PDF Oxu

Siyasət

  • 670

Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə: strateji müttəfiqlik və siyasi həmrəylik

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin keçdiyi inkişaf yoluna və bu əlaqələrin hazırkı siyasi məzmununa aydın baxış ortaya qoyur. Müsahibədə dövlət başçısının diqqət yetirdiyi əsas məqamlardan biri iki ölkə arasında münasibətlərin möhkəm tarixi və mənəvi təmələ söykənməsi, son illərdə isə bu təməlin üzərində yüksək səviyyəli siyasi tərəfdaşlığın formalaşmasıdır.

Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan yaxınlıq təsadüfi xarakter daşımır. Ortaq tarix, dil və mədəniyyət, mənəvi dəyərlər, əsrlər boyu formalaşmış qarşılıqlı rəğbət iki xalqı bir-birinə bağlayan əsas amillərdəndir. Bu təbii yaxınlıq müasir dövrdə dövlətlərarası münasibətlər üçün möhkəm zəmin yaradıb. Prezident İlham Əliyevin müsahibəsində də məhz bu amillərin Azərbaycan–Özbəkistan əlaqələrinin bugünkü siyasi səviyyəsinin formalaşmasında mühüm rol oynadığı vurğulanır.
Son illərdə münasibətlərin sürətli inkişafında Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq və qarşılıqlı etimad xüsusi əhəmiyyət daşıyır. Dövlət başçıları arasında müntəzəm təmaslar və qarşılıqlı səfərlər siyasi dialoqun ardıcıllığını təmin edib. Son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin həyata keçirilməsi münasibətlərin yalnız protokol xarakterli görüşlərlə məhdudlaşmadığını, davamlı siyasi məsləhətləşmələrə əsaslandığını göstərir.
Prezident İlham Əliyevin Özbəkistana səfərlərində ölkənin inkişaf proseslərini yaxından müşahidə etməsi və Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə yüksək qiymət verməsi də iki dövlət arasında münasibətlərdə qarşılıqlı hörmətin mühüm göstəricisidir. Özbəkistanın son illərdə müxtəlif sahələrdə əldə etdiyi uğurlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, ölkənin beynəlxalq nüfuzunun artması və inkişaf proseslərinin ardıcıl xarakter alması Azərbaycan tərəfindən diqqətlə izlənilir və yüksək qiymətləndirilir.
Azərbaycan–Özbəkistan münasibətlərinin siyasi baxımdan yeni mərhələyə keçməsini təmin edən əsas hadisələrdən biri qarşılıqlı dövlət səfərləri olub. 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri əlaqələrin hüquqi-siyasi bazasının daha da möhkəmləndirilməsi ilə nəticələnib. Həmin səfərlər zamanı imzalanan “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” münasibətlərin mahiyyətini yeni səviyyədə müəyyənləşdirən mühüm sənədlərdir. Bu sənədlər Azərbaycan və Özbəkistanın bir-birinə münasibətdə uzunmüddətli və strateji yanaşmasını rəsmiləşdirib. Müttəfiqlik münasibətlərinin müqavilə əsasında möhkəmləndirilməsi dövlətlər arasında qarşılıqlı dəstəyin və siyasi həmrəyliyin daha sistemli xarakter almasına imkan verir. Beləliklə, illər ərzində formalaşmış dostluq və tərəfdaşlıq münasibətləri hüquqi və institusional müstəvidə daha da möhkəmləndirilib.
Münasibətlərin institusional inkişafında 2023-cü ilin avqustunda yaradılmış Ali Dövlətlərarası Şuranın xüsusi rolu var. Bu mexanizm iki ölkənin uzunmüddətli əməkdaşlıq prioritetlərini müəyyənləşdirməyə, dövlətlərarası gündəliyin əsas məsələlərini müzakirə etməyə və əldə olunan razılaşmaların icrasını əlaqələndirməyə imkan verir. Şuranın artıq Daşkənddə və Bakıda iclaslarının keçirilməsi onun praktiki əhəmiyyətini təsdiqləyir.
Azərbaycan və Özbəkistanın siyasi münasibətlərinin daha bir mühüm xüsusiyyəti beynəlxalq və regional məsələlərdə bir-birinə göstərdikləri dəstəkdir. İki dövlət müxtəlif məsələlərdə qarşılıqlı həmrəylik nümayiş etdirir, bir-birinin mövqeyinə hörmətlə yanaşır və üzv olduqları beynəlxalq platformalarda əməkdaşlıq edirlər. Bu yanaşma münasibətlərin yalnız ikitərəfli gündəliklə məhdudlaşmadığını, hər iki ölkənin regional və qlobal proseslərə dair baxışlarında da yaxınlığın mövcud olduğunu göstərir. Prezident İlham Əliyevin müsahibəsində Azərbaycan–Özbəkistan münasibətlərinin gələcəyinə dair ifadə etdiyi fikirlər də məhz bu siyasi etimadın davamlı xarakter daşıdığını göstərir. Bu gün iki ölkə arasında müttəfiqlik münasibətləri artıq siyasi sənədlərlə təsdiqlənmiş möhkəm dövlətlərarası əlaqələr sistemidir. Qarşılıqlı hörmət, etimad, liderlər arasında səmimi münasibətlər və dövlətlərin milli maraqlarının bir çox məsələlərdə uzlaşması bu müttəfiqliyin dayanıqlı əsaslarını təşkil edir.
Azərbaycan və Özbəkistanın müstəqil, güclü və suveren dövlətlər kimi bir-birinin uğurlarına hörmətlə yanaşması, siyasi dialoqun davamlılığını qoruması və qarşılıqlı dəstəyə əsaslanan münasibətlər qurması göstərir ki, iki ölkə arasında formalaşan müttəfiqlik uzunmüddətli xarakter daşıyır. Bu münasibətlər həm Azərbaycan, həm də Özbəkistanın milli maraqlarına uyğun olmaqla yanaşı, regionda qarşılıqlı etimad və sabitliyin möhkəmləndirilməsinə də mühüm töhfə verir.

Telman Ağabəyov,
Salyan bələdiyyəsinin sədri, YAP fəalı

Digər xəbərlər