Azərbaycan Prezidenti İlham Əliyevin 21 avqust 2026-cı ildə Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin bugünkü mənzərəsini və gələcək perspektivlərini əhatə edən mühüm siyasi mesajlarla zəngindir. Müsahibə Azərbaycan–Özbəkistan əlaqələrinin sadəcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, daha geniş regional və beynəlxalq müstəvidə strateji əhəmiyyət daşıdığını bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyevin müsahibəsində xüsusi vurğuladığı əsas məqamlardan biri Azərbaycan və Özbəkistan arasında münasibətlərin ən yüksək – müttəfiqlik səviyyəsinə yüksəlməsidir. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, mənəvi dəyərlər və xalqlarımız arasında əsrlər boyu formalaşmış qarşılıqlı rəğbət dayanır. Dövlətlərarası münasibətlərin belə möhkəm mənəvi-siyasi baza üzərində inkişaf etməsi onların davamlı və uzunmüddətli xarakterini şərtləndirir.
Son illərdə Azərbaycan və Özbəkistan rəhbərləri arasında qarşılıqlı səfərlərin və siyasi təmasların intensivləşməsi də bu münasibətlərin dinamikliyini göstərir. Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə dostluq, qarşılıqlı hörmət və etimadın iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsində xüsusi rol oynadığını qeyd edib. 2024-cü ildə Azərbaycanın Özbəkistana dövlət səfəri, 2025-ci ildə isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı imzalanmış strateji sənədlər müttəfiqlik münasibətlərinin hüquqi və siyasi əsaslarını daha da gücləndirib.
Münasibətlərin mühüm dayaqlarından biri iqtisadi əməkdaşlıqdır. Müsahibədə səsləndirilən rəqəmlər Azərbaycan–Özbəkistan iqtisadi əlaqələrinin sürətlə genişləndiyini göstərir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 795 milyon dollara çatıb. 2026-cı ilin ilk beş ayında isə ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollar təşkil edib. 500 milyon dollarlıq Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti də qarşılıqlı sərmayələrin artırılması üçün mühüm imkan yaradır.
İqtisadi münasibətlər nəqliyyat və logistika sahəsində əməkdaşlıqla da tamamlanır. İki ölkə arasında tranzit daşımalarının artması Azərbaycan və Özbəkistanın Şərqlə Qərb arasında formalaşan yeni nəqliyyat xəritəsində mövqeyini gücləndirir. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası isə gələcəkdə regionun tranzit potensialını daha da artırmaq imkanına malikdir.
Yaşıl enerji sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaradılmış “Yaşıl Dəhliz Birliyi” gələcəkdə bərpaolunan enerjinin ixracı və Xəzər dənizinin dibi ilə nəqli kimi strateji layihələrin həyata keçirilməsinə xidmət edə bilər. Bu istiqamət yalnız enerji təhlükəsizliyi deyil, həm də regionun dayanıqlı inkişafı baxımından mühüm perspektivlər açır.
Azərbaycan–Özbəkistan münasibətlərinin daha bir mühüm istiqaməti mədəni-humanitar əməkdaşlıqdır. Mədəniyyət günləri, təhsil proqramları, media və QHT forumları, qardaşlaşmış şəhərlər və digər layihələr xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Füzulidə Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına məktəb isə iki ölkə arasındakı qardaşlığın konkret nümunələrindən biridir.
Müsahibədə Türk Dövlətləri Təşkilatının roluna da geniş yer ayrılıb. Azərbaycan və Özbəkistanın TDT çərçivəsində əməkdaşlığı türk dünyasında siyasi, iqtisadi və mədəni inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirak etməsi isə regional əməkdaşlığın coğrafiyasını genişləndirən mühüm hadisədir. Beləliklə, əvvəllər “C5” formatında olan əməkdaşlığın faktiki olaraq “C6” formatına keçməsi Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin strateji əhəmiyyətini bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin müsahibəsi göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq ənənəvi dostluq əlaqələrindən daha yüksək mərhələyə yüksəlib. Bu münasibətlər siyasi etimad, iqtisadi qarşılıqlı fayda, nəqliyyat bağlantıları, enerji əməkdaşlığı və ortaq mədəni dəyərlərlə möhkəmlənir. Bu gün Azərbaycan və Özbəkistan yalnız iki qardaş dövlət deyil, eyni zamanda Avrasiya məkanında yeni əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verən strateji tərəfdaşlardır. Qarşıdakı dövrdə bu münasibətlərin daha da dərinləşməsi həm iki xalqın rifahına, həm də regionda sülh, sabitlik və davamlı inkişafın möhkəmlənməsinə mühüm töhfə verəcək.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri