PDF Oxu

Siyasət

  • 561

İqtisadi tərəfdaşlıqdan humanitar qardaşlığa: Azərbaycan–Özbəkistan əlaqələrinin çoxşaxəli inkişafı - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi iki ölkə arasında münasibətlərin yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmadığını, humanitar, mədəni, təhsil, media və regionlararası əlaqələr istiqamətində də sürətlə inkişaf etdiyini göstərir. Müsahibənin mühüm siyasi məqamlarından biri məhz dövlətlərarası münasibətlərin xalqlar arasında qardaşlıq bağları ilə tamamlanmasıdır.

Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan tarixi-mədəni yaxınlıq iki ölkənin müasir münasibətlərinin ən mühüm dayaqlarındandır. Eyni dil ailəsinə mənsubiyyət, ortaq tarix, zəngin mədəni irs, adət-ənənələr və mənəvi dəyərlər xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır.

Prezident İlham Əliyev müsahibəsində mədəni-humanitar əməkdaşlığı ikitərəfli münasibətlərin ayrılmaz və vacib sahəsi kimi xarakterizə edib. Son illərdə keçirilən mədəniyyət günləri, incəsənət tədbirləri, elmi konfranslar, ədəbi layihələr və təhsil proqramları xalqlar arasında qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə xidmət edir.

2023 və 2025-ci illərdə Azərbaycan Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü ildə isə Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi edilib. Xivədə “Şuşa Günləri”nin keçirilməsi isə Qarabağ həqiqətlərinin, Azərbaycan mədəniyyətinin və Şuşanın türk dünyasının mədəni məkanındakı yerinin tanıdılması baxımından əhəmiyyətli hadisədir.

Mədəni əlaqələrin mühüm rəmzlərindən biri də Bakıda yaradılan “Özbəkistan” parkıdır. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev tərəfindən təməli qoyulan bu park iki xalqın dostluğunun və qardaşlığının rəmzinə çevrilməkdədir.

Təhsil sahəsində əməkdaşlıq da xüsusi diqqət çəkir. 2025–2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşının Azərbaycanda, Azərbaycanın 176 vətəndaşının isə Özbəkistanda təhsil alması iki ölkə arasında insan kapitalının inkişafı baxımından mühüm göstəricidir. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilmiş Mirzə Uluqbəy adına orta məktəb isə qardaşlıq münasibətlərinin konkret və əyani nümunəsidir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Özbəkistanın həyata keçirdiyi layihələr də iki ölkə arasındakı münasibətlərin səmimi və qarşılıqlı dəstəyə əsaslandığını göstərir. Bu layihələr yalnız tikinti və infrastruktur baxımından deyil, mənəvi-siyasi baxımdan da mühüm əhəmiyyət daşıyır.

Media sahəsində əməkdaşlığın inkişafı da diqqətəlayiqdir. 2024-cü ildə Daşkənddə birinci Özbəkistan–Azərbaycan Media Forumunun, 2025-ci ildə Bakıda ikinci Azərbaycan–Özbəkistan Media Forumunun keçirilməsi media qurumları arasında təcrübə mübadiləsinin və qarşılıqlı əlaqələrin gücləndirilməsinə imkan yaradıb. 2026-cı ildə iki ölkənin birlikdə QHT-lər üçün ilk qrant müsabiqəsini elan etməsi isə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.

Regionlararası əməkdaşlıq da Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biridir. Bakı ilə Daşkənd, Şuşa ilə Xivə, İsmayıllı ilə Riştan, Lənkəran ilə Buxara, Şəki ilə Kokənd, Füzuli ilə Gülüstan və digər şəhərlər arasında qardaşlaşma və tərəfdaşlıq münasibətlərinin qurulması xalqların bir-birinə daha yaxından tanış olmasına şərait yaradır.

Bu prosesin əsas üstünlüyü ondan ibarətdir ki, dövlətlərarası münasibətlər cəmiyyətlər səviyyəsində də möhkəmlənir. İnsanlar arasında birbaşa təmaslar artdıqca qarşılıqlı etimad və dostluq daha da güclənir.

Turizm sahəsində göstəricilər də müsbət dinamikanı əks etdirir. 2024-cü ildə Azərbaycana 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar-avqust aylarında isə 44 min Özbəkistan vətəndaşının səfər etməsi turizm əlaqələrinin genişləndiyini göstərir.

Bu rəqəmlər təkcə turizm statistikası deyil, həm də xalqlar arasında qarşılıqlı marağın və ünsiyyətin artmasının göstəricisidir. Bir ölkənin vətəndaşlarının digər ölkəyə səfərlərinin çoxalması mədəni əlaqələri, biznes münasibətlərini və humanitar təmasları da stimullaşdırır.

Azərbaycan–Özbəkistan münasibətlərində iqtisadi və humanitar istiqamətlərin bir-birini tamamlaması xüsusi əhəmiyyət daşıyır. Ticarət, investisiya, sənaye və nəqliyyat layihələri iqtisadi dayaqları möhkəmləndirirsə, mədəniyyət, təhsil, media və turizm xalqlar arasında mənəvi bağları daha da gücləndirir.

Məhz buna görə Prezident İlham Əliyevin müsahibəsində Azərbaycan–Özbəkistan əlaqələrinin gələcəyi ilə bağlı ifadə etdiyi fikirlər xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının qarşıdakı dövlət səfərini iki ölkə arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi, yeni birgə təşəbbüslərin həyata keçirilməsi və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirməsi təsadüfi deyil.

Azərbaycan və Özbəkistanın münasibətləri bu gün Türk dünyasında qardaş dövlətlər arasında əməkdaşlığın uğurlu nümunələrindən biridir. Bu münasibətlərdə siyasi iradə ilə yanaşı, xalqların qarşılıqlı rəğbəti, tarixi yaddaşı və mənəvi yaxınlığı mühüm rol oynayır.

Prezident İlham Əliyevin müsahibəsi bir daha göstərir ki, Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək inkişafı üçün geniş imkanlar mövcuddur. İqtisadi əməkdaşlığın dərinləşdirilməsi, nəqliyyat əlaqələrinin genişləndirilməsi, enerji layihələrinin inkişaf etdirilməsi, mədəni-humanitar və təhsil əlaqələrinin möhkəmləndirilməsi iki ölkənin strateji müttəfiqliyini daha da gücləndirəcək.

Bu baxımdan Azərbaycan və Özbəkistanın qarşıdakı illərdə həyata keçirəcəyi birgə layihələr yalnız iki ölkənin inkişafına deyil, bütövlükdə Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin möhkəmlənməsinə, Türk dünyasının inteqrasiyasının dərinləşməsinə və regionda sülh, sabitlik və davamlı inkişaf mühitinin güclənməsinə mühüm töhfə verəcək.

Elnur Qəhrəmanov,

YAP Gədəbəy rayon təşkilatının əməkdaşı

Digər xəbərlər