Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin azad edilməsindən 4 il ötür. 2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Laçın şəhərinin nəzarətə götürülməsi ilə bağlı xalqımıza müjdə verdi. Artıq dördüncü ildir ki, 26 avqust tarixi ölkəmizdə Laçın Şəhəri Günü kimi qeyd olunur”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması tariximizə qızıl hərflərlə yazılıb. Böyük strateji əhəmiyyətə malik 1 şəhər, 1 qəsəbə və 125 kənddən ibarət Laçın rayonu 1992-ci il may ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.Millət vəkili xatırladıb ki, Laçın işğal olunan ərəfədə respublikamızda hakimiyyət uğrunda mübarizə gedirdi. Xüsusilə, Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlmək üçün bütün vasitələrə əl atırdı. Bu məqsədlə cəbhədə olan hərbçilər və döyüş texnikaları müharibə zonalarından paytaxta gətirilirdi. Yaranmış təhlükə ilə bağlı cəmiyyətin sağlam təbəqələrinin çağırışlarına əhəmiyyət verilmirdi. Nəticədə 1992-ci il mayın 15-də AXC-nin hakimiyyəti qanunsuz olaraq ələ keçirməsindən 3 gün sonra Laçın işğal edildi. AXC-Müsavat cütlüyünün rəhbərliyi qısa müddət ərzində Laçını geri qaytaracaqlarını xalqa vəd etsələr də, nəinki bunu bacarmadılar, əksinə başqa torpaqlarımız da işğal olundu.Ermənistan isə işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub. Belə əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verib.Pərvin Kərimzadə söyləyib ki, 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoyuldu. Üçtərəfli Bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. Belə bir zamanda da Laçının işğalına səbəb olan qüvvələr, o vaxtkı hakimiyyət – indiki radikal müxalifət qələbəmizə kölgə salmağa çalışır, Laşın şəhərinin koridor kimi qalmasını “məğlubiyyət” kimi təqdim edirdilər. Onlar bu yolla şəhidlərimizin qanı hesabına qazanılan şanlı Zəfərin önəminə xələl gətirməyə çalışırdılar. Radikallar ictimai rəyi çaşdırmağa yönələn nə qədər cəhdlər göstərsə də, məqsədlərinə nail olmadılar. Çünki xalqımız öz Liderinnə və ordumuza inanırdı. Bu səbəbdən də, radikalların ictimaiyyəti aldatmaq cəhdləri iflasa uğradı. 2022-ci ilin avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndlərinin ordumuzun tərəfindən nəzarətə götürülməsni xalqımız coşğu ilə qarşıladı, amma həmin radikallar məyus oldular. Belələrinə isə “sapı özümüzdən olan baltalar” adı daha uyğun gəlir.Deputat qeyd edib ki, Laçının işğaldan azad edilməsi Azərbaycanın hərbi və diplomatik qələbəsi oldu. 30 ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna dəfələrlə səfər edib. Hər səfər zamanı Laçın yenidən qurulmasını özündə ifadə edən təməllər atılıb, açılışlar edilib. Prezident İlham Əliyev Laçına səfərlərinin birində aparılan quruculuq işlərindən bəhs edərək deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.“İqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən olan Laçın şəhəri hər zaman regionun vacib yaşayış məntəqəsi kimi qəbul edilib. Təbii ehtiyatları ilə fərqlənən rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. Rayonun ermənilər tərəfindən dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası imkan verəcək ki, həm Laçının potensialı artsın, həm də rayon tam olaraq bərpa edilsin. Artıq məskunlaşma, yəni Böyük Qayıdış prosesi ilə pararlel olaraq Laçının inkişafını da müşahidə edirik. Belə ki, Laçına yüzlərlə ailə köçürülüb, xeyli iş yerləri açılıb. Bu proses uğurla davam etməkdədir. 26 avqust tariximizdə hər zaman Laçın Şəhəri Günü kimi qeyd olunacaq. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasət nəticəsində işğaldan azad olmuş torpaqlarımız qısa müddətdə bərpa olunacaq və daimi sakinlərinin yurd yerinə çevriləcək”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.