PDF Oxu

Siyasət

  • 1 366

“Zəfər yolu ilə”

image

YAP Qaradağ rayon təşkilatı partiya fəalları üçün Qarabağa səfər və Yay məktəbi təşkil edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı tərəfindən Qarabağa iki günlük səfər və fəallar üçün “Zəfər yolu ilə” mövzusunda Yay məktəbi təşkil olunub.
Səfərdə YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, təşkilatın əməkdaşları, ərazi partiya təşkilatlarının nümayəndələri, şəhid ailələrinin üzvləri və fəal gənclər iştirak ediblər.
Səfərin əsas məqsədi iştirakçıları Yay məktəbi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, “Böyük Qayıdış” proqramına əsasən məskunlaşma, müasir şəhərsalma, memarlıq və infrastruktur layihələri, eləcə də tarixi-mədəni irsin bərpası istiqamətində görülən işlərlə yaxından tanış etmək olub.
Səfər iştirakçıları iki günlük proqram çərçivəsində ilk olaraq Ağdam Cümə Məscidini, Ağdam Dövlət Dram Teatrının qalıqlarını, Ağdam İmarət Tarix Memarlıq Muzey komleksini, Ağdam Şəhidlər Xiyabanını ziyarət ediblər. ANAMA-nın əməkdaşı tərəfindən keçirilən “Minalardan qorunma və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təqdimatda iştirak ediblər.
Sonra Xocalı şəhərinə gələrək Xocalı Soyqırımı Memorial Kompleksi ilə tanış olublar.
Xankəndi şəhərinə səfər edən iştirakçılara ilk olaraq Qarabağ Universitetində tədrisin təşkili barədə ətraflı məlumat verilib. Xankəndi şəhər Zəfər parkına gələn iştirakçılar Zəfər tağı önündə xatirə fotoları çəkdiriblər. Həmçinin burada onlara Xankəndidə aparılan yenidənqurma və abadlıq işləri barədə ətraflı məlumat verilib.
Səfərin ikinci günü Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində olan iştirakçılar Yuxarı Gövhər Ağa məscidini, Sadıqcanın ev muzeyini, Güllələnmiş Büstlər Kompleksini, Heydər Əliyev Fondunun bərpa etdiyi Yaradıcılıq Mərkəzini ziyarət ediblər. Mərkəzdə “Heydər Əliyev və Qarabağ” adlı sərgi ilə tanış olan fəllara məlumat verilib ki, burada Ulu Öndər Heydər Əliyevin Qarabağın inkişafındakı fəaliyyətini əks etdirən fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur.
Proqram çərçivəsində Laçın rayonuna da səfər təşkil olunub. İştirakçılar burada təşkil edilmiş “İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri” mövzusunda konfransda iştirak ediblər. Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəliyinin məsul şəxsləri Hüseyn Quliyev və Qalib Abbasov azad Laçında aparılan geniş bərpa və quruculuq işləri, məskunlaşma barədə ətraflı məlumat veriblər.
Konfransda müasir Laçında aparılan bərpa və quruculuq işlərini əks etdirən videoçarx nümayiş etdirilib.
Daha sonra qonaqlar 2 nömrəli tam orta məktəbdə müasir təhsil sistemində yeniliklər və xatirə muzeyi ilə tanış olublar.
Gilabi və Yurd qalereyalarına gələn səfər iştirakçılarına bu mədəniyyət müəssisələrinin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində iştirakçılar həmin gün Həkəri çayı sahilində təşkil edilmiş “Sosial şəbəkələrdə işin təşkili və şəbəkələşmə” mövzusunda treninqdə iştirak ediblər. Çay süfrəsi arxasında keçirilən təlimdə YAP Sosial Media Qrupunun əməkdaşı Rəna Süleymanlı sosial media platformalarında səmərəli fəaliyyətin təşkili, düzgün informasiya siyasətinin aparılması, rəqəmsal kommunikasiya bacarıqlarının artırılması, kontent hazırlanması, auditoriya ilə effektiv əlaqələrin qurulması və təşkilatdaxili şəbəkələşmə mövzularında təqdimatla çıxış edib, mövzu ilə əlaqədar müzakirələr aparılıb.
Yay məktəbəinin proqramına uyğun olaraq iştirakçılar həmin gün Qubadlı və Zəngilan rayonlarında da olublar. Əvvəlcə Qubadlıya gələn fəallar rayonun işğaldan azad edilmiş ərazilərində aparılan geniş abadlıq və quruculuq işləri ilə tanış olublar. Bildirilib ki, 2020-ci ilin Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən bütün torpaqlarda, o cümlədən də Qubadlıda yeni həyat başlanıb – ermənilərin törətdiyi dağıntıların yerində müasir şəhərlər, kəndlər salınır və infrastruktur layihələri icra olunur.
İştirakçılar Zəngilan rayonunun Ağalı kəndində də olublar. Qonaqlara “Böyük qayıdış” proqramı çərçivəsində kənd ərazisində aparılmış bərpa və yenidənqurma işləri, rahat məskunlaşma, əhalinin məşğulluğunun, aqrar sahənin inkişafının təmin olunması üçün görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, “ağıllı kənd” dayanıqlı inkişafın təmin olunması məqsədilə sosial-iqtisadi xidmətlərin keyfiyyətinin, səmərəliliyinin artırılması, informasiya texnologiyalarının və innovasiyaların tətbiq edilməsi, habelə həmin xidmətlər üzrə mövcud resursların səmərəli istifadəsi və idarə olunması üçün zəruri infrastruktura malik olan kənddir.
Səfər zamanı vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri Azərbaycanın inkişaf potensialının, iqtisadi imkanlarının və milli birliyinin təzahürüdür.
İştirakçılar Yay məktəbinin onların Qarabağda və Şərqi Zəngəzurda aparılan yenidənqurma prosesləri barədə təsəvvürlərinin daha da genişlənməsinə və Böyük Zəfərin tarixi əhəmiyyətini daha dərindən dərk etmələrinə töhfələr verdiyini bildiriblər.

Digər xəbərlər