PDF Oxu

Siyasət

  • 941

Azərbaycan və Mərkəzi Asiya: strateji tərəfdaşlıqdan ortaq gələcəyə - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə – UzA-ya verdiyi müsahibə ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin müasir mərhələsinə və gələcək inkişaf perspektivlərinə dair mühüm mesajlarla zəngin olub. Dövlət başçısı müsahibəsində Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyəsini, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı, nəqliyyat və logistika imkanlarını, eləcə də Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında getdikcə genişlənən əlaqələri diqqətə çatdırıb.
Prezident İlham Əliyevin fikirlərindən aydın görünür ki, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmır. Bu əlaqələrin təməlində əsrlər boyu formalaşmış tarixi, mədəni və mənəvi yaxınlıq dayanır. Ortaq dəyərlər, adət-ənənələr, türk dünyasının zəngin irsi və xalqlar arasında qarşılıqlı rəğbət Azərbaycanla Mərkəzi Asiya ölkələrini birləşdirən mühüm amillərdir.
Dövlət başçısı xüsusilə vurğulayıb ki, son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri müttəfiqlik, strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında dinamik şəkildə inkişaf edib. Bu dinamika siyasi dialoqun genişlənməsində, qarşılıqlı səfərlərin intensivləşməsində, iqtisadi əlaqələrin dərinləşməsində və çoxtərəfli əməkdaşlığın yeni formatlarının yaranmasında özünü göstərir.
Azərbaycanın region ölkələri ilə münasibətlərində nəqliyyat və logistika xüsusi yer tutur. Azərbaycanın Cənubi Qafqazda, Mərkəzi Asiya dövlətlərinin isə regionda yerləşməsi onları Şərqlə Qərbi birləşdirən beynəlxalq nəqliyyat marşrutlarının təbii tərəfdaşlarına çevirir. Bu baxımdan Orta Dəhlizin inkişafı və onun Mərkəzi Asiyanın nəqliyyat infrastrukturu ilə əlaqələndirilməsi böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası region üçün yeni tranzit və iqtisadi imkanlar yarada bilər.
Mərkəzi Asiya ilə əlaqələrin inkişafında iqtisadi əməkdaşlıq da mühüm istiqamətdir. Azərbaycan region ölkələri ilə ticarət, investisiya, sənaye, kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Özbəkistanla həyata keçirilən birgə layihələr, o cümlədən işğaldan azad edilmiş Füzuli rayonunda salınan “Dostluq bağı”, avtomobil və avtobus istehsalı sahəsində əməkdaşlıq bu münasibətlərin praktik nəticələrini nümayiş etdirir.
Müsahibədə Azərbaycan-Özbəkistan münasibətlərinə xüsusi yer ayrılması təsadüfi deyil. Prezident İlham Əliyev Azərbaycanla Özbəkistan arasında münasibətlərin ən yüksək – müttəfiqlik səviyyəsinə yüksəldiyini bildirib. İki ölkəni ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərlə yanaşı, qarşılıqlı etimad və siyasi iradə də birləşdirir. Son illərdə dövlət başçıları arasında intensiv təmaslar və qarşılıqlı səfərlər əlaqələrin möhkəmlənməsinə ciddi təkan verib.
Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq isə Azərbaycan-Mərkəzi Asiya münasibətlərinə daha geniş regional və beynəlxalq məzmun qazandırır. Ortaq türk irsinin qorunması, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi, beynəlxalq platformalarda qarşılıqlı dəstəyin gücləndirilməsi Türk dünyasının inteqrasiyasına mühüm töhfə verir. Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv olması da bu baxımdan əhəmiyyətli hadisə kimi qiymətləndirilir.
Bütün bunlar göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Siyasi etimad, iqtisadi maraqlar, nəqliyyat imkanları, enerji əməkdaşlığı və ortaq tarixi-mədəni dəyərlər bu tərəfdaşlığın əsas dayaqlarıdır. Azərbaycanın fəal xarici siyasəti və Mərkəzi Asiya ölkələrinin regionlararası əməkdaşlığa artan marağı qarşıdakı illərdə əlaqələrin daha da dərinləşməsi üçün geniş imkanlar açır.
Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi fikirlər bir daha təsdiq edir ki, Azərbaycan üçün Mərkəzi Asiya sadəcə coğrafi məkan deyil. Bu region ölkəmizin tarixi, mədəni və strateji bağlarla sıx əlaqəli olduğu, eyni zamanda gələcək iqtisadi və nəqliyyat imkanlarının formalaşmasında mühüm rol oynayan tərəfdaşlıq məkanıdır. Qarşılıqlı etimad və ortaq maraqlar üzərində qurulan bu münasibətlər həm Azərbaycanın, həm Mərkəzi Asiyanın, həm də bütövlükdə Türk dünyasının inkişafına xidmət edən mühüm strateji istiqamət olaraq qarşıdakı dövrdə daha da möhkəmlənəcək.

Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər