Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb
Prezident İlham Əliyev "Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 1 iyul tarixli 967 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Prezidentin Sənəcamında qeyd olunur ki, "Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 1 iyul tarixli 967 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №7, maddə 414; 2004-cü il, № 10, maddə 829; 2005-ci il, №3, maddə 209; 2007-ci il, №4, maddə 352) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin, bundan başqa Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 1200 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 850 manat məbləğində müəyyən edilsin, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Bu Sərəncam 2011-ci il mayın 1-dən qüvvəyə minir. Ölkə Prezidenti eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında və Rəşad Rəfael oğlu Məmmədovun Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilməsi barədə də Sərəncam imzalayıb.