PDF Oxu

Siyasət

  • 569

Naxçıvanın inkişafına yeni dinamika verən səfər

image

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 11 avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibədə Naxçıvanın hazırkı inkişafı, təhlükəsizliyi, iqtisadi potensialı, enerji təminatı, nəqliyyat infrastrukturu, turizm imkanları və gələcək perspektivləri ilə bağlı mühüm məsələlərə toxunulub.

Cənab Prezident qeyd edib ki, Naxçıvanın təhlükəsizliyinin təmin edilməsi daim diqqət mərkəzində olub. Muxtar respublikanın coğrafi xüsusiyyətləri nəzərə alınaraq onun müdafiə potensialının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Əlahiddə Ordunun yaradılması, müasir hərbi texnika ilə təchizat və yeni komando qüvvələrinin formalaşdırılması Naxçıvanın müdafiə imkanlarının daha da artırılmasına xidmət edir. Dövlət başçısı Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olduğunu və Naxçıvanın hərbi potensialının bundan sonra da gücləndiriləcəyini bildirib.

Müsahibədə Naxçıvanın iqtisadi inkişafı məsələsinə də xüsusi diqqət yetirilib. Möhtərəm Prezident Naxçıvan Sənaye Parkının təməlinin qoyulmasını mühüm hadisə kimi qiymətləndirib. Sənaye Parkının yaradılması yeni istehsal müəssisələrinin fəaliyyətə başlamasına, investisiyaların cəlb edilməsinə və yeni iş yerlərinin açılmasına imkan yaradacaq. Parkın tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasının nəzərdə tutulması isə Naxçıvanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı Naxçıvanın enerji potensialının gələcəkdə yalnız daxili tələbatın ödənilməsi ilə məhdudlaşmayacağını, enerji ixracı imkanlarının da yaranacağını vurğulayıb.

Sosial məsələlər də müsahibədə xüsusi yer tutub. Naxçıvan şəhərində nəqliyyat problemlərinin həlli, yeni elektrik avtobuslarının istifadəyə verilməsi, kənd yollarının yenilənməsi və sosial infrastrukturun yaxşılaşdırılması ilə bağlı planlar açıqlanıb. Təxminən 420 kilometr uzunluğunda müxtəlif kateqoriyalı yolun tikintisi və əsaslı təmiri nəzərdə tutulur. Bu layihələrin 26 yaşayış məntəqəsində yaşayan insanların həyat şəraitinin yaxşılaşmasına xidmət edəcəyi bildirilib.

Ölkə başcısı Naxçıvanın turizm potensialının da böyük olduğunu vurğulayıb. Muxtar respublikanın zəngin tarixi-mədəni irsi, təbiəti və əlverişli turizm imkanları bu sahənin inkişafı üçün geniş perspektivlər yaradır. Bu məqsədlə yeni beşulduzlu mehmanxananın təməlinin qoyulması da mühüm addımlardan biri kimi qeyd olunub.

Ümumilikdə, Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi Naxçıvanın gələcək inkişaf istiqamətlərinə dair mühüm mesajlarla zəngin olub. Müsahibədə təhlükəsizliyin möhkəmləndirilməsi, sənayeləşmə, enerji müstəqilliyi, nəqliyyat imkanlarının genişləndirilməsi, sosial rifahın yüksəldilməsi və turizmin inkişafı vahid strategiyanın tərkib hissəsi kimi təqdim edilib. Bu yanaşma Naxçıvanın ölkəmizin nəqliyyat və strateji imkanlarından daha səmərəli istifadə edən, müasir və inkişaf etmiş bir regiona çevrilməsinə hesablanıb.

Nazim Bünyatov,

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər