ABŞ prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner Misirdə Fələstin HƏMAS qrupunun nümayəndələri ilə Qəzza zolağı üçün Amerika sülh planının həyata keçirilməsi ilə bağlı danışıqlar aparıb. Bu barədə BBC-nin Fələstin rəsmisinə istinadən məlumat yayıb. Nəşr qeyd edir ki, görüş 16 avqustda baş tutub. HƏMAS nümayəndə heyətinə qrupun yeni lideri Xəlil əl-Həyya rəhbərlik edib. Danışıqlarda Trampın "Sülh Şurası"nın liderləri - Bolqarıstan diplomatı Nikolay Mladenov və Britaniyanın keçmiş baş naziri Toni Bleyer, eləcə də sülh prosesində vasitəçilik edən Misir, Qətər və Türkiyənin nümayəndələri iştirak edib.
Danışıqlar təxminən 90 dəqiqə davam edib. Amerika tərəfi yenidən HƏMAS-ı tamamilə tərksilah etməyə çağırıb və Vaşinqton və İsrailin razılaşmaları həyata keçirməyə hazırlıq bəyanatları deyil, konkret addımlar atmaq istədiyini vurğulayıb. Axios-un mənbəyə istinadən verdiyi məlumata görə, HƏMAS nümayəndələri Kuşnerdən qrupun əldə edilən razılaşmalara sadiq qaldığını Trampa çatdırmasını istəyiblər. Buna cavab olaraq, Amerika tərəfi əməli hərəkətə və yerinə yetirilmə zəmanətlərinə ehtiyac olduğunu bildirib.
Öz növbəsində, HƏMAS nümayəndələri Sülh Şurasını və vasitəçi ölkələri İsrailə sülh planının birinci mərhələsinin şərtlərini yerinə yetirməsi və ikinci mərhələ üçün yol xəritəsi barədə razılığa gəlməsi üçün təzyiq göstərməyə çağırdılar.
Görüşdən sonra rəsmi açıqlama verilməyib. Mövcud məlumata görə, tərəflər HƏMAS-ın tərksilah edilməsi, İsrail qoşunlarının Qəzza zolağından çıxarılması və humanitar yardımın göstərilməsi məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Kuşnerin HƏMAS rəhbərliyi ilə danışıqları 2025-ci ilin payızında Qəzza atəşkəs sazişi bağlandıqdan bəri bu səviyyədə ilk görüş olub.
Amerika planının həyata keçirilməsinə əsas maneə İsrailin mövqeyi olaraq qalır. Baş nazir Benyamin Netanyahu İsrail ordusunun HƏMAS tamamilə tərksilah edilənə qədər Qəzza zolağından çəkilməyəcəyini bildirib. "HƏMAS-ın tərksilah edilməli olduğunu deyəndə, ağır və yüngül silahları, bütün növ silahları nəzərdə tuturam. Biz saxta tərksilahdan yox, əsl tərksilahdan danışırıq".
Məlumat üçün qeyd etmək lazımdır ki, Sülh Şurasının təklif etdiyi plan 15 bənddən ibarətdir. Digər məsələlərlə yanaşı, sənəddə İsrail qoşunlarının geri çəkilməsi, silahlı qrupların tərksilah edilməsi və yeni mülki Fələstin Muxtariyyəti altında Qəzza zolağının bərpası tələb olunur. Netanyahu bildirib ki, İsrail planı hazırkı formada rədd edir.
İsrail HƏMAS-ın tam tərksilah edilməsinə zəmanət tələb edir, HƏMAS isə İsrailin razılaşmanın birinci mərhələsinin şərtlərinə əməl etməsində israr edir.
İlham