19 avqust 2026-cı il tarixdə YAP Xocavənd rayon təşkilatı və Xocavənd rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Davamlı şəhərsalma siyasəti: milli memarlıq ənənələri və müasir çağırışlar” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirin əsas məqsədi şəhərsalma və memarlıq sahəsində müasir yanaşmaların müzakirəsi, milli memarlıq irsinin qorunması və onun müasir şəhər mühitinə inteqrasiyası, eləcə də davamlı şəhərsalma siyasətinin əhəmiyyəti ilə bağlı fikir mübadiləsinin aparılması olub. Tədbirdə YAP Xocavənd rayon təskilatının sədri Vüsal Hüseynov və əməkdaşları, Xocavənd rayon İcra Hakimiyyəti başçısının müavini, idarə və təşkilatların əməkdaşları və gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov çıxışında şəhərsalma və memarlığın inkişafında milli memarlıq ənənələrinin qorunmasının vacibliyindən danışıb. Vüsal Hüseynov qeyd edib ki, şəhərlərin inkişafı yalnız yeni binaların və infrastrukturun yaradılması ilə məhdudlaşmamalı, eyni zamanda həmin ərazilərin tarixi, mədəni və memarlıq xüsusiyyətləri qorunaraq gələcək nəsillərə ötürülməlidir. O vurğulayıb ki, müasir şəhərsalma prosesində yeni texnologiyaların, ekoloji və enerji səmərəliliyi prinsiplərinin tətbiqi ilə yanaşı, tarixi-mədəni dəyərlərin qorunması da əsas prioritetlərdən biri olmalıdır. Vüsal Hüseynov şəhərlərin planlaşdırılması zamanı yaşıllıq ərazilərinin artırılması, insanların rahat və təhlükəsiz yaşayışı üçün əlverişli mühitin yaradılması, piyada və ictimai nəqliyyat imkanlarının inkişaf etdirilməsi kimi məsələlərin də nəzərə alınmasının vacibliyini diqqətə çatdırıb.
Vüsal Hüseynov çıxışında gənclərin bu prosesdə roluna da toxunaraq bildirib ki, şəhər mühitinin gələcək inkişafı ilə bağlı qərarların formalaşdırılmasında gənclərin fikir və təşəbbüslərinin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. O, gənclərin milli memarlıq irsinin öyrənilməsi, təbliği və qorunması istiqamətində fəal iştirakının təşviq edilməsinin vacibliyini qeyd edib.
Tədbirdə çıxış edən başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva çıxışında isə davamlı şəhərsalma siyasətinin müasir çağırışlar fonunda qarşıya qoyduğu vəzifələrdən bəhs edib. Çıxış zamanı şəhərlərin dayanıqlı inkişafı, müasir şəhərsalma prinsiplərinin tətbiqi və gələcək nəsillər üçün əlverişli şəhər mühitinin yaradılması istiqamətində həyata keçirilə biləcək tədbirlər diqqətə çatdırılıb. Dəyirmi masada gənclərin şəhərsalma və memarlıq məsələlərinə marağının artırılması da diqqət mərkəzində olub. Gənc könüllü Teybə Tağıyeva çıxışında gənclərin şəhər mühitinin inkişafı, milli memarlıq irsinin tanıdılması və qorunması prosesində fəal iştirakının vacibliyini qeyd edib. Tədbirdə mövzu ilə bağlı videorolik nümayiş etdirilib. Videorolikdə milli memarlıq irsinin xüsusiyyətləri, şəhər mühitinin müasir tələblərə uyğun inkişaf etdirilməsi və davamlı şəhərsalmanın əsas prinsipləri ilə bağlı məlumatlar təqdim olunub. İştirakçılar videorolik vasitəsilə milli memarlıq nümunələrinin qorunmasının və onların müasir şəhərsalma yanaşmaları ilə uzlaşdırılmasının əhəmiyyəti barədə əlavə məlumat əldə ediblər.
Tədbir iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıb, milli memarlıq ənənələrinin müasir şəhərsalma yanaşmaları ilə uzlaşdırılması və davamlı şəhər mühitinin formalaşdırılması istiqamətində qarşıda duran məsələləri müzakirə ediblər.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən bu kimi tədbirlər şəhərsalma və memarlıq sahəsində maarifləndirmənin gücləndirilməsinə, milli memarlıq irsinin qorunmasına və davamlı şəhər inkişafı ilə bağlı ictimai müzakirələrin genişləndirilməsinə xidmət edir.