PDF Oxu

Siyasət

  • 1 312

“Rusiya Azərbaycanla bərabərhüquqlu tərəfdaş kimi danışmalıdır” - ŞƏRH

image

"Rusiya-Azərbaycan münasibətlərində son dövrlər müşahidə olunan gərginlik artıq diplomatik narazılıq çərçivəsindən çıxaraq informasiya müstəvisində açıq təzyiq kampaniyasına çevrilir. Rusiya mediasının ayrı-ayrı platformalarında Azərbaycana qarşı “ekstremist”, “terrorist” kimi ağır və qəbuledilməz ifadələrin işlədilməsi təsadüfi deyil. Bu, müəyyən dairələrin Azərbaycanla bağlı siyasi ritorikanı bilərəkdən sərtləşdirdiyini göstərir.

Burada əsas sual budur: Rusiya Azərbaycandan nə istəyir?

Məncə, Moskvanın əsas narahatlığı Azərbaycanın son illərdə xarici siyasətində daha müstəqil və çoxvektorlu xətt yürütməsi, milli maraqlarını daha qətiyyətlə müdafiə etməsi və regionda özünün geosiyasi çəkisini artırmasıdır. Azərbaycan artıq heç bir güc mərkəzinin təsir dairəsində olan ölkə kimi davranmır. Bakı həm Rusiya ilə münasibətləri qoruyur, həm Türkiyə ilə strateji müttəfiqliyi dərinləşdirir, həm ABŞ və Avropa ilə əlaqələri inkişaf etdirir, həm də Türk dünyasında fəal rol oynayır. Bu siyasət müəyyən Moskva dairələrində narahatlıq doğurur."Bu fikirləri SİA-ya açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert bildirib ki, digər mühüm məsələ Cənubi Qafqazın dəyişən geosiyasi xəritəsidir. Azərbaycan regionda yeni nəqliyyat, enerji və kommunikasiya layihələrinin əsas aktorlarından birinə çevrilib. Zəngəzur istiqaməti, Orta Dəhliz, Şərq-Qərb bağlantıları və Azərbaycanın Türk dünyası ilə artan inteqrasiyası regiondakı ənənəvi geosiyasi təsir mexanizmlərini dəyişir. Moskvanın narahatlığının bir hissəsi də məhz bununla bağlıdır.
Rusiya XİN-in “biz öz vətəndaşlarımızı müdafiə edəcəyik” arqumentinə gəldikdə isə burada prinsipial məsələ var ki, hər bir dövlət öz vətəndaşının hüquqlarını müdafiə edə bilər. Amma bu, başqa dövlətin daxili hüquqi proseslərinə siyasi təzyiq göstərmək və ya həmin ölkənin rəhbərliyinə qarşı dövlət mediası səviyyəsində qarayaxma kampaniyası aparmaq hüququ vermir.
Əgər Rusiya tərəfinin dediyi kimi, konkret şəxslərlə bağlı hüquqi suallar varsa, bunun ünvanı televiziya efirləri, siyasi tok-şoular və təhqiramiz ifadələr deyil, diplomatik və hüquqi mexanizmlərdir. “Səssiz-küysüz müzakirə edək” deyib paralel olaraq dövlətə yaxın media resurslarında Azərbaycanı hədəfə almaq isə tamamilə ziddiyyətli yanaşmadır.
"Düşünürəm ki, Azərbaycan mediasında Rusiyaya və Rusiya rəhbərliyinə qarşı hansısa tənqidi materialların yayımlanması da bu məsələyə bəraət qazandırmır. Birincisi, media tənqidi ilə dövlət siyasətini eyniləşdirmək düzgün deyil. İkincisi, Rusiyanın öz mediasında Azərbaycana qarşı səsləndirilən bəyanatların miqyası və ritorikası ilə ayrı-ayrı Azərbaycan media materiallarını eyni tərəziyə qoymaq obyektiv müqayisə deyil.
Moskva anlamalıdır ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Azərbaycan öz dövlətçilik institutlarını, iqtisadi imkanlarını, ordusunu və beynəlxalq tərəfdaşlıqlarını gücləndirmiş müstəqil dövlətdir. Rəsmi Bakı ilə danışıq dili təhdid və təhqir deyil, qarşılıqlı hörmət və bərabərhüquqlu dialoq olmalıdır.
Əgər Rusiya Azərbaycanla münasibətləri qorumaq istəyirsə, ilk növbədə informasiya müharibəsinin tonunu aşağı salmalıdır. Çünki iki ölkə arasında yaranmış problemləri televiziya ekranlarından “düşmən obrazı” yaratmaqla həll etmək mümkün deyil.
Azərbaycan heç kimin qarşısında geri çəkilən, milli maraqlarından imtina edən dövlət deyil. Biz əməkdaşlığa açığıq, dialoqa hazırıq, amma təzyiq dilini qəbul etmirik. Moskvanın qarşısında duran seçim də əslində budur ki, Azərbaycanla bərabərhüquqlu tərəfdaş kimi danışsın. Köhnə imperiya stereotipləri üzərindən təzyiq göstərməyi unudmaq lazımdır.
Hesab edirəm ki, yalnız bu yol Azərbaycan-Rusiya münasibətlərinin maraqlarına cavab verir."-deyə, B.Quliyev əlavə edib.

Digər xəbərlər