PDF Oxu

Siyasət

  • 595

Azərbaycan-Özbəkistan qardaşlığı yeni inkişaf mərhələsində - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin müasir inkişaf dinamikasını, strateji tərəfdaşlığın mahiyyətini və gələcək əməkdaşlıq perspektivlərini əks etdirən mühüm siyasi mesajlarla zəngindir. Müsahibə Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri ərəfəsində verilməsi baxımından xüsusi əhəmiyyət daşıyır və Azərbaycan-Özbəkistan münasibətlərinin hansı istiqamətdə inkişaf etdiyini aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyev müsahibəsində Azərbaycan və Özbəkistanı birləşdirən əsas amillər sırasında ortaq tarixi, mədəniyyəti, dili, mənəvi dəyərləri, milli adət-ənənələri və xalqlar arasında əsrlər boyu formalaşmış qarşılıqlı rəğbəti xüsusi qeyd edib. Dövlət başçısının vurğuladığı kimi, məhz bu möhkəm mənəvi və tarixi təməl üzərində Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətləri son illərdə misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub və ən yüksək səviyyəyə – müttəfiqlik münasibətlərinə yüksəlib. Azərbaycan və Özbəkistan münasibətlərinin yüksək səviyyəyə çatmasında hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı etimadı mühüm rol oynayır. Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə münasibətlərini səmimi dostluq, qarşılıqlı hörmət və etimad üzərində qurulan əlaqələr kimi xarakterizə edib. Bu münasibətlər iki dövlət arasında siyasi dialoqun daha da möhkəmlənməsinə və konkret layihələrlə zənginləşməsinə şərait yaradıb. Son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin və çoxsaylı təmasların həyata keçirilməsi də əlaqələrin dinamik inkişafının göstəricisidir. Azərbaycan və Özbəkistan arasında münasibətlərin hüquqi-siyasi bazası da son illərdə əhəmiyyətli dərəcədə gücləndirilib. 2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ildə isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri çərçivəsində imzalanmış mühüm sənədlər, o cümlədən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasındakı əlaqələri yeni mərhələyə yüksəldib. Bu sənədlər Azərbaycan və Özbəkistanın qarşılıqlı münasibətlərinin siyasi və hüquqi əsaslarını daha da möhkəmləndirib. Müsahibədə diqqət çəkən mühüm məqamlardan biri də Azərbaycan və Özbəkistan arasında yaradılmış Ali Dövlətlərarası Şuranın roludur. 2023-cü ildə təsis edilən bu platforma iki ölkə arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi baxımından mühüm institusional mexanizmə çevrilib. Şuranın fəaliyyəti müxtəlif istiqamətlər üzrə əməkdaşlığın əlaqələndirilməsinə, yeni təşəbbüslərin irəli sürülməsinə və uzunmüddətli prioritetlərin müəyyənləşdirilməsinə imkan yaradır. Azərbaycan-Özbəkistan əməkdaşlığı yalnız siyasi münasibətlərlə məhdudlaşmır. İki ölkə arasında iqtisadiyyat, investisiya, nəqliyyat, energetika, sənaye, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq genişlənir. Bu baxımdan qarşılıqlı investisiyaların artırılması və birgə layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Tərəflərin qarşılıqlı iqtisadi əlaqələri sadəcə ticarət dövriyyəsinin artırılmasına deyil, birgə istehsal və investisiya layihələrinin reallaşdırılmasına da istiqamətlənir. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə Azərbaycan-Özbəkistan münasibətlərinin regional əhəmiyyətini daha da artırır. Azərbaycan və Mərkəzi Asiya arasında əlaqələrin genişlənməsi, Xəzər üzərindən nəqliyyat imkanlarının artırılması və Orta Dəhlizin inkişafı hər iki ölkə üçün yeni iqtisadi perspektivlər yaradır. Azərbaycan öz coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və həyata keçirdiyi layihələrlə Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışında mühüm tranzit tərəfdaş kimi çıxış edir. Müsahibədə Özbəkistanın son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlər də yüksək qiymətləndirilib. Prezident İlham Əliyev ölkədə müasir şəhərlərin salınmasını, iqtisadiyyatın şaxələndirilməsini, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsini, elmə, təhsilə, mədəniyyətə və idmana göstərilən diqqəti ölkənin sürətli inkişafının mühüm göstəriciləri kimi qeyd edib. Bu yanaşma iki ölkənin inkişaf təcrübələrinin öyrənilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün də əlverişli imkanlar yaradır. Azərbaycan-Özbəkistan münasibətlərində humanitar və mədəni əlaqələr də xüsusi yer tutur. Azərbaycan və özbək xalqları arasında əsrlərdən gələn ədəbi-mədəni bağlar bu gün yeni layihələrlə daha da möhkəmlənir. Nizami Gəncəvi, Əlişir Nəvai və digər böyük ədəbi şəxsiyyətlərin yaradıcılığı iki xalqın ortaq mədəni irsinin zənginliyini nümayiş etdirir. Təhsil və elm sahəsində əlaqələrin genişlənməsi isə bu dostluğun gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir. Prezident İlham Əliyevin UzA-ya müsahibəsində səsləndirdiyi fikirlər həmçinin Azərbaycan və Özbəkistanın daha geniş regional əməkdaşlıq perspektivlərinə malik olduğunu göstərir. Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi və humanitar əlaqələrin dərinləşməsi Türk dünyasında əməkdaşlıq imkanlarının genişlənməsinə də mühüm töhfə verir. Müsahibədən cəmi iki gün sonra – 23 avqust 2026-cı ildə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində keçirilən görüşlər və tədbirlər müsahibədə səsləndirilən fikirlərin praktik müstəvidə davamı oldu. Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclasının keçirilməsi, müxtəlif sənədlərin imzalanması, birgə layihələrin açılış və təməlqoyma mərasimlərinin təşkil olunması iki ölkə arasındakı əməkdaşlığın konkret nəticələrlə müşayiət olunduğunu nümayiş etdirdi. Eyni zamanda, Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməlinin qoyulması, Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışında iştirak edilməsi kimi hadisələr Azərbaycan-Özbəkistan münasibətlərinin yalnız siyasi və iqtisadi deyil, həm də mədəni, təhsil və şəhərsalma sahələrində yeni layihələrlə zənginləşdiyini göstərir. Beləliklə, Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü vəziyyətini və gələcək inkişaf istiqamətlərini əks etdirən mühüm siyasi mənbə kimi qiymətləndirilə bilər. Müsahibədə səsləndirilən fikirlər göstərir ki, iki ölkə arasında münasibətlər tarixi və mənəvi yaxınlıqdan güc alan, siyasi etimad və qarşılıqlı maraqlar əsasında inkişaf edən hərtərəfli müttəfiqlik modelinə çevrilib.

Bu gün Azərbaycan və Özbəkistanın münasibətləri iki qardaş xalqın tarixi dostluğunun müasir dövlətlərarası əməkdaşlıq formatında uğurlu davamıdır. Qarşılıqlı səfərlər, siyasi dialoq, iqtisadi layihələr, nəqliyyat əlaqələri, humanitar əməkdaşlıq və birgə təşəbbüslər bu münasibətlərin uzunmüddətli və strateji xarakter daşıdığını təsdiqləyir. Şübhəsiz ki, Azərbaycan və Özbəkistan arasında möhkəmlənən müttəfiqlik münasibətləri gələcəkdə də həm iki ölkənin inkişafına, həm də regionda sülh, sabitlik və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfələr verəcək.

Lalə Məmmədova

YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər