Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər. Dövlətimizin başçısı Prezident Şavkat Miromonoviç Mirziyoyevin Qarabağa investisiya cəlb edilməsində müstəsna rolunu bir daha qeyd edərək deyib: İlk yardım - Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinə investisiyalar Özbəkistandan gəldi. İlk böyük sənaye müəssisəsi də Özbəkistanla bağlıdır. Həm Qarabağ bölgəsində, həm də bir çox digər bölgələrdə əlavə qarşılıqlı fəaliyyət planları mövcuddur. Həmçinin diqqətəlayiqdir ki, bu gün bir çox layihənin, - düşünürəm ki, on, bəlkə də daha çox, - açılışı və ya təməlinin qoyulması ilə bağlı tədbirlər zamanı regional layihələr də olub.
Layihələr təkcə Bakı və Daşkənddə deyil, baxmayaraq ki, əsas diqqət şübhəsiz ki, bu şəhərlərə yönəlib, həmçinin digər bölgələrdə də həyata keçirilir. Dünən keçirilən regionlararası əməkdaşlıq forumu böyük praktik maraq doğurur. Yəni indi bir çoxlarının sevdikləri təbirlə desək, səyləri birləşdirərək sinerji yaradırıq. İrəliləmək üçün çox dəqiq fəaliyyət planımız var və hər bir layihə konkret məzmunla zəngindir. Buraya artıq üçdəbiri layihələrlə təmin olunmuş investisiya fondunu, Azərbaycanın turizm infrastrukturuna və avtomobil sənayesinə investisiya layihələrini də əlavə etsək, bu artıq milyardlara investisiya deməkdir.
İnvestisiyalar isə bir qayda olaraq, dost ölkələrə, bizim vəziyyətimizdə qardaş ölkələrə və adətən əlverişli investisiya mühitinin olduğu yerlərə yatırılır. Yenə də başladığım yerə qayıdıram. Şavkat Miromonoviçin böyük xidməti ondan ibarətdir ki, məhz o, öz islahatları, əzmkarlığı və müdrikliyi sayəsində həm beynəlxalq maliyyə qurumlarına, həm də qlobal aktorlara Özbəkistanı inkişafının uğurlu mərhələsində olan bir ölkə kimi görməyə imkan verən investisiya mühiti yaradıb.