PDF Oxu

Siyasət

  • 518

Azərbaycan–Özbəkistan münasibətləri: yüksək səviyyəli siyasi dialoq və möhkəmlənən strateji müttəfiqlik

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Müsahibədə dövlətlərimiz arasında siyasi dialoqun çox yüksək səviyyədə olduğu xüsusi vurğulanmış, Azərbaycan–Özbəkistan əlaqələrinin qarşılıqlı etimad, hörmət və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdiyi qeyd edilmişdir. Bu münasibətlər həm ikitərəfli əməkdaşlığın genişlənməsinə, həm də Türk dünyasının birlik və həmrəyliyinin daha da güclənməsinə mühüm töhfə verir.
Azərbaycan və Özbəkistanı birləşdirən münasibətlər dərin tarixi, milli-mədəni və mənəvi bağlara əsaslanır. Hər iki xalqın ortaq tarixi kökləri, zəngin mədəni irsi və milli dəyərləri dövlətlərarası münasibətlərin möhkəm təməlini təşkil edir. Müstəqillik illərində isə bu tarixi yaxınlıq siyasi iradə və qarşılıqlı maraqlar əsasında müasir dövlətlərarası əməkdaşlıq modelinə çevrilmişdir. Bu baxımdan Azərbaycan və Özbəkistanın münasibətləri yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, daha geniş regional və beynəlxalq kontekstdə mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi “Dövlətlərimiz arasında siyasi dialoq çox yüksək səviyyədədir” fikri iki ölkə arasında münasibətlərin əsas xüsusiyyətlərindən birini ifadə edir. Yüksək səviyyəli siyasi dialoq dövlətlər arasında qarşılıqlı etimadın mövcudluğunun mühüm göstəricisidir. Azərbaycan və Özbəkistan beynəlxalq və regional məsələlərdə bir-birinin mövqeyinə hörmətlə yanaşır, qarşılıqlı dəstəyi və əməkdaşlığı prioritet istiqamət kimi qəbul edirlər. Bu siyasi yaxınlıq iqtisadiyyat, nəqliyyat, enerji, humanitar sahə və digər istiqamətlərdə əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradır.
İki ölkə liderlərinin qarşılıqlı səfərləri isə münasibətlərin inkişafında xüsusi rol oynayır. Dövlət başçılarının mütəmadi görüşləri və aparılan yüksək səviyyəli danışıqlar ikitərəfli əlaqələrin strateji xarakterini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri iki müstəqil, güclü və suveren dövlət arasında mövcud olan təbii müttəfiqliyi rəsmi olaraq daha da möhkəmləndirmişdir. Bu, Azərbaycan və Özbəkistanın münasibətlərinin yalnız siyasi tərəfdaşlıqla məhdudlaşmadığını, uzunmüddətli strateji məqsədlərə söykəndiyini göstərir.
Azərbaycan və Özbəkistan arasında strateji müttəfiqlik münasibətlərinin formalaşması Türk dünyasının ümumi gücünün artırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Hər iki dövlət Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edir və türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir. Bakı ilə Daşkənd arasında möhkəm münasibətlər Türk dünyasının vahid iqtisadi və nəqliyyat məkanının formalaşdırılması, qarşılıqlı investisiyaların artırılması və ortaq layihələrin həyata keçirilməsi baxımından yeni imkanlar yaradır.
Əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsidir. Azərbaycan və Özbəkistanın yerləşdiyi əlverişli coğrafi mövqe Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutlarının inkişafında hər iki ölkəyə xüsusi üstünlüklər verir. Orta Dəhlizin inkişafı Azərbaycan və Özbəkistanın iqtisadi potensialının daha səmərəli şəkildə əlaqələndirilməsinə, ticarət əlaqələrinin genişlənməsinə və regionun tranzit əhəmiyyətinin yüksəlməsinə şərait yaradır. Bu istiqamətdə əməkdaşlıq yalnız iki ölkənin deyil, bütövlükdə Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının iqtisadi inkişafına müsbət təsir göstərir.
Azərbaycan–Özbəkistan əlaqələrinin mühüm dayaqlarından biri də humanitar və mədəni əməkdaşlıqdır. Xalqlarımızın ortaq tarixi və mədəni dəyərləri bu sahədə əməkdaşlıq üçün geniş imkanlar açır. Elm, təhsil, mədəniyyət və incəsənət sahələrində həyata keçirilən birgə layihələr xalqlarımızın bir-birini daha yaxından tanımasına və qardaşlıq münasibətlərinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə Azərbaycan–Özbəkistan münasibətlərinin yüksək səviyyəsi, siyasi dialoqun möhkəmliyi və dövlət başçılarının qarşılıqlı səfərlərinin strateji əhəmiyyəti xüsusi olaraq önə çıxarılmışdır. İki müstəqil, güclü və suveren dövlət arasında formalaşmış təbii müttəfiqlik qarşılıqlı etimada və milli maraqların uzlaşdırılmasına əsaslanır. Bu münasibətlərin bundan sonra da bütün istiqamətlər üzrə inkişaf etdirilməsi həm Azərbaycan və Özbəkistanın milli maraqlarına, həm də Türk dünyasının birliyinin və regional əməkdaşlığın daha da güclənməsinə xidmət edəcəkdir.

Hüseyn Süleymanov
YAP Kəngərli rayon təşkilatının sədr müavini

Digər xəbərlər