Laçın bu gün yalnız azad edilmiş şəhərimiz deyil, Azərbaycanın tarixi yaddaşının, milli iradəsinin və Böyük Qayıdışının parlaq rəmzidir
Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası istiqamətində mühüm mərhələnin başlanğıcı oldu. 44 günlük Vətən müharibəsinin nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat Azərbaycanın işğal altında qalan ərazilərinin mərhələli şəkildə geri qaytarılmasını təmin etdi. Bu tarixi sənədə əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı.
Laçının azad olunması Azərbaycan xalqının yaddaşında xüsusi yer tutan tarixi hadisələrdən biridir. Çünki Laçın yalnız coğrafi ərazi deyil, Azərbaycanın Qarabağ bölgəsinin ayrılmaz hissəsi, strateji əhəmiyyətə malik qədim yurd yerlərimizdən biridir. Uzun illər doğma torpaqlarından didərgin salınmış laçınlıların Vətənə qayıdış arzusu həmin gün yeni mərhələyə qədəm qoydu.
2022-ci il avqustun 26-sı Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə Laçın məsələsində daha bir mühüm tarixi mərhələ başlandı. Azərbaycan Ordusunun mövqelərinin irəliləməsi və bu ərazilərin nəzarətə götürülməsi xalqımızın illər boyu həsrətində olduğu torpaqlara qayıdışını daha da yaxınlaşdırdı.
Laçının işğal altında olduğu illər isə bu qədim torpağın ağır sınaqlardan keçdiyi bir dövr kimi tarixə düşdü. İşğal zamanı şəhərin və kəndlərin yaşayış infrastrukturu dağıdıldı, evlər və ictimai binalar viran qoyuldu, tarixi-mədəni irsə ciddi ziyan vuruldu. Ermənilərin işğal etdiyi digər Azərbaycan ərazilərində olduğu kimi, Laçında da Azərbaycan xalqının maddi və mənəvi irsinə qarşı məqsədyönlü dağıntılar törədildi.
şğaldan azad edilmiş ərazilərdə aparılan araşdırmalar göstərdi ki, dağıntıların miqyası yalnız yaşayış məntəqələri ilə məhdudlaşmayıb. Tarixi-mədəni abidələr, qəbiristanlıqlar, məscidlər, yollar, evlər və digər infrastrukturlar ciddi zərər görüb. Təbiətə və ətraf mühitə vurulan ziyan da bu faciənin digər ağır nəticələrindən biri oldu.
Laçının işğalı zamanı həyata keçirilən qanunsuz məskunlaşdırma siyasəti də ayrıca qeyd edilməlidir. Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş bu addımlar beynəlxalq hüququn fundamental prinsiplərinə zidd idi. İşğalın uzun illər davam etməsi isə həmin ərazilərin sahibsiz qalması anlamına gəlmirdi. Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıdacağı günə inanırdı.
2020-ci il sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Ordusu bir sıra şəhər, rayon, kənd və strateji yüksəklikləri işğaldan azad etdi. Şuşanın azad olunması isə müharibənin taleyini müəyyənləşdirən mühüm hadisələrdən biri oldu. Azərbaycanın hərbi-siyasi üstünlüyü Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.
2022-ci ilin avqustunda isə Laçın şəhəri ilə yanaşı, Zabux və Sus kəndlərinin də nəzarətə götürülməsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində növbəti mühüm addım oldu. Bu hadisə illərlə doğma yurdlarından ayrı düşmüş insanların qayıdış ümidlərini daha da gücləndirdi.
Bu gün Laçında aparılan genişmiqyaslı quruculuq işləri tarixi ədalətin yalnız hərbi-siyasi deyil, həm də sosial və humanitar baxımdan bərpa edildiyini nümayiş etdirir. Dağıdılmış şəhər və kəndlər yenidən qurulur, yollar çəkilir, infrastruktur yaradılır, yaşayış məhəllələri salınır. Ən əsası isə illər əvvəl doğma yurdlarından didərgin düşmüş insanlar öz evlərinə qayıdırlar.
Laçının dirçəldilməsi Azərbaycanın Böyük Qayıdış siyasətinin mühüm nümunələrindən biridir. Bir zamanlar işğalın və dağıntının simvoluna çevrilmiş ərazilər bu gün quruculuğun, inkişafın və həyatın yeni ünvanlarına çevrilir.
Laçın həm də Azərbaycanın polad iradəsinin göstəricisidir. İşğal illərində xalqımız torpaqlarını unutmadı, öz tarixi yaddaşını qorudu və ərazi bütövlüyünün bərpa olunacağına inamını itirmədi. Bu gün isə həmin torpaqlarda Azərbaycan bayrağının dalğalanması bu inamın gerçəyə çevrilməsinin ən parlaq ifadəsidir.
Laçının tarixində yeni səhifə açılıb. Bu səhifə artıq işğal, məcburi köçkünlük və dağıntılarla deyil, qayıdış, quruculuq, inkişaf və dirçəlişlə yazılır.
Tarixi ədalətin təntənəsi məhz budur - illərlə həsrətində olduğumuz torpağa qayıtmaq, dağıdılmış yurdumuzu yenidən qurmaq və həmin torpaqlarda gələcəyə inamla yaşamaq.
Laçın bu gün yalnız azad edilmiş şəhər deyil, Azərbaycanın tarixi yaddaşının, milli iradəsinin və Böyük Qayıdışının parlaq rəmzidir. 18 may 1992-ci ildə işğal olunan Laçın, 28 ildən artıq davam edən həsrətdən sonra 2020-ci il Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfərin nəticəsində 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarıldı.
Bu gün Laçın yenidən qurulur, dirçəlir və öz doğma sakinlərini qoynuna alır. Burada ucalan hər yeni bina, salınan hər yol və qurulan hər ocaq yalnız şəhərin deyil, Azərbaycanın tarixi ədalətinin bərpasını təcəssüm etdirir. Laçın keçmişin ağrısından gələcəyin qüruruna uzanan yol, milli iradəmizin təntənəsidir.
David Həsənov
YAP Naxçıvan şəhər təşkilatının əməkdaşı