Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın bugünkü inkişafını, qarşıdakı strateji hədəfləri və regionun Azərbaycanın ümumi inkişaf konsepsiyasındakı yerini müəyyən edən mühüm mesajlarla zəngin olub. Dövlət başçısı müsahibədə Naxçıvanın sosial-iqtisadi inkişafından enerji təhlükəsizliyinə, nəqliyyat imkanlarından Zəngəzur dəhlizinə, tarixi-mədəni irsin qorunmasından idarəetmə islahatlarına qədər geniş məsələlərə toxunub.
Prezident İlham Əliyev bildirib ki, bu səfər onun Naxçıvana Prezident kimi 17-ci səfəridir. Dövlət başçısının sözlərinə görə, hər səfər Naxçıvanın inkişafında yeni mərhələnin başlanğıcı ilə yadda qalır. 11 avqust səfəri zamanı Naxçıvan Sənaye Parkının təməlinin qoyulması, sosial və enerji layihələrinin təqdimatı, tarixi abidələrin bərpası ilə bağlı görülən işlər də muxtar respublikanın hərtərəfli inkişafının göstəriciləridir.
Müsahibədə xüsusi diqqət çəkən məsələlərdən biri Naxçıvanın müdafiə potensialının gücləndirilməsi olub. Prezident qeyd edib ki, coğrafi xüsusiyyətləri nəzərə alınaraq Naxçıvanın təhlükəsizliyinə xüsusi diqqət göstərilir. Əlahiddə Ordunun yaradılması və hərbi hissələrin müasir texnika ilə təchiz edilməsi bu siyasətin mühüm istiqamətlərindəndir.
Dövlət başçısı Azərbaycan Silahlı Qüvvələrinin regionda söz sahibi olduğunu vurğulayaraq Naxçıvanda hərbi potensialın bundan sonra da gücləndiriləcəyini bildirib. Bu yanaşma Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsində Naxçıvanın strateji əhəmiyyətinin xüsusi yer tutduğunu göstərir.
Müsahibənin mühüm hissəsi Naxçıvanın enerji potensialına həsr olunub. Prezident İlham Əliyev Naxçıvanda 300 meqavat gücündə istilik elektrik stansiyasının tikintisinə başlanıldığını, həmçinin 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının yaradıldığını bildirib.
Dövlət başçısı Naxçıvanın Günəş enerjisi baxımından Azərbaycanın ən əlverişli məkanlarından biri olduğunu qeyd edib. 600 hektardan artıq ərazinin müəyyənləşdirildiyi və burada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının inşa ediləcəyi bildirilib. Bu layihələr Naxçıvanın yalnız enerji tələbatını ödəməsinə deyil, gələcəkdə elektrik enerjisi ixrac edən bölgəyə çevrilməsinə hesablanıb.
Prezidentin müsahibəsində Azərbaycanın enerji siyasətinin regional və beynəlxalq miqyası da ön plana çıxıb. Naxçıvanda istehsal olunacaq əlavə enerjinin Türkiyə və İrana, perspektivdə isə Avropa bazarlarına çıxarılması imkanları qeyd edilib. Beləliklə, Naxçıvanın enerji potensialı həm regional əməkdaşlıq, həm də Azərbaycanın enerji ixracının şaxələndirilməsi baxımından mühüm perspektivlər vəd edir.
Müsahibənin ən mühüm siyasi və geostrateji mövzularından biri Zəngəzur dəhlizi olub. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat bağlantısının yaradılmasını Azərbaycanın çoxdankı məqsədi kimi xarakterizə edib.
Dövlət başçısı bildirib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş tarixi görüşdə bu məsələnin həlli istiqamətində mühüm nəticə əldə olunub və TRIPP layihəsinin icrasına başlanılıb. Prezidentin fikrincə, Zəngəzur dəhlizi yalnız nəqliyyat layihəsi deyil, gələcəkdə enerji, iqtisadiyyat və digər istiqamətlər üzrə əməkdaşlığı da genişləndirəcək strateji bağlantıdır.
Bu baxımdan Naxçıvanın geostrateji mövqeyi yeni imkanlar yaradır. Azərbaycan əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpasını regionun iqtisadi inteqrasiyasına, ticarət yollarının genişlənməsinə və Azərbaycanın Avrasiya nəqliyyat dəhlizlərində rolunun daha da güclənməsinə xidmət edən mühüm amil kimi qiymətləndirir.
Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın inkişafının yalnız regional məsələ olmadığını, Azərbaycanın ümumi iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik siyasətinin mühüm tərkib hissəsi olduğunu bir daha nümayiş etdirdi.
Müsahibədən aydın olur ki, Naxçıvan qarşıdakı dövrdə sənaye, enerji, nəqliyyat, kənd təsərrüfatı və turizm sahələrində daha böyük layihələrin həyata keçiriləcəyi strateji inkişaf məkanına çevriləcək. Zəngəzur dəhlizinin reallaşması isə bu prosesə əlavə dinamizm qazandıracaq.
Naxçıvanın enerji idxal edən bölgədən enerji ixrac edən məkana çevrilməsi, yeni sənaye müəssisələrinin yaradılması, nəqliyyat əlaqələrinin genişləndirilməsi, tarixi-mədəni irsin qorunması və sosial infrastrukturun yenilənməsi dövlət siyasətinin uzunmüddətli xarakter daşıdığını göstərir. Prezidentin müsahibəsində ifadə olunan fikirlər Naxçıvanın gələcəyinə dair aydın və genişmiqyaslı inkişaf strategiyasının formalaşdırıldığını göstərən mühüm siyasi mesajlar kimi qiymətləndirilə bilər.
Vüsal Finuni
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı