Avqustun 23-də Özbəkistana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib. İclasda çıxış edən dövlətimizin başçısı Zəngəzur dəhlizi barədə də fikirlərini bildirib, Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlərin fəal şəkildə davam etdirildiyini vurğulayıb.
Azərbaycanın əsas hissəsində bu layihənin gələn il başa çatacağını vurğulayan Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında da müvafiq işlərə başlanıldığını diqqətə çatdırıb. Konseptual yanaşmanın Naxçıvan dəmir yolunu Azərbaycan dəmir yollarının tərkib hissəsi kimi görməkdən ibarət olduğunu qeyd edən dövlət başçısı bu marşrut üzrə investisiya yatırmaq, mənfəət əldə etmək və daşıma həcmlərini təmin etmək istəyən maraqlı şirkətlər və ölkələrin iştirakı ilə beynəlxalq konsorsiumun yaradılmasının planlaşdırıldığını vurğulayıb.
Dövlətimizin başçısı deyib: Məlumat üçün bildirmək istəyirəm ki, Ermənistanda da işlər gedir, amerikalı tərəfdaşlarımız bizi bu barədə müntəzəm məlumatlandırırlar. Bizə deyilənlərə görə, Ermənistan ərazisində tikinti ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində başlayacaq. Lakin oradakı məsafə cəmi 42 kilometrdir, Naxçıvan Muxtar Respublikasının ərazisində isə 194 kilometrdir. Bəli, buna görə də işə başladıq, bütün hallarda onu tamamlayacağıq. Amma müxtəlif şirkətlərdən maraq olduğunu bildiyimiz üçün sadəcə məlumat vermək istərdim ki, əgər maraq varsa, təklif olunan konsorsiumda iştirak etmək imkanı mövcuddur.
Azərbaycan Bakıdan Ermənistan sərhədinə qədər təxminən 400 kilometr məsafədə olan mövcud dəmir yolu xəttinin bir hissəsini sıfırdan yenidən qurur və modernləşdirir,- deyə bildirən dövlətimizin başçısı xəttin Naxçıvan hissəsi isə təxminən 200 kilometr olduğunu, bunun isə Orta Dəhlizin əhəmiyyətli bir qolu olacağını qeyd edib.
Mətanət Məmmədova