PDF Oxu

Siyasət

  • 365

Strateji tərəfdaşlıqdan yeni mərhələyə - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki ölkə arasında gündən-günə möhkəmlənən strateji tərəfdaşlığın, dərin tarixi-mədəni tellərin və gələcəyə yönəlmiş birgə proqramların hərtərəfli təhlili baxımından böyük siyasi və ideoloji əhəmiyyət kəsb edir. Dövlət başçısı müsahibəsində ikitərəfli əlaqələrin hazırkı yüksək səviyyəsini, iqtisadi-ticari əməkdaşlığın dinamikasını, nəqliyyat-logistika imkanlarını, azad edilmiş ərazilərin bərpasında Özbəkistanın dəstəyini və Türk dünyası çərçivəsində inteqrasiya proseslərini geniş şəkildə şərh edib.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları xüsusi olaraq vurğulayıb ki, Azərbaycan və Özbəkistan xalqlarını əsrlər boyu davam edən sarsılmaz dostluq, qardaşlıq və ortaq mənəvi köklər birləşdirir. İki ölkə arasında formalaşan bu möhkəm təməl müstəqillik illərində daha da möhkəmlənərək strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Dövlət başçımız qeyd edib ki, liderlər arasındakı qarşılıqlı etimad, dostluq münasibətləri və müntəzəm xarakter alan yüksək səviyyəli səfərlər ikitərəfli əlaqələrin inkişafında aparıcı drayver rolunu oynayır. Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması isə bu əlaqələri rəsmi olaraq ən yüksək zirvəyə qaldırıb.
Müsahibədə iqtisadi sahədə əldə olunmuş uğurlar və gələcək hədəflər ətraflı təhlil edilib. Son illərdə ticarət dövriyyəsinin həcmində kəskin artım müşahidə olunur. Avtomobilqayırma, tekstil, kənd təsərrüfatı, ipəkçilik və kimya sənayesi kimi sahələrdə sənaye kooperasiyası uğurla genişləndirilir. Həm Azərbaycanda, həm də Özbəkistanda birgə müəssisələrin yaradılması iki ölkənin istehsal potensialını artırır. İki dövlət tərəfindən təsis edilən birgə İnvestisiya Fondu isə strateji əhəmiyyətli layihələrin maliyyələşdirilməsinə, iqtisadiyyatın diversifikasiyasına və yeni iş yerlərinin açılmasına birbaşa xidmət edir.
Qlobal nəqliyyat marşrutlarının yenidən formalaşdığı bir dövrdə Azərbaycan və Özbəkistanın strateji coğrafi mövqeyi xüsusi çəkiyə malikdir. Prezident İlham Əliyev cənabları müsahibədə Orta Dəhliz layihəsinin reallaşdırılmasında hər iki dövlətin həlledici rolunu qeyd edib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Özbəkistanın nəqliyyat infrastrukturu vahid logistik zəncir yaradaraq Mərkəzi Asiya, Qafqaz və Avropa arasında yükdaşımaların həcmini və sürətini dəfələrlə artırmağa imkan verir. Bu əməkdaşlıq regionun Avrasiya məkanında əvəzsiz nəqliyyat qovşağına çevrilməsini təmin edir.
Müsahibədə mədəni-humanitar sahədə aparılan işlər və xalqlararası yaxınlaşma geniş yer alıb. Prezident Özbəkistan rəhbərliyinə və qardaş özbək xalqına işğaldan azad edilmiş Füzuli şəhərində inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbə görə dərin minnətdarlığını bildirib. Bu nəcib adım özbək xalqının Azərbaycan ilə mənəvi qardaşlığının və Qarabağın bərpası prosesində nümayiş etdirdiyi həqiqi həmrəyliyin əməli təzahürü kimi dəyərləndirilib. İki ölkə arasında keçirilən Mədəniyyət Günləri, birgə media proqramları və təhsil mübadilələri bu bağları daha da sarsılmaz edir.
Dövlət başçısı Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlığın vacibliyinə də diqqət çəkib. Azərbaycan və Özbəkistanın TDT çərçivəsində birgə təşəbbüslərlə çıxış etməsi Türk dünyasının birliyini, təhlükəsizliyini və iqtisadi gücünü artıran əsas sütunlardan biridir. Təşkilatın beynəlxalq nüfuzunun artması iki ölkənin ortaq maraqlarının global müstəvidə müdafiə olunmasına şərait yaradır.
Yekun olaraq, Cənab Prezidentimiz İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi Bakı və Daşkənd arasında strateji tərəfdaşlığın yalnız regional deyil, qlobal miqyasda da mühüm geosiyasi və iqtisadi faktor olduğunu bir daha sübut edir. Bu müsahibə iki qardaş ölkənin gələcək birgə inkişaf, tərəqqi və təhlükəsizlik strategiyasının aydın yol xəritəsidir.

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Digər xəbərlər