Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sərəncama əsasən 26 avqust Laçın Şəhəri Günü kimi müəyyən olunub. Həmin Sərəncamdan irəli gələrək 26 avqust Laçın Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur. Təbii ki, şəhər günlərinin təsis edilməsi özündə mühüm çağırışları ehtiva edir. Həmin günlər indiki və gələcək nəsillərə tarixi Zəfərimizə gedən yolun reallıqlarını çatdırmaqla yanaşı, torpaqlarımızın azad edildikləri tarixi yaddaşlarına əbədi həkk etməyi bir tələb kimi qarşıya qoyur.
Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsidə rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avto-nəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən məhv edilib, beynəlxalq və yerli əhəmiyyətli tarixi abidələr vandalizmə məruz qalıb. Şübhəsiz ki, məhz Laçının işğalı ölkəmiz üçün yeni faciələrə yol açmış, düşmənin mövqeyini gücləndirmişdir. Çünki, həmin dövrdə Laçının işğalının Ermənistan üçün olduqca böyük strateji əhəmiyyəti vardır. Laçının işğal edilməsi ilə Ermənistan və Qarabağ arasında maneəsiz əlaqə yaranmış, ermənilər yeni canlı qüvvələri və hərbi-texnikanı daha rahat şəkildə Azərbaycan ərazisinə soxulmasına, sonrakı işğalçılıq siyasətinin həyata keçirilməsinə imkan qazanmışdır. Şanlı Azərbaycan ordusu 2020-ci ilin sentyabr-noyabr aylarında müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə ədaləti bərqərar etdi. Vətən müharibəsində əldə olunmuş Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən həmin ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabuq və Sus kəndləri nəzarətə götürüldü. Bununla da Azərbaycan düşmən üzərində həm hərbi, həm də siyasi-diplomatik müstəvidə tam və qəti qələbə qazandı. Bu tarixi hadisə ölkəmizin hərbi-siyasi gücünün təntənəsi kimi yaddaşlara yazıldı. Prezident İlham Əliyevin Sərəncamı ilə həmin gün Laçın Şəhəri Günü elan edildi.
Bu gün Laçın Azərbaycanın azad edilmiş torpaqları sırasında yenidən qurulur. Böyük Qayıdış proqramı çərçivəsində Laçına ilk sakinlər geri dönüb. 2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. 31 ildən sonra onlar öz doğma şəhərlərinə, kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Azərbaycan prezidenti, Ali Baş Komandan İlham ƏIiyevin rəhbərliyi ilə burada müasir infrastruktur layihələr həyata keçirilir, eyni zamanda işğalın vurduğu yaraları sağaldaraq Laçın əvvəlkindən də güclü bir mərkəzə çevrilir. Laçının azad edilməsindən sonra burada aparılan bərpa-quruculuq işləri təkcə tarixi-ədalətin bərpası yox, həm də müasir inkişaf modelinin nümunəsinə çevrilir. Bütün bunlar bu reallığı təsdiqləyir ki müasir tələblər səviyyəsində həyata keçirilən bərpa-quruculuq işlərində əsas hədəf doğma yurda qayıdan soydaşlarımızın yaşayış şəraitinin və məşğulluğunun yüksək səviyyədə təmin edilməsidir.
İşğaldan azad olunmuş ərazilərin inkişafının daim xüsusi diqqətdə saxlayan prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. 2021-ci ildə keçirilən səfərlər zamanı Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması, Hava Limanının və əsas infrastruktur layihələrinin təməlinin qoyulması, elektrik yarımstansiyalarının, su anbarları və tunellərin inşası kimi mühüm layihələr reallaşdırılıb. Rayonda həyata keçirilən layihələrin, aparılan quruculuq işlərinin gedişi ilə tanış olub. 2025-ci ildə isə Laçın Beynəlxalq Hava Limanının açılışı, kanat yolunun təməl qoyması və Beynəlxalq Zirvə Görüşünün keçirilməsi Laçının təkcə Azərbaycan üçün deyil, region üçün də mühüm strateji və siyasi mərkəzə çevrildiyini təsdiqləyir. Onu da qeyd edək ki MDB Humanitar Əməkdaşlıq Şurasının 8 oktyabr 2024-cü il tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan olunub.
Bu gün Laçın təkcə azad olunmuş bir rayon deyil, həm də Azərbaycanın müasir inkişaf modelinin təcəssümüdür. Qəhrəmanlıq tarixi ilə şərəflənən Laçın indi quruculuq-tərəqqi və dayanıqlı inkişaf yolundadır. Burada həyata keçirilən genişmiqyaslı layihələr Laçını həm yaşayış, həm də iqtisadiyyat, həm də mədəniyyət baxımından bölgənin parlayan mərkəzinə çevirir. Burada görülən işlər ölkəmizin gücünü, dövlət siyasətinin məqsədyönlülüyünün, xalqın doğma yurduna bağlılığını nümayiş etdirir.
Doğma Laçın artıq azaddır, bərpa edilir, yenidən qurulur, inkişafının yeni mərhələsini yaşayır. Laçın şəhərinin mərkəzində müqəddəs Bayrağımız dalğalanır və əbədi dalğalanacaqdır!
Əlövsət Qurbanov
YAP Lənkəran rayon təşkilatının sədr müavini