PDF Oxu

Siyasət

  • 535

Azərbaycan–Özbəkistan qardaşlığı: möhkəm təməldən hərtərəfli müttəfiqliyə doğru - ŞƏRH

image

Azərbaycan ilə Özbəkistan arasında münasibətlər tarixən formalaşmış möhkəm dostluq, qardaşlıq və qarşılıqlı rəğbət üzərində qurulub. Ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərlə bir-birinə sıx bağlı olan xalqlarımız arasındakı münasibətlər bu gün dövlətlərarası əlaqələrin yüksək səviyyəsi ilə özünü göstərir. Son illərdə Azərbaycan–Özbəkistan münasibətlərinin dinamik inkişafı artıq strateji tərəfdaşlıq mərhələsini geridə qoyaraq müttəfiqlik səviyyəsinə yüksəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2026-cı ildə Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini geniş şəkildə ortaya qoyması baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısının müsahibəsində siyasi dialoqdan iqtisadi əməkdaşlığa, mədəni-humanitar əlaqələrdən nəqliyyat və logistika imkanlarına, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıqdan Azərbaycan–Mərkəzi Asiya münasibətlərinə qədər mühüm məsələlərə aydınlıq gətirilib.
Azərbaycan və Özbəkistan münasibətlərinin əsasını hər iki xalqın əsrlər boyu qoruyub saxladığı mənəvi yaxınlıq təşkil edir. Bu yaxınlıq yalnız tarixi keçmişlə məhdudlaşmır. Xalqlarımızın bir-birinə olan rəğbəti, qarşılıqlı hörməti və həmrəyliyi müasir dövrdə də dövlətlərarası münasibətlərin inkişafına mühüm təsir göstərir. Məhz belə möhkəm mənəvi təməl üzərində qurulan siyasi münasibətlər son illərdə yeni məzmun qazanıb.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan və Özbəkistan arasında siyasi dialoq çox yüksək səviyyədədir. Son beş ildə ən yüksək səviyyədə keçirilən qarşılıqlı səfərlər və sıx təmaslar əlaqələrin ardıcıl inkişafına ciddi təkan verib. Azərbaycan Prezidenti ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad isə iki ölkənin münasibətlərinin daha da möhkəmlənməsində mühüm amillərdən biridir.
Münasibətlərin hüquqi-siyasi bazasının möhkəmləndirilməsi də bu prosesin mühüm istiqamətlərindəndir. 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı imzalanan sənədlər, xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasındakı əlaqələri yeni mərhələyə yüksəldib. Bundan əlavə, 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura Azərbaycan–Özbəkistan münasibətlərinin uzunmüddətli inkişafı baxımından mühüm institusional mexanizmə çevrilib.
Məncə, Azərbaycan və Özbəkistan arasında müttəfiqliyin ən mühüm xüsusiyyətlərindən biri onun yalnız siyasi bəyanatlarla məhdudlaşmamasıdır. Bu münasibətlər real layihələr, qarşılıqlı investisiyalar, iqtisadi təşəbbüslər, humanitar proqramlar və xalqların bir-birinə daha da yaxınlaşmasına xidmət edən çoxsaylı tədbirlərlə möhkəmlənir.
İqtisadi-ticari əlaqələr bunun bariz nümunəsidir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması iqtisadi əməkdaşlığın genişlənən miqyasını göstərir. 2026-cı ilin ilk beş ayında isə ticarət dövriyyəsində daha 33 faizlik artım qeydə alınıb. Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması da qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi baxımından mühüm addımdır.
Bu gün Azərbaycan və Özbəkistanın əməkdaşlığı sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat, logistika və digər mühüm sahələri əhatə edir. Füzuli rayonunda “Dostluq bağı”nın salınması, avtomobil və avtobus istehsalı üzrə birgə layihələrin həyata keçirilməsi, eləcə də Azərbaycan və Özbəkistan şirkətlərinin qarşılıqlı investisiya fəaliyyəti iqtisadi tərəfdaşlığın praktiki nəticələrindəndir.
Xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə Özbəkistanın göstərdiyi qardaşlıq dəstəyi ayrıca qeyd olunmalıdır. Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin inşa edilməsi və digər təşəbbüslər Özbəkistanın Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesinə mənəvi və əməli dəstəyinin göstəricisidir. Bu cür layihələr iqtisadi əhəmiyyətindən daha geniş məna daşıyaraq iki xalqın həmrəyliyinin real ifadəsinə çevrilir.
Energetika sahəsində əməkdaşlığın genişlənməsi də gələcəyə hesablanmış mühüm istiqamətlərdəndir. Neft-qaz sektorunda birgə müəssisələrin fəaliyyəti ilə yanaşı, yaşıl enerji sahəsində Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında əməkdaşlığın inkişaf etdirilməsi yeni imkanlar yaradır. “Yaşıl Dəhliz Birliyi”nin yaradılması regionun bərpaolunan enerji potensialının daha səmərəli istifadəsinə və gələcəkdə enerji ixracı imkanlarının genişləndirilməsinə xidmət edə bilər.
Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm dayaqlarından biri də mədəni-humanitar əməkdaşlıqdır. Çünki dövlətlərarası münasibətlərin davamlılığını yalnız siyasi və iqtisadi maraqlar deyil, xalqlar arasındakı mənəvi bağlar da müəyyən edir. Mədəniyyət günlərinin, incəsənət festivallarının, elmi konfransların, təhsil proqramlarının və digər humanitar tədbirlərin keçirilməsi Azərbaycan və Özbəkistan xalqlarının bir-birini daha yaxından tanımasına imkan yaradır.
Şuşa və Xivə, Bakı və Daşkənd kimi şəhərlər arasında qurulan əlaqələr də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Qardaşlaşmış şəhərlərin sayının artması xalqlarımız arasında münasibətlərin yalnız mərkəzi dövlət qurumları səviyyəsində deyil, regionlar və şəhərlər səviyyəsində də inkişaf etdiyini göstərir. Bu isə gələcək nəsillər arasında dostluq və qarşılıqlı etimadın daha da möhkəmlənməsi üçün mühüm zəmin yaradır.
Təhsil sahəsində əməkdaşlıq da xüsusi diqqət çəkir. Azərbaycan və Özbəkistan vətəndaşlarının qarşılıqlı olaraq digər ölkədə təhsil alması, Füzulidə Mirzə Uluqbəy adına məktəbin fəaliyyət göstərməsi iki ölkənin gələcək nəsillərin inkişafına verdiyi önəmi nümayiş etdirir. Eyni zamanda media və vətəndaş cəmiyyəti sahəsində keçirilən forumlar əlaqələrin daha geniş ictimai platformalarda inkişafına şərait yaradır.
Azərbaycan və Özbəkistanın yaxınlaşması regional əməkdaşlıq baxımından da mühüm nəticələr doğurur. Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkənin fəal əməkdaşlığı ortaq türk irsinin qorunması və türk dövlətləri arasında siyasi, iqtisadi və humanitar əlaqələrin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı isə ölkəmizin regionla münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Beləliklə, Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq üçün daha geniş imkanlar formalaşır. Bu prosesdə Özbəkistanın xüsusi rolu danılmazdır.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək inkişafında strateji istiqamətlərdən biri ola bilər. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi hər iki ölkəni Şərqlə Qərb arasında mühüm bağlantı nöqtələrinə çevirir. Orta Dəhliz, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu və digər regional layihələrin bir-biri ilə əlaqələndirilməsi həm ölkələrimizin, həm də daha geniş regionun tranzit və iqtisadi potensialını artırmaq imkanına malikdir.
Bütün bunlar göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri yalnız iki dövlət arasında ikitərəfli əlaqələr çərçivəsində qiymətləndirilə bilməz. Bu münasibətlər daha geniş regional proseslərin, Türk dünyasının inteqrasiyasının və Avrasiya məkanında yeni əməkdaşlıq imkanlarının formalaşmasında mühüm rol oynayır.
Mənim düşüncəmə görə, Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin ən böyük üstünlüyü onların qarşılıqlı etimada, səmimiyyətə və ortaq dəyərlərə əsaslanmasıdır. Siyasi iradə, iqtisadi potensial və xalqlarımız arasındakı mənəvi yaxınlıq bir-birini tamamladıqca bu müttəfiqliyin daha da güclənməsi üçün geniş imkanlar yaranır.
Prezident İlham Əliyevin müsahibəsi də məhz bu reallığı bir daha ortaya qoyur: Azərbaycan–Özbəkistan münasibətləri artıq ənənəvi dostluq əlaqələrindən daha yüksək mərhələyə yüksəlib. Bu gün söhbət siyasi, iqtisadi, humanitar və regional istiqamətləri əhatə edən hərtərəfli müttəfiqlikdən gedir.
Əminliklə demək olar ki, Azərbaycan və Özbəkistan arasında möhkəmlənən qardaşlıq və müttəfiqlik münasibətləri gələcək illərdə də yeni layihələrlə, yeni təşəbbüslərlə və daha geniş əməkdaşlıq imkanları ilə zənginləşəcək. Bu münasibətlərin möhkəmlənməsi yalnız iki dövlətin deyil, bütövlükdə Türk dünyasının birliyinin, regionda sülhün və davamlı inkişafın güclənməsinə mühüm töhfə verəcək.
Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən ortaq tarix və mənəvi dəyərlər bu münasibətlərin keçmişdən gələn əsasını təşkil edirsə, qarşılıqlı etimad, siyasi iradə və birgə layihələr onun gələcəyə istiqamətlənmiş möhkəm təməlidir. Məhz bu baxımdan Azərbaycan–Özbəkistan qardaşlığı yalnız bu günün uğurlu münasibəti deyil, gələcəyə hesablanmış strateji tərəfdaşlıq və müttəfiqlik nümunəsidir.

Nəzrin Əlizadə
YAP Nərimanov Rayon Təşkilatının məsləhətçisi

Digər xəbərlər