Zamir Hüseynov: “Naxçıvanın təhlükəsizlik sisteminin formalaşmasında Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının da özünəməxsus yeri var”
“Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərləri ölkənin siyasi-ictimai həyatının əlamətdar hadisələrindən biri kimi yadda qaldı. Səfər zamanı Prezident İlham Əliyevin iştirakı ilə həyata keçirilən açılış və təməlqoyma mərasimləri göstərdi ki, qədim Azərbaycan yurdu Naxçıvanın inkişafı, yüksəlişi və təhlükəsizliyi hər zaman ölkə rəhbərinin xüsusi diqqət mərkəzindədir”.
Bunu qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini Zamir Hüseynov deyib. O bildirib ki, Azərbaycanın müdafiə strategiyasında Silahlı Qüvvələrin davamlı şəkildə modernləşdirilməsi, suverenliyin, ərazi bütövlüyünün və dövlət sərhədlərinin etibarlı şəkildə qorunması mühüm yer tutur: “Həyata keçirilən sistemli və uzaqgörən ordu quruculuğu siyasəti ölkəmizin hərbi imkanlarını və müdafiə potensialını, Azərbaycanın müdafiə sistemini daha da artırıb. Məhz bu dövlət siyasətinin məntiqi nəticəsi kimi Azərbaycan Ordusu 2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq öz döyüş qabiliyyətini və qüdrətini bütün dünyaya nümayiş etdirib. Bununla belə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra da ordu quruculuğu prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub”.
Z.Hüseynov deyib ki, Azərbaycanın vahid milli təhlükəsizlik sistemində Naxçıvan Muxtar Respublikasının müdafiəsi xüsusi və strateji önəm daşıyır: “Çünki Naxçıvanın müdafiə qabiliyyətinin yüksək səviyyədə saxlanılması yalnız bu regionun daxili sabitliyi üçün deyil, bütövlükdə Azərbaycan dövlətinin təhlükəsizlik arxitekturasi üçün həyati əhəmiyyət kəsb edir. Bu səbəbdən bölgənin coğrafi və strateji xüsusiyyəti nəzərə alınaraq Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun yaradılması ölkəmizin hərbi tarixində önəmli addım kimi dəyərləndirilir. Əsas məqsəd ehtimal olunan hər hansı təhdid və ya təxribatın qarşısını dərhal, vaxtında və adekvat şəkildə almağa qadir olan çevik müdafiə mexanizmi formalaşdırmaqdan ibarətdir”.
Həmsöhbətimizin sözlərinə görə, Naxçıvanın özünəməxsus dağlıq relyefi, mürəkkəb sərhəd zolaqları və xüsusi iqlim şəraiti hərbi hazırlığın xüsusi taktiki tələblər üzrə aparılmasını zəruri edir: “Dağ-meşə və relyef şəraitində döyüş aparmaq bacarıqları hərbi qulluqçulardan yüksək dözümlülük, çeviklik və peşəkar bacarıqlar tələb edir. Bu baxımdan, son dövrlərdə Azərbaycan Ordusunun modernləşdirilməsi strategiyasına uyğun olaraq Naxçıvanda da əməliyyat (komando) birliklərinin yaradılması mühüm addımdır. Muxtar respublikada hərbi infrastrukturun gücləndirilməsi istiqamətində növbəti tarixi addım avqustun 11-də atılıb. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan Muxtar Respublikasına səfərləri çərçivəsində Əlahiddə Ümumqoşun Orduda yeni təşkil edilmiş əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirak ediblər. Döyüş bayraqları hərbi hissələrin döyüş şərəfini, rəşadətini və dövlətə sədaqətini rəmziləşdirməklə yanaşı, muxtar respublikanın müdafiə potensialının yüksək səviyyəyə çatdırıldığını da nümayiş etdirir”.
“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə modernləşən və daha da güclənən Silahlı Qüvvələrimiz regionda sülhün, təhlükəsizliyin və sabitliyin əsas təminatçısıdır”, – deyə bildirən YAP Göygöl rayon təşkilatının sədr müavini əlavə edib ki, səfər zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində dövlətimizin başçısı Naxçıvanın təhlükəsizlik məsələlərinin mahiyyətini, ordu quruculuğunda əldə olunmuş uğurları və Silahlı Qüvvələrimizin regional nüfuzunu diqqətə çatdırıb: “Bu illər ərzində, əlbəttə ki, ilk növbədə Naxçıvanın müdafiə potensialının gücləndirilməsi məsələsi prioritet məsələlər sırasında idi. Bu istiqamətdə də böyük işlər görüldü və bu gün bayrağın təqdimetmə mərasimində bir daha Naxçıvanın hərbi gücü özünü göstərdi, həm texnika ilə təchizat, - özü də ən müasir texnika ilə, - həm də yeni komando qüvvələrinin yaradılması. Bu da Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan mənzərədir”. Z.Hüseynovun sözlərinə görə, Prezident İlham Əliyev müsahibəsinin davamında muxtar respublikanın özünəməxsus coğrafi şəraitinə diqqət çəkərək, burada xüsusi hərbi strukturun formalaşdırılmasının və təhlükəsizlik tədbirlərinin artırılmasının strateji zərurətdən doğduğunu vurğulayıb: “Bildiyiniz kimi, Naxçıvanda mənim Sərəncamımla Əlahiddə Ordu yaradılmışdır. Bu ordu, təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Ancaq Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın – muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə bu, birinci şərtdir. Bu gün qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək”.
Prezidentin yuxarıdakı sonuncu cümləsinə istinadən Z.Hüseynov bildirib ki, Azərbaycan Prezidentinin bu fikirləri Naxçıvanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi prosesinin davamlı və strategiyaya söykənən bir dövlət siyasəti olduğunu göstərir: “Yeri gəlmişkən, Naxçıvanın təhlükəsizlik sisteminin formalaşmasında Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının da özünəməxsus yeri var. Belə ki, iki qardaş ölkə arasında hərbi sahədə mövcud olan strateji müttəfiqlik münasibətləri, birgə keçirilən taktiki təlimlər, hərbi təcrübə və kadr mübadiləsi Azərbaycan Ordusunun, o cümlədən Əlahiddə Ordunun peşəkarlıq yönümündə inkişafına xidmət edir. Naxçıvanın Türkiyə ilə birbaşa sərhədə malik olması bu hərbi əməkdaşlığın regional təhlükəsizlik baxımından əhəmiyyətini daha da artırır. Naxçıvanda müdafiə imkanlarının gücləndirilməsi muxtar respublikanın iqtisadi potensialının, turizmin, sənayenin inkişafına və əhalinin təhlükəsizlik və rifah şəraitində yaşamasına mühüm töhfə verir”.