bilər.
Müəllif: Günel Fərzəliyeva