"Naxçıvan Azərbaycanın regional və beynəlxalq iqtisadi əlaqələr sistemində getdikcə daha mühüm mövqe qazanan ərazilərdən birinə çevrilir".
Bu sözləri SİA -ya açıqlamasında millət vəkili Könül Nurullayeva bildirib.
Onun sözlərinə görə, bunun əsas səbəbi muxtar respublikanın coğrafi mövqeyi ilə yanaşı, nəqliyyat, enerji, sənaye və logistika imkanlarının paralel şəkildə inkişaf etdirilməsidir:
"Xüsusilə Azərbaycanın böyük qələbəsindən sonra regionda yeni kommunikasiya imkanlarının formalaşması Naxçıvanın əhəmiyyətini daha da artırır. Naxçıvanın Türkiyə ilə birbaşa əlaqəsi, nəqliyyat bağlantılarının genişləndirilməsi perspektivi və daha geniş mənada Şərq-Qərb marşrutları ilə inteqrasiya imkanları beynəlxalq tərəfdaşların diqqətini bu regiona yönəldir.
Prezident İlham Əliyev bu bölgəyə səfəri zamanı da bəyan etdi ki, "Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək." Bu bəyanat Naxçıvanın daha geniş regional bağlantıların mühüm halqası kimi nəzərdə tutulduğunu göstərir.
Cənab Prezident bəyan etdi ki, "bir çox beynəlxalq qurum, bəzi ölkələr Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə xüsusi maraq göstərir. Onlardan biri Avropa İttifaqıdır. Avropa İttifaqının nümayəndələri Naxçıvana ezam edilmişdir. Burada yerlərdə vəziyyətlə tanış olmuşlar və onlar da bu dəhlizin iştirakçıları olmaq istəyirlər."
İttifaqın da Naxçıvana marağının artmasının əsas səbəblərindən biri alternativ nəqliyyat və enerji marşrutlarının əhəmiyyətinin yüksəlməsidir. Azərbaycan artıq Avropa ilə enerji sahəsində mühüm tərəfdaşlıq qurub. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan qaz ixrac etdiyi ölkələrdən 10-u Avropa ölkəsidir, onların 8-i isə Aİ üzvüdür. Dövlət baçımız həmçinin Avropanın Azərbaycanı "etibarlı və ümum-Avropa qaz təchizatçısı" kimi xarakterizə etdiyini də qeyd edib.
Bu mənada Naxçıvanın əhəmiyyəti yalnız nəqliyyatla məhdudlaşmır. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji potensialı da xüsusi diqqət çəkir. Prezident İlham Əliyev qeyd edib ki, bu ərazilər "yaşıl enerji zonaları elan edilib" və Naxçıvanda 500 meqavat gücündə Günəş Elektrik Stansiyasının yaradılması ilə bağlı böyük planlar var.
Beləliklə, Naxçıvan gələcəkdə həm nəqliyyat-logistika, həm də yaşıl enerji layihələri baxımından beynəlxalq əməkdaşlığın yeni istiqamətlərindən birinə çevriləcək.
Naxçıvanın beynəlxalq əhəmiyyətini artıran əsas amillərdən biri ölkənin qərb rayonları ilə yeni nəqliyyat bağlantılarının yaradılması perspektividir.
Bu baxımdan Orta Dəhliz də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ərazisindən keçən Transxəzər Şərq-Qərb dəhlizi Çin, Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa arasında bağlantı yaradır.
Prezident İlham Əliyevin "Zəngəzur dəhlizi mütləq inşa ediləcək" fikri də Azərbaycanın bu istiqamətdə strateji mövqeyini ortaya qoyur.
Burada əsas məsələ Naxçıvanın regional logistika zəncirinə daha sıx inteqrasiyasıdır. Bu isə yükdaşımaların artmasına, yeni logistika mərkəzlərinin yaranmasına, sahibkarlıq fəallığının yüksəlməsinə və xarici investisiyaların cəlb olunmasına şərait yaradacaq.
Yəni Naxçıvana artan beynəlxalq maraq təsadüfi deyil. Avropa üçün yeni enerji mənbələri və marşrutları, Asiya ölkələri üçün Avropa bazarlarına çıxış imkanları, Türkiyə üçün regional bağlantıların genişlənməsi, Azərbaycan üçün isə Naxçıvanın iqtisadi və nəqliyyat potensialının tam reallaşdırılması qarşılıqlı maraqlar yaradır".