PDF Oxu

Siyasət

  • 1 570

Azərbaycan-Özbəkistan münasibətləri: strateji tərəfdaşlıqdan və müttəfiqlikdən əbədi dostluğa

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 23-24-də Özbəkistan Respublikasına etdiyi dövlət səfərini iki qardaş ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar. Daşkənddə yüksəksəviyyəli görüşlər və danışıqlar, eləcə də Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi iki dövlətlərimiz arasındakı əlaqələrin strateji səviyyəsini və müttəfiqlik ruhunu bir daha nümayiş etdirdi. Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” isə Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək inkişafı baxımından xüsusi tarixi əhəmiyyət daşıyır.Azərbaycan və Özbəkistanı bir-birinə bağlayan münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərlə yanaşı, xalqlarımızın əsrlər boyu formalaşdırdığı sarsılmaz dostluq və qardaşlıq dayanır. Son illərdə bu möhkəm təməl üzərində dövlətlərarası əlaqələr sürətli inkişaf edərək strateji tərəfdaşlıqdan ən yüksək mərhələyə müttəfiqlik səviyyəsinə yüksəlib. 2024-cü ildə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə”, 2025-ci ildə isə “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsini nümayiş etdirir.Əlbəttə, münasibətlərin dərinləşməsində və daha da möhkəmlənməsində iki ölkənin dövlət başçıları – Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq, qarşılıqlı etimad və hörmət xüsusi rol oynayır. Dövlət başçılarının mütəmadi görüşləri və qarşılıqlı səfərləri yalnız Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafına deyil, həm də iki qardaş xalqın bir-birinə daha da yaxınlaşmasına mühüm töhfə verir. Prezidentlərin bir-birini “əziz qardaşım” deyərək təqdim etməsi iki lider arasında münasibətlərin səmimiliyini və dövlətlərarası əlaqələrə verdiyi mühüm töhfəni aydın göstərir.Dövlət səfərinin ən mühüm nəticələrindən biri Azərbaycan və Özbəkistan prezidentlərinin “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”ni imzalaması oldu. Bu tarixi sənəd iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərini daha möhkəm hüquqi-siyasi müstəviyə çıxarır, xalqlarımızın gələcək nəsillər üçün də davamlı əməkdaşlıq və qarşılıqlı dəstək iradəsini ifadə edir. Prezident Şavkat Mirziyoyev əbədi dostluq haqqında müqavilənin imzalanmasını səfərin əsas nəticəsi kimi qiymətləndirərək, bu sənədin əməkdaşlığın dərinləşdirilməsi və ortaq gələcəyin qurulması istiqamətində mühüm addım olduğunu vurğulayıb.Səfər çərçivəsində iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, investisiya əməkdaşlığının artırılması, nəqliyyat və tranzit imkanlarından daha səmərəli istifadə, regionlararası əlaqələrin gücləndirilməsi, mədəni-humanitar əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində də mühüm razılaşmalar əldə olunub. 2030-cu ilədək qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması ilə bağlı proqramın qəbul edilməsi, həmçinin müxtəlif sahələr üzrə bir sıra saziş və əməkdaşlıq sənədlərinin imzalanması iqtisadi münasibətlərin qarşıdakı dövrdə daha da genişlənəcəyinə inam yaradır.Azərbaycan və Özbəkistanın əməkdaşlığı yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Hər iki ölkənin Mərkəzi Asiya və Xəzər regionunda artan rolu, nəqliyyat-kommunikasiya imkanları və beynəlxalq platformalarda qarşılıqlı dəstəyi əməkdaşlığın daha geniş coğrafiyada inkişafına şərait yaradır. Bu baxımdan Azərbaycan-Özbəkistan müttəfiqliyi Türk dünyasının həmrəyliyinin və qarşılıqlı əməkdaşlığının güclənməsinə də təkan verir.Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərini yeni məzmun və yeni imkanlarla daha da zənginləşdirib. Əbədi dostluq haqqında müqavilənin imzalanması, iki dövlət başçısı arasında mövcud olan səmimi dostluq və qarşılıqlı etimad, əldə olunan konkret razılaşmalar və həyata keçiriləcək birgə layihələr əlaqələrimizin daha da möhkəmlənməsi üçün möhkəm zəmin yaradır. Bu səfərin nəticələri Azərbaycan və Özbəkistan arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin gələcəkdə daha da inkişafına, xalqlarımızın rifahına və Türk dünyasının birliyinin güclənməsinə mühüm töhfə verəcək.

Mübariz Qurbanlı
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Digər xəbərlər