PDF Oxu

Siyasət

  • 529

Azərbaycan–Özbəkistan münasibətləri dinamik inkişaf edir - ŞƏRH

image

Son illərdə Azərbaycan–Özbəkistan münasibətləri dinamik inkişaf edərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı səfərlərin intensivliyi və xalqlarımız arasında mövcud olan möhkəm dostluq münasibətləri iki ölkə arasındakı əməkdaşlığın bütün istiqamətlər üzrə genişlənməsinə mühüm töhfə verir.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycan–Özbəkistan münasibətlərinin inkişaf perspektivləri baxımından mühüm siyasi mesajlar ehtiva edir. Dövlət başçısının fikirləri bir daha göstərir ki, Azərbaycanla Özbəkistan arasında münasibətlər artıq yalnız tarixi-mədəni yaxınlıq və qardaşlıq hissləri ilə məhdudlaşmır.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin xalqlarımızın əsrlər boyu qoruyub saxladığı qarşılıqlı rəğbətə əsaslanır.Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illərdə misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə yüksəlib və yeni məzmun qazanıb.
Prezident İlham Əliyev qeyd edib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimadın Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində xüsusi rol oynayıb.
Son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri və yüksək səviyyəli siyasi dialoq Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələyə keçməsinə mühüm töhfə verib. 2024-cü ildə Azərbaycanın Özbəkistana dövlət səfəri, 2025-ci ildə isə Özbəkistan Prezidentinin Azərbaycana səfəri zamanı imzalanan sənədlər, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə və Müttəfiqlik münasibətləri haqqında Müqavilə bu əlaqələrin siyasi-hüquqi əsaslarını daha da möhkəmləndirib.
Müttəfiqlik münasibətlərinin mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlığın genişlənməsidir. Ticarət dövriyyəsinin 2025-ci ildə 795 milyon dollara çatması, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti, birgə sənaye və nəqliyyat layihələri iki ölkənin iqtisadi potensialının bir-birini tamamladığını göstərir. Enerji, yaşıl enerji, tranzit daşımaları və investisiya sahələrində həyata keçirilən layihələr isə əməkdaşlığın uzunmüddətli və strateji xarakter daşıdığını nümayiş etdirir.
Energetika sahəsində əməkdaşlığın fəal şəkildə inkişaf etdiyini deyən Prezident neft-qaz sektorunda birgə müəssisələrin fəaliyyətini, eləcə də yaşıl enerji istiqamətində həyata keçirilən layihələri qeyd edib. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan tərəfindən yaradılan “Yaşıl Dəhliz Birliyi” MMC Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizinin həyata keçirilməsinə və bərpaolunan enerjinin ixracı imkanlarının reallaşdırılmasına xidmət edir.
Nəqliyyat və logistika sahəsində də müsbət dinamika müşahidə olunur. 2025-ci ildə iki ölkə arasında tranzit daşımaların həcmi 6,7 faiz artaraq 1,4 milyon tona çatıb. 2026-cı ilin yanvar-iyun aylarında isə 12,2 faiz artım qeydə alınıb. Prezident İlham Əliyev Azərbaycan və Özbəkistanın coğrafi mövqeyinin onları Şərqlə Qərbi birləşdirən strateji marşrutlarda təbii tərəfdaşlara çevirdiyini bildirib. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyasının region üçün yeni iqtisadi və tranzit imkanları yaradacağı vurğulanıb.
Azərbaycan-Özbəkistan münasibətlərində mədəni-humanitar əməkdaşlıq da mühüm yer tutur. Son illərdə qarşılıqlı mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar və digər tədbirlər keçirilib. Prezident İlham Əliyev Özbəkistan Milli Pedaqoji Universitetinin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşımasını qürurverici fakt kimi qeyd edib. Bakıda təməli qoyulan 5 hektarlıq “Özbəkistan” parkının da iki xalq arasındakı qardaşlığın rəmzinə çevriləcəyi vurğulanıb.
Təhsil sahəsində əməkdaşlığın da genişləndiyini bildirən Prezident 2025-2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşının Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşının Özbəkistanda təhsil aldığını qeyd edib. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına məktəb ölkələrimiz arasındakı qardaşlığın daha bir təzahürü kimi qiymətləndirilib.
Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı eyni zamanda Türk dünyasının inteqrasiyasına mühüm töhfə verir. Hər iki ölkənin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlığı, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, Mərkəzi Asiya ilə əlaqələrin yeni formatlar qazanması regional əməkdaşlığın perspektivlərini daha da artırır.
Azərbaycan və Özbəkistan arasında münasibətlər yalnız bu günün deyil, gələcəyin də strateji tərəfdaşlığıdır. Qarşılıqlı etimad, siyasi iradə və ortaq dəyərlər üzərində qurulan bu müttəfiqlik həm iki qardaş xalqın rifahına, həm də Türk dünyasının birliyinə və regionda davamlı inkişafın təmin olunmasına xidmət edən mühüm amildir.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Digər xəbərlər