19 avqust 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı “Partiya fəalları” layihəsi çərçivəsində Təzə Alvadı ərazi partiya təşkilatında fəallarla görüş keçirib.
Görüş iştirakçıları ilk öncə ərazidə yerləşən şəhidlər abidəsini ziyarət edərək, qəhrəmanlarımızın xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Görüş Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək diqqəti Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi və intibahı naminə göstərdiyi misilsiz, tarixi xidmətlərinə yönəldib. Çıxışçı xüsusi vurğulayıb ki, Ulu Öndərin dahi uzaqgörənliklə reallaşdırdığı daxili və xarici strategiya ölkəmizin milli dövlətçilik xəttinin sarsılmaz təməl daşını qoyub.
Seyfəddin Əliyev qeyd edib ki, dahi şəxsiyyətin zəngin siyasi irsi bu gün onun layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yeni, daha qüdrətli bir mərhələdə uğurla reallaşdırılır. Məhz bu daxili və xarici strateji kursun qətiyyətlə davam etdirilməsi nəticəsində Azərbaycan həm regionda, həm də qlobal arenada diktə edən tərəfə, müstəqil söz sahibinə çevrilmiş, öz iqtisadi və hərbi qüdrətini zirvəyə ucaltmışdır.
Təşkilat sədri diqqətə çatdırıb ki, Ümummilli Liderin ən ali məqsədi, müqəddəs arzusu və vəsiyyəti doğma torpaqlarımızın düşmən tapdağından azad edilməsi idi. Bu gün böyük qürur hissi ilə vurğulamaq olar ki, Prezident İlham Əliyevin sarsılmaz qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun rəşadəti və sarsılmaz xalq-ordu birliyi sayəsində ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Qazanılan bu tarixi və möhtəşəm Zəfər Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasi kursunun, onun dövlətçilik fəlsəfəsinin ən böyük təntənəsidir.
Sonra natiq qeyd edib ki, bu müqəddəs reallıqların, əldə olunan tarixi uğurların və Şanlı Qələbənin gənc nəslə aşılanmasında, eləcə də cəmiyyətdə geniş təbliğ olunmasında hər bir partiya üzvü xüsusi fəallıq nümayiş etdirməli, bu mühüm prosesdə hər zaman ön sıralarda addımlamalıdır.
Təzə Alvadı ərazi partiya təşkilatının sədri Fəxrəddin Məmmədov, Azərbaycan Respublikası Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhrəmanları İctimai Birliyinin Masallı Nümayəndəliyinin sədri Yavər Yusubov, partiya fəallarından Niyaz Mirzəyev və başqalarının çıxışları ilə davam edən görüşdə, Ümummilli Lider Heydər Əliyev tərəfindən irəli sürülən mütərəqqi ideyaların xalqımız üçün daşıdığı böyük əhəmiyyət önə çəkilib. Natiqlər öz nitqlərində dövlət rəhbəri İlham Əliyevin qətiyyətli idarəçiliyi sayəsində reallaşan bu müdrik xəttin ölkəmizi görünməmiş bir inkişaf və tərəqqi mərhələsinə yüksəltdiyini qeyd ediblər. Çıxış edənlər qazanılan hər bir nailiyyətin və əldə edilən uğurların məhz bu möhkəm dövlətçilik strategiyasının məntiqi bəhrəsi olduğunu xüsusi vurğulayıblar.
Sonda YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyevə Azərbaycan Respublikası Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhrəmanları İctimai Birliyi tərəfindən Fəxri Diplom təqdim olunub.