PDF Oxu

Siyasət

  • 817

“Heydər Əliyev və müasir Azərbaycanın şəhərsalma modeli: davamlı inkişafdan Zəfərə” - FOTO

image

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan etməsi dağlar diyarı Lerikdə də əhali arasında böyük razılığa səbəb olub. Rayonda fəaliyyət göstərən idarə və təşkilatlarında, ictimai qurumlarda, təhsil müəssisələrində, mədəniyyət ocaqlarında bu münasibətlə silsilə tədbirlər görülür. Növbəti belə əlamətdar tədbirlərdən biri Lerik rayon Heydər Əliyev Mərkəzində baş tutdu.

Rayon mədəniyyət müəssisələrinin, İcra Hakimiyyətinin birgə təşkilatçılığı sayəsində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən konfrans “Heydər Əliyev və müasir Azərbaycanın şəhərsalma modeli: davamlı inkişafdan Zəfərə” adlanırdı.
Əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni oxundu. Daha sonra “Heydər Əliyev və müasir Azərbaycanın şəhərsalma modeli” mövzusuna həsr olunmuş qısametrajlı sənədli film göstərildi .
Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Bahar Mürsəliyeva konfransı açaraq dedi:- Azərbaycanın müasir şəhərsalma tarixinin əsasında ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. 1969-cu ildən etibarən ölkədə geniş quruculuq mərhələsinin əsası qoyulub, həmin dövrdə tikilən zavodlar, məktəblər, mədəniyyət ocaqları, yollar və memarlıq kompleksləri yalnız iqtisadi inkişafa deyil, həm də milli özünüdərkə və dövlətçilik ənənələrinin formalaşmasına xidmət edirdi.
Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Lerik rayonu üzrə nümayəndəsi, baş məsləhətçi Müqəddəs Dənziyev çıxış edərək bildirdi ki, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə siyasi sabitlik təmin olunub, iqtisadi inkişafın və müasir dövlət quruculuğunun təməli qoyulub. 1990-cı illərin çətin dövründə şəhərlərin infrastrukturu zəifləsə də, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yeni yollar, körpülər, yaşayış binaları, məktəblər və xəstəxanalar tikilərək şəhərlərin müasir simasını yaradıb.
Çıxış zamanı milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət çəkən natiq tarixi abidələrin, muzeylərin və mədəniyyət ocaqlarının bərpasının şəhərsalma siyasətinin mühüm istiqamətlərindən saydı, eləcə 2020-ci ildə qazanılan tarixi Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq, bərpa işlərinin görüldüyünü, xüsusilə Şuşa şəhərinin yenidən dirçəldilməsi, Azərbaycanın mədəniyyət paytaxtı kimi inkişafı milli-mədəni irsimizə verilən yüksək dəyərin göstəricisi olduğunu dedi.
Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi məsələlər, tikinti və memarlıq şöbəsinin müdir müavini, baş memar Əflatun İbrahimov “2026-cı il – Şəhərsalma və Memarlıq İli” çərçivəsində Lerik rayonunda həyata keçirilən və nəzərdə tutulan layihələr barədə ətraflı danışdı, rayonda müasir memarlıq prinsiplərinə uyğun yeni yaşayış binalarının tikintisi, abadlıq, yaşıllaşdırma işləri, işıqlandırma sistemlərinin yenilənməsi və sosial infrastruktur layihələrinin icrasının davam etdiyini bildirdi.
Çıxışında Azərbaycanda bələdiyyələrin yaranma tarixindən, həmçinin yerli özünüidarəetmə orqanlarının fəaliyyət istiqamətlərindən söz açan Lerik şəhər bələdiyyəsinin sədri Ceyhun Zahidov onu da vurğuladı ki, bələdiyyələr əhalinin sosial rifahının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin həyata keçirilməsi və şəhər infrastrukturunun inkişafında mühüm rol oynayır.
Rayon ziyalısı Hüsaməddin Abbasov isə çıxışında ulu öndər Heydər Əliyevin ilk siyasi rəhbərliyi dövründə Lerik şəhərində tikilmiş inzibati binalar, sosial obyektlər və müəssisələr haqqında ətraflı məlumat verdi, həmin illərdə rayonun sosial-iqtisadi, mədəni inkişafında həyata keçirilən layihələrin əhəmiyyətindən danışdı.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər