Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana son səfəri iki qardaş ölkə arasında münasibətlərin nə qədər yüksək səviyyəyə çatdığını bir daha nümayiş etdirdi. Bu səfər yalnız dövlət başçılarının növbəti görüşü deyil, Azərbaycan–Özbəkistan qardaşlığının, strateji tərəfdaşlığının və müttəfiqlik münasibətlərinin yeni mərhələsinin mühüm göstəricisi kimi yadda qaldı.
Azərbaycan və Özbəkistan xalqlarını əsrlər boyu formalaşmış ortaq tarix, zəngin mədəni irs, dil və mənəvi dəyərlər birləşdirir. Bu möhkəm təməl üzərində qurulan dövlətlərarası münasibətlər son illərdə sürətli inkişaf edərək strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib.
Bu münasibətlərin inkişafında Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq, qarşılıqlı hörmət və etimad xüsusi əhəmiyyət daşıyır. Liderlərin müntəzəm görüşləri və qarşılıqlı səfərləri iki ölkə arasında siyasi dialoqu daha da möhkəmləndirib, əməkdaşlığın bütün istiqamətlər üzrə genişlənməsinə güclü impuls verib.
2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ildə isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı imzalanmış mühüm sənədlər münasibətlərin hüquqi-siyasi bazasını daha da gücləndirib. Xüsusilə “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” Azərbaycan və Özbəkistan arasında mövcud qardaşlığın rəsmi müttəfiqlik səviyyəsində təsdiqlənməsi baxımından tarixi əhəmiyyət daşıyır.
İki ölkə arasında yaradılmış Ali Dövlətlərarası Şura isə strateji əməkdaşlığın inkişafında mühüm institusional mexanizmə çevrilib. Bu platforma dövlətlər arasında uzunmüddətli prioritetlərin müəyyənləşdirilməsi, yeni layihələrin təşviqi və əməkdaşlığın müxtəlif istiqamətlərinin əlaqələndirilməsi baxımından mühüm rol oynayır.
Azərbaycan–Özbəkistan münasibətlərinin əsas xüsusiyyətlərindən biri siyasi əlaqələrin iqtisadi əməkdaşlıqla paralel şəkildə inkişaf etməsidir. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artması bunun əyani göstəricisidir. Azərbaycan və Özbəkistan artıq yalnız siyasi müttəfiq deyil, həm də iqtisadi, investisiya, sənaye, nəqliyyat və enerji sahələrində bir-birinin etibarlı tərəfdaşıdır.
Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması da bu əməkdaşlığın mühüm nəticələrindən biridir. Böyük kapital imkanlarına malik bu platforma hər iki ölkədə yeni investisiya və istehsal layihələrinin həyata keçirilməsinə şərait yaradır.
Sənaye sahəsində əməkdaşlıq da xüsusi diqqət çəkir. Azərbaycanda “Chevrolet” avtomobillərinin və “Isuzu” avtobuslarının istehsalı Azərbaycan–Özbəkistan iqtisadi tərəfdaşlığının praktik nəticələrindən biridir. Füzuli rayonunda salınan “Dostluq bağı” adlı böyük nar bağı isə işğaldan azad edilmiş ərazilərin bərpasında Özbəkistanın Azərbaycana verdiyi dəstəyin simvolik və real nümunələrindən biridir.
Energetika sahəsində də iki ölkənin əməkdaşlığı yeni istiqamətlər qazanır. Neft-qaz sektorunda yaradılmış birgə müəssisələr, eləcə də Azərbaycan, Özbəkistan və Qazaxıstanın yaşıl enerji sahəsində birgə təşəbbüsləri gələcək üçün böyük perspektivlər vəd edir. Xüsusilə yaşıl enerji dəhlizinin yaradılması Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında yeni enerji bağlantılarının mühüm iştirakçısına çevirir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə Azərbaycan və Özbəkistanın strateji mövqelərindən irəli gələn böyük imkanlar açır. Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın mühüm nəqliyyat qovşaqlarından biridir. Orta Dəhlizin inkişafı, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin regional nəqliyyat şəbəkələri ilə əlaqələndirilməsi ölkələrimiz üçün yeni iqtisadi imkanlar yaradır.
Azərbaycan–Özbəkistan qardaşlığı yalnız siyasət və iqtisadiyyatla məhdudlaşmır. Mədəni-humanitar əlaqələr də münasibətlərimizin mühüm sütunlarından biridir. Mədəniyyət günlərinin keçirilməsi, incəsənət festivalları, elmi tədbirlər, media və QHT forumları, təhsil layihələri xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır.
Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilmiş Mirzə Uluqbəy adına məktəb Azərbaycan xalqına göstərilən qardaş dəstəyinin parlaq nümunəsidir. Eyni zamanda Bakıda yaradılacaq “Özbəkistan” parkı iki xalqın dostluğunun və qardaşlığının daha bir rəmzinə çevriləcək.
Regionlararası əlaqələrin genişlənməsi də xüsusi əhəmiyyət daşıyır. Bakı ilə Daşkənd, Lənkəran ilə Buxara, Şuşa ilə Xivə, Şəki ilə Kokənd və digər şəhərlər arasında qurulan qardaşlaşma münasibətləri xalqlarımızın birbaşa təmaslarını gücləndirir.
Bu baxımdan Lənkəran–Buxara qardaşlaşması xüsusi diqqətə layiqdir. Azərbaycanın cənub şəhəri Lənkəran ilə Özbəkistanın qədim Buxara şəhəri arasında yaranmış əlaqələr ortaq tariximizin, mədəni dəyərlərimizin və türk dünyasının zəngin irsinin müasir dövrdə yaşadılmasının gözəl nümunəsidir.
Azərbaycan və Özbəkistanın əməkdaşlığı Türk Dövlətləri Təşkilatı çərçivəsində də xüsusi əhəmiyyət daşıyır. Hər iki ölkə Türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasının gücləndirilməsində fəal mövqe tutur. Azərbaycan və Özbəkistanın ortaq türk irsinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına verdiyi töhfələr bu prosesin mühüm hissəsidir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsi də bu mənzərəni tamamlayır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı regionlararası əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Beləliklə, Azərbaycan ilə Mərkəzi Asiya arasında münasibətlər artıq yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, daha geniş regional əməkdaşlıq formatında inkişaf edir.
Bütün bunlar göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri sadəcə iki dövlət arasında diplomatik əlaqələr deyil. Bu münasibətlər xalqlarımızın ortaq tarixindən, mədəniyyətindən, mənəvi yaxınlığından və qarşılıqlı etimadından güc alan böyük qardaşlıq layihəsidir.
Prezident İlham Əliyevin Özbəkistana son səfəri də bu reallığın növbəti təsdiqi oldu. Bu gün Azərbaycan və Özbəkistan bir-birinin uğuruna sevinən, çətin məqamlarda bir-birini dəstəkləyən və gələcəyə birlikdə baxan iki qardaş dövlətdir.
Əminliklə demək olar ki, Azərbaycan–Özbəkistan münasibətlərinin gələcəyi daha böyük iqtisadi layihələr, daha sıx humanitar əlaqələr, yeni nəqliyyat və enerji imkanları və Türk dünyasının birliyinə xidmət edən mühüm təşəbbüslərlə zəngin olacaq.
Azərbaycan və Özbəkistanın dostluğu möhkəmdir, qardaşlığı əbədidir, müttəfiqliyi isə gələcəyə hesablanmış strateji tərəfdaşlıq nümunəsidir.
Böyükağa Axundov
YAP Lənkəran rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi