Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə keçirdiyi görüş və bu görüş çərçivəsində dövlət başçımıza İrpin şəhərinin “Fəxri vətəndaşı” vəsiqəsinin təqdim olunması beynəlxalq hüquq, regional təhlükəsizlik və humanitar diplomatiya müstəvisində olduqca mühüm siyasi-hüquqi əhəmiyyət kəsb edir.Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, ilk növbədə bu hadisə ölkəmizin suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüququn ali prinsip və normalarına söykənən müstəqil, ardıcıl və prinsipial xarici siyasət kursunun növbəti əyani təzahürüdür. Sabiq prezidentlə iki onillikdən artıq bir dövrü əhatə edən şəxsi dostluq və tərəfdaşlıq münasibətlərinin fonunda baş tutan bu dialoq Azərbaycan–Ukrayna əlaqələrinin strateji xarakterini və zamanın sınaqlarından uğurla keçdiyini sübut edir:“Məsələnin hüquqi və siyasi mahiyyətinə nəzər saldıqda, dövlət başçımıza İrpin şəhərinin fəxri vətəndaşı statusunun verilməsi təsadüfi xarakter daşımır və yalnız diplomatik nəzakət qaydaları ilə məhdudlaşmır. İrpin şəhəri hərbi əməliyyatların gedişində ən çox dağıntıya məruz qalmış, mülki infrastrukturu ciddi zərər görmüş yaşayış məntəqələrindən biridir.Azərbaycan dövləti müharibənin ilk günlərindən etibarən beynəlxalq humanitar hüquq normalarına tam uyğun olaraq Ukraynanın mülki əhalisinə, xüsusən də dağılmış sosial obyektlərin bərpasına böyük dəstək göstərmişdir. İrpin şəhərində yerləşən və Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan 12 nömrəli məktəbin, eləcə də digər vacib infrastruktur obyektlərinin Azərbaycan tərəfindən qısa müddətdə tam bərpa edilməsi humanitar diplomatiyamızın parlaq nümunəsidir.Dolayısı ilə, bu fəxri adın cənab Prezidentə təqdim olunması Ukrayna dövləti və yerli özünüidarəetmə orqanları tərəfindən Azərbaycanın göstərdiyi böyük humanitar yardımlara, sülhpərvər mövqeyə və fəal quruculuq missiyasına verilən rəsmi və hüquqi qiymətdir.Eyni zamanda bu addım Azərbaycanın xarici siyasətində dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqliyinin beynəlxalq aləmdə necə yüksək qiymətləndirildiyini nümayiş etdirir. Ölkəmiz hər zaman BMT Nizamnaməsi başda olmaqla, beynəlxalq hüquq sənədlərinə istinad edərək bütün dövlətlərin tanınan sərhədləri daxilində bütövlüyünü dəstəkləyib və bu prinsipial mövqeyini davam etdirir. İrpinin fəxri vətəndaşlığı həm də iki xalq arasında mövcud olan tarixi dostluq və həmrəylik əlaqələrinin institutlaşması, dövlətlərarası münasibətlərin insan hüquqları, sivilizasiyalararası dialoq və humanitar dəyərlər üzərində möhkəmlənməsi deməkdir. Bu mühüm hadisə bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təkcə Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada sabitliyin, quruculuğun və sülhün tərəfdarı kimi çıxış edən etibarlı beynəlxalq subyektdir”.
Ayşən Vəli