Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin bugünkü yüksək səviyyəsini və gələcək inkişaf perspektivlərini bir daha nümayiş etdirir. Müsahibədə Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəm tarixi və mənəvi təməlləri, dövlətlərarası münasibətlərin son illərdə sürətli inkişafı, eləcə də iki ölkə lideri arasında formalaşmış səmimi dostluq və qarşılıqlı etimad xüsusi vurğulanır.
Azərbaycan və Özbəkistanı birləşdirən münasibətlərin kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Ortaq tarix, mədəniyyət, dil, milli-mənəvi dəyərlər və adət-ənənələr xalqlarımız arasında möhkəm bağlar yaradıb. Bu bağlar nəsildən-nəslə ötürülərək qarşılıqlı rəğbət, həmrəylik və qardaşlıq hisslərini daha da gücləndirib. Məhz bu möhkəm mənəvi bünövrə üzərində Azərbaycan və Özbəkistan arasında müasir dövlətlərarası münasibətlər formalaşıb.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son illərdə iki ölkə arasında əlaqələr misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub. Əvvəllər dostluq və tərəfdaşlıq xarakteri daşıyan münasibətlər bu gün strateji məzmun kəsb edərək müttəfiqlik səviyyəsinə yüksəlib. Bu, Azərbaycan və Özbəkistanın bir-birinə olan etimadının, siyasi iradəsinin və qarşılıqlı dəstəyinin mühüm göstəricisidir. Müttəfiqlik münasibətləri ölkələr arasında siyasi dialoqun daha da intensivləşməsinə, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişlənməsinə əlverişli imkan yaradır.
Azərbaycan Prezidenti müsahibəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə şəxsi münasibətlərinin də ölkələrimiz arasındakı əlaqələrin inkişafında mühüm rol oynadığını bildirib. Liderlər arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsinə mühüm töhfə verir. Prezident Mirziyoyevin Azərbaycanla münasibətlərin inkişafına, iki xalqın birlik və həmrəyliyinin gücləndirilməsinə yönəlmiş fəaliyyəti ölkəmizdə yüksək qiymətləndirilir.
Bu gün Azərbaycan və Özbəkistan beynəlxalq və regional məsələlərdə də bir-birinə yaxın mövqelər nümayiş etdirirlər. Qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və müxtəlif sahələrdə imzalanan sənədlər münasibətlərin daha da möhkəmləndiyini göstərir. İqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat və logistika imkanlarından birgə istifadə, mədəni-humanitar əməkdaşlığın inkişafı iki ölkənin qarşılıqlı maraqlarına xidmət edir.
Xüsusilə xalqlarımız arasında humanitar və mədəni əlaqələr Azərbaycan-Özbəkistan qardaşlığının mühüm istiqamətlərindən biridir. Tarixi və mədəni irsimizin yaxınlığı qarşılıqlı mədəni layihələrin, təhsil və elm sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır. Bu əlaqələr yalnız dövlətlər arasında deyil, Azərbaycan və Özbəkistan xalqları arasında da dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlər Azərbaycan və Özbəkistan münasibətlərinin yalnız bu günü deyil, gələcək inkişaf istiqamətlərini də aydın şəkildə ortaya qoyur. Ortaq tarix və mənəvi dəyərlər üzərində qurulan qardaşlıq münasibətləri artıq müttəfiqlik səviyyəsinə yüksəlib. Dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və siyasi iradə isə bu münasibətlərin gələcəkdə daha da dərinləşəcəyinə əminlik yaradır. Azərbaycan və Özbəkistanın qardaşlığı xalqlarımızın birliyinin, həmrəyliyinin və qarşılıqlı rəğbətinin parlaq nümunəsidir.
Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının əməkdaşı