PDF Oxu

Siyasət

  • 1 522

"Azərbaycan-Böyük Britaniya münasibətləri yeni mərhələyə qədəm qoyur" - MİLLƏT VƏKİLİ

image

"Azərbaycanla Böyük Britaniya arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması, mənim fikrimcə, ilk növbədə qarşılıqlı etimadın və uzun illər ərzində formalaşmış tərəfdaşlığın nəticəsidir. Bu münasibətlər yalnız siyasi və diplomatik əlaqələrlə məhdudlaşmır". Bu fikirləri SİA-ya açıqlaması zamanı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.Onun sözlərinə görə, burada Azərbaycanın iqtisadi inkişafı, enerji siyasəti, təhlükəsizliyi, yeni texnologiyalara çıxışı və regionda sülh gündəliyinə verdiyi töhfələr də mühüm yer tutur:"Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Böyük Britaniyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində nümayiş etdirdiyi mövqe ikitərəfli münasibətlərdə etimadın möhkəmlənməsinə ciddi təsir göstərdi. Azərbaycan üçün belə münasibətlərin əsas dəyəri ondadır ki, strateji tərəfdaşlıq çətin və həssas dövrlərdə özünü daha aydın göstərir. Bu gün həmin siyasi etimadın iqtisadi və texnoloji əməkdaşlıqla tamamlanması münasibətləri daha geniş müstəviyə çıxarır.Digər mühüm istiqamət enerji sahəsidir. Azərbaycan uzun illər Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkələrdən biri kimi çıxış edib. İndi isə qarşıdakı mərhələdə məqsəd yalnız ənənəvi enerji resurslarının ixracını artırmaqdan ibarət deyil. Xəzərin böyük külək potensialından, günəş enerjisindən və işğaldan azad edilmiş ərazilərimizin yaşıl enerji imkanlarından daha səmərəli istifadə etməklə Azərbaycanın yeni enerji xəritəsində mövqeyini gücləndirmək əsas hədəflərdəndir.Böyük Britaniya şirkətlərinin və maliyyə institutlarının bu prosesə cəlb olunması həm investisiya imkanlarını genişləndirir, həm də müasir texnologiyaların ölkəmizə gətirilməsi baxımından əhəmiyyət daşıyır. Mən iqtisadi əməkdaşlığın başqa bir tərəfini də xüsusi qeyd edərdim. Böyük Britaniya ilə əlaqələrin inkişafı Azərbaycan üçün yalnız yeni investisiyalar və ticarət imkanları yaratmır. Eyni zamanda biznes mədəniyyətinin, innovasiyaların, maliyyə mexanizmlərinin və yüksək texnologiyaların inkişafına əlavə imkanlar açır.Müdafiə sənayesi, aviasiya, rəqəmsal texnologiyalar, kibertəhlükəsizlik və digər müasir sahələrdə əməkdaşlıq Azərbaycanın insan kapitalının və texnoloji imkanlarının inkişafına da xidmət edə bilər. Burada azad edilmiş ərazilərin bərpasını da ayrıca vurğulamaq lazımdır. Böyük Britaniyanın bu prosesə göstərdiyi maraq və əməkdaşlıq imkanları həmin ərazilərin müasir şəhərsalma prinsipləri əsasında qurulmasına, yaşıl texnologiyaların tətbiqinə və iqtisadi fəallığın artırılmasına mühüm töhfə verə bilər. Bu, həm də Azərbaycanın Qarabağ və Şərqi Zəngəzuru gələcəyin müasir, təhlükəsiz və dayanıqlı yaşayış məkanlarına çevirmək siyasəti ilə uzlaşır.Bütün bunların fonunda mən Azərbaycan-Böyük Britaniya münasibətlərinə yalnız ikitərəfli əməkdaşlıq kimi baxmazdım. Azərbaycan Cənubi Qafqazda yeni reallıqların formalaşdığı bir mərhələdə özünün siyasi və iqtisadi imkanlarını daha geniş beynəlxalq tərəfdaşlıq sistemi ilə birləşdirir. Böyük Britaniya ilə münasibətlərin dərinləşməsi də bu siyasətin mühüm istiqamətlərindən biridir.Ən əsası isə budur ki, Azərbaycan bu tərəfdaşlıqda yalnız öz maraqlarını qoruyan tərəf kimi çıxış etmir. Ölkəmiz regionda sülhün, sabitliyin, enerji təhlükəsizliyinin və dayanıqlı inkişafın təmin olunmasına töhfə verən fəal aktor kimi mövqeyini gücləndirir. Məncə, Azərbaycanla Böyük Britaniya arasında münasibətlərin yeni mərhələsinin əsas mahiyyəti də məhz qarşılıqlı etimadın real layihələrə, iqtisadi imkanlara və uzunmüddətli strateji əməkdaşlığa çevrilməsidir".

Müəllif: Lətifə Musayeva

Digər xəbərlər