PDF Oxu

Siyasət

  • 2 500

Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır

image

Azərbaycan və Özbəkistan xalqları arasında əsrlər boyu formalaşmış qardaşlıq münasibətləri bu gün dövlətlərarası əlaqələrin möhkəm təməlini təşkil edir. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə də iki qardaş ölkə arasında münasibətlərin mahiyyətini, inkişaf dinamikasını və gələcək perspektivlərini aydın şəkildə ortaya qoyur.

Dövlətimizin başçısının müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan və Özbəkistan arasındakı münasibətlər yalnız siyasi və iqtisadi maraqlara söykənmir. Bu münasibətlərin təməlində ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər, birlik və həmrəylik, ən başlıcası isə xalqlarımızın nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbət dayanır. Məhz bu mənəvi-siyasi təməl iki ölkə arasındakı münasibətlərin son illərdə misli görünməmiş səviyyədə inkişaf etməsinə imkan yaradıb.

Bu gün Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək – müttəfiqlik səviyyəsinə yüksəlib. Bu, sadəcə diplomatik münasibətlərin ifadəsi deyil, qarşılıqlı etimadın, siyasi iradənin və strateji baxışların nəticəsidir. Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi dostluq və qarşılıqlı hörmət münasibətləri də dövlətlərarası əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır.

Son illərdə dövlət başçıları arasında intensiv təmaslar və qarşılıqlı səfərlər münasibətlərin dinamik inkişafının əsas göstəricilərindəndir. Prezident İlham Əliyevin müsahibəsində bildirildiyi kimi, son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin və çoxsaylı görüşlərin keçirilməsi iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən xəbər verir.

Azərbaycan-Özbəkistan əlaqələrinin mühüm istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesində Özbəkistanın göstərdiyi qardaşlıq dəstəyidir. Özbəkistan Qarabağın bərpasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkələrdən biri, Prezident Şavkat Mirziyoyev isə bu istiqamətdə ilk lider olmuşdur. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi Özbəkistanın Azərbaycana münasibətinin və qardaşlıq həmrəyliyinin parlaq nümunəsidir.

Bu gün Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq siyasi əlaqələrlə məhdudlaşmır. İqtisadiyyat, investisiya, nəqliyyat, logistika, mədəniyyət, humanitar sahə, media, vətəndaş cəmiyyəti və digər istiqamətlərdə geniş əməkdaşlıq imkanları mövcuddur. İki ölkənin şəhərləri arasında qardaşlaşma münasibətlərinin genişlənməsi də xalqlarımızı bir-birinə daha da yaxınlaşdıran mühüm amildir. Bakı-Daşkənd, Şuşa-Xivə, Füzuli-Gülüstan, Mingəçevir-Namanqan və digər şəhərlər arasında qurulan tərəfdaşlıq əlaqələri bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Mədəni-humanitar əlaqələr Azərbaycan-Özbəkistan qardaşlığının ən mühüm dayaqlarından biridir. Daşkənddə Heydər Əliyev meydanının, Bakıda isə “Özbəkistan” parkının yaradılması xalqlarımızın bir-birinə olan dərin hörmətinin rəmzi ifadəsidir. Bu cür layihələr yalnız iki ölkənin paytaxtlarını deyil, Azərbaycan və Özbəkistan xalqlarının mənəvi dünyasını da daha sıx bağlayır.

Media sahəsində əməkdaşlığın inkişafı da xüsusi diqqət çəkir. 2024-cü ildə Daşkənddə Birinci Özbəkistan-Azərbaycan Media Forumunun, 2025-ci ildə isə Bakıda İkinci Azərbaycan-Özbəkistan Media Forumunun keçirilməsi informasiya mübadiləsinin və qarşılıqlı media əlaqələrinin genişləndirilməsi baxımından mühüm addımlardır. 2026-cı ildə iki ölkənin QHT-ləri üçün ilk dəfə birgə qrant müsabiqəsinin elan edilməsi isə əməkdaşlığın artıq yeni mərhələyə keçdiyini göstərir.

Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm xüsusiyyətlərindən biri də beynəlxalq və regional platformalarda qarşılıqlı dəstəyin yüksək səviyyədə olmasıdır. Hər iki ölkə Türk Dövlətləri Təşkilatında fəal rol oynayır və türk dünyasının birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verir. Eyni zamanda, BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlıq davam etdirilir.

Azərbaycan ilə Özbəkistanın yaxınlaşması bütövlükdə Mərkəzi Asiya ilə Azərbaycan arasında əlaqələrin inkişafına da mühüm təsir göstərir. Xəzər dənizi iki regionu ayıran deyil, birləşdirən mühüm coğrafi və strateji amilə çevrilib. Bu baxımdan Azərbaycan-Özbəkistan əməkdaşlığı təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, daha geniş regional əməkdaşlıq və nəqliyyat-kommunikasiya imkanları baxımından da mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan-Özbəkistan münasibətləri keçmişin ortaq dəyərləri üzərində qurulmaqla yanaşı, gələcəyə hesablanmış strateji tərəfdaşlıq məzmunu daşıyır. Qarşılıqlı səfərlər, dövlətlərarası mexanizmlər, iqtisadi layihələr, humanitar əlaqələr və beynəlxalq platformalarda həmrəylik bu münasibətlərin davamlı inkişafını təmin edən əsas amillərdir.

Ən əsası isə Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin yalnız dövlətlərarası əlaqə deyil, xalqlarımızın ürəyindən gələn qardaşlıq münasibəti olmasıdır. Prezident İlham Əliyevin ifadə etdiyi “dərin qarşılıqlı rəğbət” anlayışı məhz bu reallığı əks etdirir.

Bu gün Azərbaycan və Özbəkistan arasında formalaşmış müttəfiqlik münasibətləri türk dünyasının birliyi və həmrəyliyi baxımından da xüsusi əhəmiyyət daşıyır. Əminliklə demək olar ki, ortaq tarixə, mədəniyyətə və mənəvi dəyərlərə əsaslanan Azərbaycan-Özbəkistan qardaşlığı bundan sonra da yeni layihələr və yeni təşəbbüslərlə daha da möhkəmlənəcək, iki ölkənin və bütövlükdə türk dünyasının inkişafına mühüm töhfələr verəcəkdir.

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Digər xəbərlər