Dünən Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayte Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Litva dövləti başçısının rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi. Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti xanım Dalya Qribauskayteni qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Litva Prezidentinə raport verdi. Litvanın və Azərbaycanın dövlət himnləri səsləndi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Litva Prezidenti Azərbaycan əsgərlərini salamladı. Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Dalya Qribauskayteyə, Litva nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin və Litva Prezidenti Dalya Qribauskaytenin təkbətək görüşü
Dünən rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Litva Prezidenti Dalya Qribauskaytenin təkbətək görüşü olub. Prezident İlham Əliyev qonağı salamlayaraq bildirdi ki, ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir və bir çox sahəni əhatə edir: "Hörmətli xanım Prezident, xoş gəlmisiniz. Sizi Azərbaycanda görməyimə çox şadam. Bu, Sizin ölkəmizə ilk səfərinizdir. Əminəm ki, səfər çox uğurlu olacaq və biz çox maraqlı müzakirələr aparacağıq. Çünki ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir və bir çox sahəni əhatə edir. Ona da əminəm ki, Sizin səfəriniz bu əlaqələrin genişləndirilməsində, aramızdakı siyasi dialoqun və iqtisadi əlaqələrin dərinləşməsində vacib rol oynayacaqdır. Əlbəttə ki, biz regional əhəmiyyət daşıyan bir sıra məsələləri də müzakirə edəcəyik. Uğurlu nəticələr əldə edəcəyimizə əminəm. Bir daha Sizə "Azərbaycana xoş gəlmisiniz" deyirəm və ümid edirəm ki, ölkəmizə səfəriniz uğurlu olacaqdır."
Litva Prezidenti Dalya Qribauskayte təşəkkür edərək bildirib ki, o ATƏT-ə sədrlik edən bir dövlətin başçısı kimi Azərbaycana səfərə gəlməyi qərara alıb: "Dəvətinizə görə çox minnətdaram. Bir neçə ay əvvəl Sizinlə danışanda artıq qərara gəlmişdim ki, ATƏT-ə sədrlik edən bir dövlətin başçısı kimi Azərbaycana səfərə gələcəyəm. Bu halda söhbət, təbii ki, regional məsələlərdən gedirdi. İkitərəfli iqtisadi münasibətlərimizin yaxşı olduğunu nəzərə alaraq, müzakirə edə biləcəyimiz bir çox məsələlər, görəcəyimiz bir çox işlər vardır.
Avropa ilə apardığınız danışıqlardan, Tvininq layihəsi vasitəsilə verilən töhfədən, danışıqların aparılmasında təcrübə mübadiləsindən bəhrələnə bilərik. Biz Sizinlə təcrübə mübadiləsi aparmağa açığıq.
Sağ olun."
Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Dalya Qribauskayte mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək bildirib ki, Litva Azərbaycanın Avropaya inteqrasiya siyasətini daim dəstəkləyir: "Hörmətli xanım Prezident. Hörmətli qonaqlar.
Sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Əminəm ki, səfəriniz uğurlu olacaqdır. İkitərəfli münasibətlərimizə aid müxtəlif aspektlər, o cümlədən regional məsələlər ətrafında çox maraqlı müzakirələr oldu. Əminəm ki, bu müzakirələr regionda baş verən hadisələri, çağırışları və problemləri daha yaxşı anlamağa və irəliyə doğru hansı yolla gedəcəyimizi təsəvvür etməyə imkan yaradacaqdır. İkitərəfli münasibətlərə gəldikdə, bildirmək istəyirəm ki, onlar əladır. Bizim çox fəal siyasi dialoqumuz vardır. Beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq edirik. Litva Azərbaycanın Avropaya inteqrasiya siyasətini daim dəstəkləyir. Əminəm ki, xanım Prezidentin səfəri ölkələrimiz arasında siyasi münasibətləri daha da möhkəmləndirəcəkdir. Zənnimcə, iqtisadi sahədə əlaqələrimizin, xüsusən də işgüzar dairələr arasında birbaşa təmasların inkişafı üçün yaxşı potensial vardır. Bilirəm ki, hazırda qarşılıqlı maraq artmaqdadır. Biznes dairələrimiz tərəfindən Litvada müxtəlif sərmayə imkanları qiymətləndirilir. Hesab edirəm ki, gələcəyə nəzər salaraq iqtisadi əlaqələrimizin genişləndirilməsi üzərində düşünməliyik. Çünki iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır, bir-birini tamamlayır. Buna görə əminəm ki, yaxşı siyasi münasibətlərimiz biznes dairələrimizə daha fəal olmaq üçün bir işarə olacaqdır.
Nəqliyyat sektorunda yaxşı imkanlar vardır. Azərbaycan müxtəlif daşıma layihələrini həyata keçirməkdədir.
Bu layihələr yeni infrastirktru, quru, dəmir və hava yollarını yaradacaqdır. Həmçinin Xəzər dənizi vasitəsilə nəqliyyat məsələləri də bu halda nəzərdə tutulur. Bu, Baltik, Qara və Xəzər dənizləri regionları arasında nəqliyyat əməkdaşlığının bir hissəsi ola bilər. Bu, ölkələrimizin öz regionlarında olduqca mühüm rol oynadığı regional əməkdaşlıq siyasətini gücləndirəcəkdir. Bu gün biz, həmçinin enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik. Bildiyiniz kimi, Azərbaycan bu baxımdan daha fəal rol oynayır. Cari ilin yanvarında Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub" qaz dəhlizi haqqında birgə bəyannamə imzaladıq. Bu, irəliyə doğru atılan mühüm bir addım oldu. Bu, həmin sahədə daha geniş əməkdaşlığın qurulmasına əsas yaradacaqdır. Azərbaycanın nəhəng neft və qaz ehtiyatları vardır. Ölkəmiz artıq mövcud daşıma infrastrukturuna və karbohidrogenlərimizi müxtəlif istiqamətlərə nəql edən çox sayda boru kəmərinə malikdir. Bu sahədə Avropa ilə Azərbaycan arasında mövcud əməkdaşlıq qarşılıqlı faydaya əsaslanır. Əminəm ki, gələn illər ərzində bunun daha yaxşı nəticələrini görəcəyik. Əlbəttə ki, enerji sahəsində əlaqələr Avropa İttifaqı ilə əməkdaşlığımızın mühüm bir hissəsidir. Biz Azərbaycanın iştirak etdiyi "Şərq tərəfdaşlığı" Proqramına verdiyi dəstəyə görə Litvaya minnətdarıq. Təbii ki, bu gün biz regional təhlükəsizlik məsələlərini də müzakirə etdik. Bu məsələ, həmçinin ikitərəfli gündəliyimizin bir hissəsidir. Eyni zamanda, Litva hazırda ATƏT-ə sədrlik edən ölkədir. Münaqişənin həlli müzakirələrimizin bir hissəsi oldu. Uzun illərdir ki, Azərbaycan ilə Ermənistan arasındakı münaqişə həll olunmayıb. Minsk qrupu demək olar ki, 20 ildir fəaliyyət göstərir. Lakin indiyə qədər praktiki nəticələr yoxdur. Bu yaxınlarda ATƏT-in sahə qiymətləndirmə missiyası Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş və hesabat hazırlamışdır. Həmin hesabatda aydın şəkildə deyilir ki, işğal olunmuş ərazilərdə bütün infrastruktur dağıdılıb, qeyri-qanuni məskunlaşdırma faktları vardır. Rayonların tarixi adlarını, inzibati sərhədlərini dəyişmək cəhdləri və Ermənistanın işğalçı siyasəti ilə bağlı bir çox digər sübutlar vardır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin inzibati hüdudlarından kənarda yerləşən 7 rayonu da işğal altındadır. Biz etnik təmizləmə siyasətindən əziyyət çəkirik. Bir milyon azərbaycanlı öz doğma torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Əlbəttə ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməlidir. Mən xanım Prezidenti danışıqların hazırkı statusu, müzakirə olunan məsələlər barədə məlumatlandırdım. Ümidvarıq ki, Ermənistan ATƏT-in Minsk qrupunun təkliflərinə konstruktiv yanaşma nümayiş etdirməklə irəliyə doğru addım atacaq və Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmağa başlayacaqdır. Bundan sonra bölgədə sülh bərqərar ola bilər. Ermənistan ilə Azərbaycan arasındakı münaqişə regional təhlükəsizliyə və sabitliyə əsas təhdiddir. Bu münaqişənin beynəlxalq hüquq əsasında tezliklə həlli bütün tərəflərin marağındadır. "
Litva Prezidenti Dalya Qribauskayte çıxış edərək bildirib ki, Bakıya səfər etməsindən çox razıdır:
- Çox sağ olun. Əlbəttə, səfərimin ilk dəqiqələrindən artıq deyə bilərəm ki, səfərimdən çox razıyam. Çünki Prezidentlə onun qeyd etdiyi bütün məsələlər, ikitərəfli münasibətlərə, eləcə də Azərbaycan ilə Avropa arasında əlaqələrə aid məsələlər ətrafında, o cümlədən hamımızın üzləşdiyi problemlərin ATƏT çərçivəsində çözülməsinə dair çox səmimi söhbətimiz oldu. Qeyd olunan problemlərin həlli və əməkdaşlıq edəcəyimiz bütün sahələr nəinki ölkəniz, o cümlədən Avropa və ATƏT, bütövlükdə isə bütün dünya üçün vacibdir. Litva ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə gəldikdə, iqtisadi əlaqələrimizin təkmilləşməsindən çox razıyıq. Biznes dairələrimiz hər iki tərəfdən əməkdaşlıq imkanlarını araşdırıb, müəyyən ediblər. Səfirliklərimiz ölkələrimizdə müvafiq qaydada işləyirlər. Sizin səfiriniz bizim ölkədə, bizim səfirimiz isə sizin ölkədə fəal çalışırlar. Mən onları təbrik etmək istəyirəm. Onlar çox yaxşı iş görürlər. İşgüzar dairələrimiz hər iki ölkədə iş aparmaq imkanlarından çox məmnundurlar. Onların bizneslə məşğul olmaları üçün yaxşı şansları vardır. Dalya Qribauskayte Litvanın Avropa İttifaqına üzvlük sahəsində apardığı danışıqlardan əldə etdiyi təcrübəni Azərbaycan ilə bölüşməyə hazır olduğunu dedi. Azərbaycanda korrupsiyaya qarşı mübarizə proqramının həyata keçirilməsini müsbət qiymətləndirən Litva dövlətinin başçısı bu məsələnin, həmçinin onun ölkəsində gündəlikdə durduğunu bildirərək dedi: -Müəyyən müsbət addımlar vardır. Biz bunu, xüsusən də, yeni qəbul etdiyiniz korrupsiyaya qarşı proqramın həyata keçirilməsində görürük. Bu məsələ, həmçinin şəxsən mənim və ölkəmin gündəliyində duran məsələdir. Bu problem bu və ya digər dərəcədə hər bir ölkədə vardır. Sizin ölkənizdə Prezidentiniz tərəfindən bu proqramın başlanması çox yaxşı işarədir. Litva Prezidenti Azərbaycanın, eyni zamanda, Avropa üçün önəmli bir ölkə olduğunu xüsusi qeyd edərək dedi:
-Təbii qaz və digər enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsində ölkəniz Avropa üçün böyük əhəmiyyət kəsb edir. Bu münasibətlərin böyük gələcəyi vardır. Mən sadəcə olaraq arzulayaram ki, ölkəniz bundan tam istifadə etsin və bu məsələlər Avropa İttifaqının istənilən üzv ölkəsi ilə əlaqələrin daha da yaxşı olmasına töhfə versin. Ölkəmizin ən ağrılı probleminə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Dalya Qribauskayte problemin yalnız sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirərək dedi:
-Bu cür münaqişələr hər bir ölkəyə böyük itkilər verir. Mənəvi dəyərlərə, münasibətlərə, iqtisadiyyata çox pis təsir göstərir. Bu çətinlikləri aradan qaldırmaq olduqca mürəkkəbdir. Bunun üçün sizə səbir, açıq yanaşma və əlbəttə ki, sülhsevər münasibət lazımdır. Avropa və bütün dünya istəyir ki, münaqişələr dinc yolla həll edilsin. Bu məsələnin həllində Litva həm ATƏT-in, həm Avropa İttifaqının üzvü kimi, həm də ki, ikitərəfli formatda sizə bacardığı qədər kömək etməyə hazırdır. Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskaytenin şərəfinə rəsmi nahar verilib.