Donald Tramp ABŞ-ın Cənubi Koreya ilə hərbi təlimlərdə iştirakından narazı olduğunu bildirib və Pentaqona onları azaltmağı əmr edib. Ağ Ev rəhbəri Şimali Koreya lideri Kim Çen Inla "çox yaxşı münasibətlərini" və Seulun İranla müharibədə Vaşinqtonu dəstəkləməkdən imtina etməsini əsas gətirib.
"Şimali Koreya lideri Kim Çen Inla çox yaxşı münasibətlərimi nəzərə alsaq, ABŞ-ın çoxdan Cənubi Koreya ilə birgə hərbi təlimlərdə iştirak etməyə razılıq verməsindən narazıyam", - deyə Tramp Truth Social-da yazıb.
"Bu təlimlər təkcə baha başa gəlmir - həmişəki kimi ABŞ-ın hesabını ödəməsi ilə - onlar həm də Donald Trampın prezidentliyi dövründə heç bir təhlükə yaratmayan və hörmət göstərən bir ölkəyə tamamilə uyğunsuz və düşmən siqnalı göndərirlər. Onları ləğv etmək üçün çox gec olduğunu bilərək, Müdafiə naziri Pit Heqsetə birgə hərbi təlimləri əhəmiyyətli dərəcədə azaltmağı tapşırmışam", - deyə Ağ Ev rəhbəri əlavə edib.
Amerika lideri həmçinin Seulun İranla müharibədə ABŞ-ı dəstəkləməkdən imtina etdiyini də qeyd edib: “Bu yaxınlarda Cənubi Koreya prezidentindən İran İslam Respublikasının nüvəsizləşdirilməsində bizə qoşulub-qoşulmayacaqlarını soruşdum və onlar cavab olaraq "Xeyr, təşəkkür edirəm!" dedilər”.
Cənubi Koreya prezident administrasiyası Trampın şərhlərini nəzərdən keçirdiyini bildirib və əlavə edib ki, təlimlərlə bağlı detallar və "güclü vahid müdafiə mövqeyini qorumaq" barədə ABŞ ilə əməkdaşlığa davam edəcək.
CNN-in qeyd etdiyi kimi, Cənubi Koreya 70 ildən çoxdur ki, ABŞ-ın regiondakı yaxın müttəfiqidir. İki ölkənin əsasən Cənubi Koreyanı Şimali Koreyadan qorumaq üçün nəzərdə tutulmuş Qarşılıqlı Müdafiə Müqaviləsi var. Sənəd 1953-cü ildə Koreya müharibəsi bitdikdən sonra imzalanıb.
ABŞ və Cənubi Koreya tez-tez birgə hərbi təlimlər keçirirlər. Cənubi Koreya xaricdəki ən böyük Amerika hərbi bazası olan və on minlərlə ABŞ əsgərinin yerləşdiyi Camp Humphreys-ə ev sahibliyi edir.
İllik birgə Ulchi Azadlıq Qalxanı təlimləri 17 avqustda başlayıb və 10 gün davam etməsi planlaşdırılır. Reuters agentliyinin məlumatına görə, onlar Şimali Koreyanın inkişaf edən imkanlarına uyğunlaşmaq üçün hazırlanmış və dronlara qarşı mübarizə aparmaq üçün təlimlər, GPS maneələri və kiberhücumlar daxil idi.
Şimali Koreya uzun müddətdir ki, ABŞ-Cənubi Koreya hərbi təlimlərini tənqid edir. Ötən həftə Şimali Koreya Xarici İşlər Nazirliyi planlaşdırılan təlimləri "təcavüzkar müharibə üçün məşq" və ölkənin təhlükəsizliyinə "ciddi təhdid" adlandırdı.
İlham