PDF Oxu

Siyasət

  • 9

Azərbaycanla Ukrayna arasında mehriban dostluq münasibətləri mövcuddur

Azərbaycanla Ukrayna arasında mehriban dostluq münasibətləri mövcuddur

Azərbaycan Respublikasına səfərə gələn Ukrayna Prezidenti Viktor Yanukoviçin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi. Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Viktor Yanukoviçi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Ukrayna Prezidentinə raport verdi. Ukraynanın və Azərbaycanın dövlət himnləri səsləndi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Ukrayna Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Viktor Yanukoviçə, Ukrayna nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.
Dövlət başçıları yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd etdilər.
Prezidentlər ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu bildirdilər, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə etdilər.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıldı.
Azərbaycan və Ukrayna Prezidentləri Şurasının üçüncü iclası
Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü başa çatandan sonra iki ölkənin Prezidentləri Şurasının üçüncü iclası olmuşdur. İclasda Azərbaycan və Ukrayna nümayəndə heyətlərinin üzvləri iştirak ediblər. Azərbaycan Prezidenti İlham Əliyev iclası açaraq bildirdi ki, Ukrayna ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsi regional kooperasiyanın da genişlənməsinə kömək edəcəkdir: "Hörmətli Viktor Fyodoroviç! Hörmətli qonaqlar! Sizi Azərbaycanda ürəkdən salamlayıram. Sizi ölkəmizdə görməyə çox şadam. Bu, Sizin Ukrayna Prezidenti kimi Azərbaycana ilk səfərinizdir. Əminəm ki, səfər uğurlu olacaq, yaxşı nəticələr əldə ediləcək, biz irəliyə doğru fəal hərəkət edəcəyik. Mən, həmçinin keçən il Sizin ölkənizə səfərim zamanı mənə göstərilmiş qonaqpərvərliyə görə təşəkkür etmək istəyirəm. Biz ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən etmişik. Bütün istiqamətlər üzrə fəal irəliləyirik. Hökumətlərarası Komissiya səmərəli işləyir, siyasi dialoq inkişaf edir. Bu gün Sizinlə təkbətək görüşdə biz münasibətlərimizin geniş gündəliyini müzakirə etdik. Lakin bu gün razılaşdırılmış gündəliyi Prezidentlər Şurasının iclasında da müzakirə edəcəyik. Gündəlik geniş, çox müfəssəl və konkretdir. Əminəm ki, Prezidentlər Şurasının iclasının yekunlarına əsasən biz öz münasibətlərimizin inkişafının sonrakı addımlarını müəyyən edəcəyik. Biz bu münasibətləri çox yüksək qiymətləndiririk, onların qədrini bilirik və əminik ki, Ukrayna ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsi regional kooperasiyanın da genişlənməsinə kömək edəcəkdir. Sizi bir daha ürəkdən salamlayıram və ümid edirəm ki, səfər uğurlu və xoş olacaqdır. Xoş gəlmisiniz!"
Sonra Ukrayna Prezidenti Viktor Yanukoviç çıxış edərək bildirdi ki, ölkələrimiz artıq çoxdandır ki, strateji tərəfdaşlardır: "Sağ olun, möhtərəm İlham Heydər oğlu! Hörmətli iclas iştirakçıları! İlham Heydər oğlu, mən ilk növbədə, Azərbaycan Respublikasına rəsmi səfərə dəvət edildiyimə və buraya gəlmək imkanıma görə Sizə minnətdarlığımı bildirmək istərdim. Bizim ölkələr artıq çoxdandır ki, strateji tərəfdaşlardır. Mən deyərdim, bu, bir-biri ilə çox yaxın olan iki ölkə arasnda münasibətləri necə qurmaq lazım olduğunu göstərən parlaq nümunədir. Biz ikitərəfli səviyyədə münasibətlərimizi çox uğurla inkişaf etdiririk. Bizim Hökumətlərarası Komissiya və altkomissiyalar gözəl işləyirlər. Onlar bütün istiqamətlər üzrə iş aparırlar. Keçən ilin yekunları bu işin nəticəsi olmuşdur. Bu səmərəli işin əyani nümunəsi belədir: ölkələrimiz arasında əmtəə dövriyyəsi artımı rekord səviyyəyə çatmışdır. Lakin bu, hələ son hədd deyildir. Əminəm ki, imkanlarımız bundan qat-qat genişdir. Bunu görmək mənə xoş oldu ki, Ukrayna Rusiyadan sonra Azərbaycanın ikinci ticarət tərəfdaşına çevrilmişdir. Bu, çox gözəl nəticədir."

Azərbaycan-Ukrayna sənədləri imzalanıb
Dünən Azərbaycan və Ukrayna Prezidentləri Şurasının üçüncü iclasından sonra Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub. "Azərbaycan Respublikası və Ukrayna Prezidentlərinin strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı barədə Birgə Bəyannaməsi"ni, "Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının üçüncü iclasının Protokolu"nu, "Azərbaycan Respublikası ilə Ukrayna arasında 2011-2015-ci illərdə Hərtərəfli Əməkdaşlığa dair Tədbirlər Planı"nı Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç imzaladılar.
Azərbaycan və Ukrayna prezidentlərinin birgə mətbuat konfransı
Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin birgə mətbuat konfransı olub.Dövlət başçıları jurnalistlər qarşısında bəyanatlarla çıxış etdilər. Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatında bir məqama diqqət verildi ki, artıq ölkələrimiz arasında ənənəvi çox mehriban dostluq münasibətləri mövcud olub və hazırda bu münasibətlərin inkişafı yeni mərhələyə qədəm qoyub, konkret məzmun kəsb edib:
"Çox hörmətli Viktor Fyodoroviç! Hörmətli qonaqlar, xanımlar və cənablar!
Viktor Fyodoroviç, Sizi Azərbaycanda ürəkdən salamlayıram. Bu, Sizin Ukrayna Prezidenti kimi ölkəmizə ilk səfərinizdir. Mən şadam ki, səfər çox uğurlu keçir, bu gün aparılan danışıqlar, fikir mübadiləsi bir daha ölkələrimizin və xalqlarımızın, dövlətlərimizin mövqelərinin nə qədər yaxın olduğunu göstərir. Ölkələrimiz arasında ənənəvi çox mehriban dostluq münasibətləri mövcud olmuşdur. Hazırda bu münasibətlərin inkişafı yeni mərhələyə qədəm qoymuş, konkret məzmun kəsb etmişdir. Münasibətlərimiz dinamizmi və əlaqələrimizi bütün istiqamətlərdə inkişaf etdirmək üçün qarşılıqlı əzmlə fərqlənir.
Siyasi baxımdan çox fəal dialoq aparırıq. Biz daim əlaqədəyik və rəsmi səfərlər mübadiləsi ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yüksək səviyyəsindən xəbər verir. Mən ötən ilin sonlarında Ukraynaya rəsmi səfərimi böyük səmimiyyətlə xatırlayıram. Təbii ki, qarşılıqlı səfərlər ölkələrimizin yaxınlaşmasına kömək edir. Biz, həmçinin beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. BMT, ATƏT, Avropa Şurası, MDB və digər beynəlxalq təşkilatlarda əməkdaşlığımız böyük əhəmiyyət kəsb edir. Bu gün biz iqtisadi, siyasi sahələrdə qarşılıqlı fəaliyyətlə bağlı çox geniş müzakirələr apardıq. Mən Ukrayna Prezidentinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət barədə məlumat verdim. Münaqişənin həllində prinsipial mövqeyinə görə Ukraynaya təşəkkürümü bildirmək istəyirəm. Bu mövqe bu gün imzalanan Birgə Bəyanatda da öz əksini tapmışdır. Bəyanatda deyilir ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ərazi bütövlüyü, suverenlik və dövlətlərin sərhədlərinin pozulmazlığı prinsipləri nəzərə alınmaqla nizama salınmalıdır.
Bu gün biz Prezidentlər Şurasının iclasında münasibətlərimizin iqtisadi hissəsini də müzakirə etdik, yaxşı rəqəmlər, nəticələr, əmtəə dövriyyəsinin artmasını gördük. Əlbəttə, əmtəə dövriyyəsinin sürətlə artması böyük nikbinlik və ümid doğurur. Bizim şirkətlər tərəfindən artıq həyata keçirilən investisiya layihələri də vardır. Əminəm ki, yaxın vaxtlarda onların həcmi artacaqdır. Hərbi-texniki sahədə əməkdaşlıq da ənənəvi formata malikdir. Bu gün biz iqtisadiyyatın bu mühüm seqmentində yeni keyfiyyət səviyyəsinə çıxırıq, əməkdaşlığın istiqamətlərini genişləndiririk. Əminəm ki, bu gün mövcud olan təcrübə qarşılıqlı faydalı hərbi-texniki əməkdaşlığı çox fəal inkişaf etdirməyə imkan verəcəkdir.

Bu əməkdaşlıq həm də birgə tədqiqatları və müştərək istehsalı nəzərdə tutur. Energetika sahəsində əməkdaşlıq münasibətlərimizin mühüm tərkib hissəsidir. Burada işlərimiz çox uğurla gedir. Bu artımın nə qədər sürətli olmasını görmək üçün Azərbaycandan Ukraynaya neft və neft məhsulları satışının həcminə dair keçən ilin statistikasına nəzər salmaq kifayətdir. Təkcə keçən il Ukraynaya təqribən 1,5 milyon ton Azərbaycan nefti nəql edilmişdir. Bu, ölkələrimiz arasında fəal və çox səmərəli əməkdaşlığın nəticəsi olan yeni layihədir. Bu məsələ uzun illər boyu diskussiya mərhələsində olmuşdur. Bu gün o, artıq özünün konkret həllini tapmışdır."
Ukrayna Prezidenti Viktor Yanukoviçin Bəyanatında isə bir məqama diqqət yetirildi ki, iki ölkənin dostluq münasibətləri tarixi köklərə əsaslanır:
"Hörmətli İlham Heydər oğlu! Ukraynanın və Azərbaycan Respublikasının nümayəndə heyətlərinin hörmətli üzvləri! Azərbaycan Respublikasının və Ukraynanın Prezidentləri Şurasının növbəti, üçüncü iclası indicə başa çatmışdır. Bundan əvvəl İlham Heydər oğlu ilə təkbətək formatda bir sıra məsələləri müzakirə etmişik. Biz indicə İlham Heydər oğlunun dediyi məsələlərin praktiki olaraq bütün spektrini, birgə planlarımızın həyata keçirilməsi mexanizmlərini çox ətraflı müzakirə etməyə müvəffəq olduq. Hörmətli İlham Heydər oğlu, demək istəyirəm ki, Bakının yeniləşmiş görkəmi məni ürəkdən sevindirir. Biz Bakıya gələn kimi imkan tapib həmkarlarımızla fikir mübadiləsi apardıq. Çünki mənim kimi, burada iştirak edənlərin əksəriyyəti son beş ildə Bakıda olmamışdır. Biz gördük ki, müxtəlif informasiya məlumatlarında, statistik nəşrlərdə deyilən tərəqqi göz qabağındadır. Bunlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı ilbəil çox yüksək sürətlə inkişaf edir. Bizim üçün bu, hər hansı kəskin daxili və xarici siyasi dəyişiklikləri qəbul etməyən dövlət idarəçiliyi sisteminin necə səmərəli işləyə bilməsini göstərən əyani nümunədir. Yəni, sabitlik dövlətin inkişafının əsasıdır. Əlbəttə, mənə çox xoşdur ki, Azərbaycanın Ukraynaya münasibətdə siyasəti də bu sabitliyin tərkib hissəsidir. Bu ənənələr hələ Heydər Əliyevlə başlanmışdır. Ukrayna üçün çox ağır illərdə Heydər Əliyev bizə kömək əlini uzatmışdır. O vaxt, 1990-cı illərdə Ukraynada yanacaq-sürtkü materialları yox idi. Azərbaycan həmin məhsulların əldə olunmasında Ukraynaya kömək etdi və biz ölkəmizdə kənd təsərrüfatı işlərini yanacaqla təmin etdik və bütövlükdə ölkəyə necə deyərlər, bir udum oksigen verdik. Ukrayna xalqı bunu unutmur, Heydər Əliyevin ruhu şad olsun. Ölkələrimiz arasında münasibətlərin əsasını təşkil edən ənənələr davam edir. Lakin əgər bu gün ölkələrimizin bu qədər böyük potensiala malik olduğu bir şəraitdə xalqlarımızın həyatını yaxşılaşdırmağın əsası olan iqtisadiyyatın səviyyəsini xeyli artırmaq vəzifəsini qarşıya qoymasaq, yəqin ki, haqlı olmarıq."
Ali qonağın şərəfinə
Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə səfərdə olan Ukrayna Prezidenti Viktor Yanukoviçin şərəfinə rəsmi ziyafət verilib. Dövlət başçıları ziyafətdə nitq söyləyiblər.

Digər xəbərlər