PDF Oxu

Siyasət

  • 707

Laçın – Zəfərimizin canlı təcəssümü və gələcəyə açılan yol

image

26 Avqust – Laçın Şəhəri Günü Azərbaycanın tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu gün Laçının zəngin tarixi, strateji mövqeyi, işğal dövründə üzləşdiyi faciələr və Vətən müharibəsindən sonra şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin ictimaiyyətə çatdırılması baxımından xüsusi məna daşıyır. Laçın bu gün yalnız azad edilmiş şəhər kimi deyil, həm də Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi yeni inkişaf strategiyasının mühüm mərkəzlərindən biri kimi diqqət çəkir.
Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayonun yaşayış məntəqələri dağıdılmış, tarixi və mədəni irsə ciddi ziyan vurulmuş, laçınlıların doğma yurdlarından məcburi köçkün düşməsi ilə nəticələnmişdir. Uzun illər ərzində Laçının işğal altında qalması Azərbaycan xalqının yaddaşında ağır bir faciə kimi qalmış, rayonun azad edilməsi əsas milli məqsədlərdən birinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə həyata keçirilən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında tarixi mərhələ olmuşdur. Laçın rayonunun müəyyən hissəsinin döyüş meydanında, Laçın şəhəri və rayonun digər ərazilərinin isə üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycanın nəzarətinə qaytarılması tarixi ədalətin bərpasının mühüm nəticələrindən biri olmuşdur. Bununla da uzun illər doğma torpaqlarından ayrı düşmüş laçınlıların öz yurdlarına qayıdışı üçün real imkan yaranmışdır.
Laçının azad olunması Azərbaycanın təhlükəsizlik və geosiyasi baxımdan mühüm strateji məqsədlərindən birinin reallaşması deməkdir. Rayonun coğrafi mövqeyi onu həm Qarabağ, həm də Şərqi Zəngəzur regionları arasında mühüm əlaqələndirici məkana çevirir. Bu baxımdan Laçının inkişafı yalnız rayonun sosial-iqtisadi dirçəlişi ilə məhdudlaşmır, eyni zamanda regionda nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi və iqtisadi potensialın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
İşğaldan azad edilmiş ərazilərdə olduğu kimi, Laçında da genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Şəhərin müasir infrastrukturu yenidən qurulur, yaşayış binaları, fərdi evlər, sosial obyektlər və inzibati binalar inşa edilir. Eyni zamanda yolların, mühəndis-kommunikasiya sistemlərinin və digər infrastruktur obyektlərinin yaradılması Laçının dayanıqlı inkişafı üçün möhkəm zəmin formalaşdırır. Görülən işlərin əsas məqsədi əhalinin rahat və təhlükəsiz yaşayışını təmin etməklə yanaşı, Laçını müasir və abad şəhərə çevirməkdir.
Laçının yenidən canlandırılmasında Böyük Qayıdış proqramının xüsusi rolu vardır. Doğma torpaqlarından uzun illər ayrı qalmış insanların mərhələli şəkildə öz yurdlarına qayıtması yalnız sosial hadisə deyil, həm də tarixi ədalətin bərpasının mühüm göstəricisidir. Laçına qayıdan ailələrin rahat yaşayışı üçün müasir məktəblərin, tibb müəssisələrinin, sosial və mədəni obyektlərin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
Laçının yeni inkişaf dövrü iqtisadi potensialın səmərəli istifadəsi ilə də səciyyələnir. Rayonun təbii ehtiyatları, əlverişli coğrafi mövqeyi, turizm imkanları və kənd təsərrüfatı potensialı gələcək iqtisadi inkişaf üçün geniş perspektivlər yaradır. Xüsusilə Laçının təbiəti və dağlıq relyefi turizmin müxtəlif istiqamətlərinin inkişafı üçün əlverişli imkanlar təqdim edir. Bu potensialdan məqsədyönlü istifadə şəhərin və rayonun iqtisadi həyatının canlanmasına, yeni iş yerlərinin yaradılmasına və əhalinin məşğulluğunun artırılmasına xidmət edəcəkdir.
Bu gün Laçında aparılan bərpa və quruculuq işləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərə münasibətdə həyata keçirdiyi ardıcıl siyasətin nəticəsidir. Burada müasir şəhərsalma prinsipləri, ekoloji yanaşmalar və dayanıqlı inkişaf meyarları nəzərə alınır. Laçının “ağıllı şəhər” konsepsiyası əsasında yenidən qurulması onun gələcəkdə müasir texnologiyaların tətbiq olunduğu, rahat və təhlükəsiz yaşayış məkanlarından birinə çevrilməsinə imkan verir.
26 Avqust – Laçın Şəhəri Günü həm keçmişin xatırlanması, həm də gələcəyə inamın ifadəsidir. İşğal illərinin ağır nəticələrindən sonra bu gün Laçın sürətlə dirçələn, insanların qayıtdığı və yeni həyatın qurulduğu məkana çevrilir. Laçının azadlığı Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının simvolu olduğu kimi, burada həyata keçirilən genişmiqyaslı quruculuq işləri də ölkəmizin gücünün, inkişaf imkanlarının və Böyük Qayıdış siyasətinin əyani göstəricisidir. Laçının yeni inkişaf dövrü onun Azərbaycanın ən gözəl, müasir və dinamik inkişaf edən şəhərlərindən birinə çevrilməsi istiqamətində mühüm perspektivlər açır.

Hüseyn Süleymanov
YAP Kəngərli rayon təşkilatının sədr müavini

Digər xəbərlər