PDF Oxu

Siyasət

  • 780

Müttəfiqlik münasibətləri yeni mərhələyə yüksəlir - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 23-24-də Özbəkistan Respublikasına dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında mühüm tarixi mərhələ kimi qiymətləndirilə bilər. Daşkənddə keçirilən yüksəksəviyyəli görüşlər, aparılan danışıqlar və Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi iki qardaş ölkə arasında siyasi dialoqun, qarşılıqlı etimadın və strateji əməkdaşlığın yüksək səviyyəsini bir daha nümayiş etdirdi. Səfərin ən mühüm nəticələrindən biri isə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanması oldu. Bu sənəd əsrlər boyu formalaşmış dostluq və qardaşlıq münasibətlərinin dövlətlərarası səviyyədə əbədiləşdirilməsi baxımından xüsusi siyasi və mənəvi əhəmiyyət daşıyır. Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəm təməlini ilk növbədə xalqlarımızı birləşdirən ortaq tarix, dil, mədəniyyət, milli-mənəvi dəyərlər və əsrlər boyu qorunub saxlanılan qarşılıqlı rəğbət təşkil edir. Bu münasibətlər həm də Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının məntiqi davamı olaraq Azərbaycanın türk dünyası ilə əlaqələrinin ardıcıl şəkildə inkişaf etdirilməsinin mühüm istiqamətlərindən biridir. Son illərdə iki ölkə arasında əlaqələrin dinamik inkişafı nəticəsində münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. 2024-cü ildə imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və 2025-ci ildə imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” Azərbaycan-Özbəkistan münasibətlərinin hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirib. Əbədi dostluq haqqında yeni müqavilə isə bu münasibətlərin daha yüksək mərhələyə keçdiyini göstərən mühüm sənəd kimi xüsusi əhəmiyyət daşıyır. Çünki burada söhbət yalnız dövlətlərarası əməkdaşlığın hüquqi çərçivəsinin genişləndirilməsindən deyil, xalqlarımız arasında tarixdən gələn doğmalığın və qardaşlığın gələcək nəsillər üçün də qorunmasına dair siyasi iradənin ifadəsindən gedir. İki ölkə arasında münasibətlərin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq, qarşılıqlı hörmət və etimad mühüm rol oynayır. Dövlət başçılarının müntəzəm görüşləri və qarşılıqlı səfərləri Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafına yeni impuls verməklə yanaşı, xalqlarımız arasındakı mənəvi yaxınlığı da daha da gücləndirir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, iki lider arasında mövcud olan səmimi münasibətlər dövlətlərarası əlaqələrin hazırkı yüksək səviyyəyə yüksəlməsinin əsas amillərindən biridir. Dövlətlərarası münasibətlərin mənəvi məzmununu nümayiş etdirən mühüm hadisələrdən biri də Azərbaycan Prezidentinin sərəncamı ilə Şavkat Mirziyoyevin “Heydər Əliyev” ordeni, Özbəkistan Prezidentinin isə İlham Əliyevi “Dostluq” ordeni ilə təltif etməsi olub. Bu qarşılıqlı təltiflər iki liderə verilən yüksək siyasi qiymətlə yanaşı, Azərbaycan və Özbəkistan xalqları arasında dostluq və qardaşlıq münasibətlərinə göstərilən ehtiramın da ifadəsidir.

Səfər çərçivəsində əldə olunan razılaşmalar Azərbaycan-Özbəkistan münasibətlərinin yalnız siyasi müstəvidə deyil, iqtisadi və investisiya sahəsində də böyük potensiala malik olduğunu göstərdi. Qarşılıqlı investisiyaların artırılması, sənaye, energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat-logistika və digər istiqamətlərdə birgə layihələrin həyata keçirilməsi əməkdaşlığın real iqtisadi nəticələrlə zənginləşdiyini təsdiqləyir. “Davr Bank”, Gips zavodu, “Landau” STEAM məktəbləri, SOCAR-ın yeni yanacaqdoldurma məntəqələri, “Sea Breeze Uzbekistan”, “Baku City” gümüş filizinin emalı fabriki və meyvə bağları kimi layihələr iki ölkənin iqtisadi potensiallarının birləşdirilməsi baxımından diqqətəlayiqdir. İqtisadi-ticari əlaqələrdə də müsbət dinamika müşahidə olunur. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatması iqtisadi əməkdaşlığın genişlənməsinin mühüm göstəricisidir. Qarşıdakı dövrdə qarşılıqlı ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması məqsədi də iki ölkənin iqtisadi münasibətlərin potensialını daha da artırmaq niyyətini nümayiş etdirir. Energetika sahəsində əməkdaşlıq da Azərbaycan-Özbəkistan tərəfdaşlığının mühüm istiqamətlərindən biridir. Neft-qaz sektorunda yaradılmış birgə müəssisələr, SOCAR və “Özbəknefteqaz” arasında əməkdaşlıq, eləcə də “Turan Energy AFEZCO”nun fəaliyyəti qarşılıqlı iqtisadi əlaqələrin şaxələndirilməsinə xidmət edir. Bununla yanaşı, Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerji sahəsində əməkdaşlıq və “Yaşıl Dəhliz Birliyi”nin yaradılması Mərkəzi Asiya ilə Azərbaycan arasında gələcək enerji əməkdaşlığının yeni perspektivlərini ortaya qoyur. Bu istiqamət Xəzər dənizi üzərindən bərpaolunan enerjinin nəqli imkanlarının genişləndirilməsi baxımından da strateji əhəmiyyət daşıyır. Azərbaycan-Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsidir. Azərbaycanın Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağı kimi mövqeyi ilə Özbəkistanın Mərkəzi Asiyada yerləşən strateji imkanlarının birləşdirilməsi hər iki ölkə üçün yeni iqtisadi perspektivlər yaradır. Nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı ticarət dövriyyəsinin artırılması ilə yanaşı, Azərbaycan və Özbəkistanın daha geniş regional iqtisadi proseslərdə rolunun gücləndirilməsinə xidmət edir. Azərbaycan-Özbəkistan münasibətlərinin daha bir mühüm istiqaməti Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesində əməkdaşlıqdır. Özbəkistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına ilk dəstək göstərən ölkələrdən biri olub. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası, Xankəndidə tikiş fabrikinə investisiya qoyuluşu və Qarabağda birgə sənaye layihələrinin həyata keçirilməsi qardaş ölkənin Azərbaycanın quruculuq prosesinə verdiyi töhfənin konkret nümunələridir. Bu layihələr siyasi həmrəyliyin real iqtisadi və sosial əməkdaşlığa çevrildiyini göstərir.

İki ölkə arasında münasibətlərdə mədəni-humanitar əməkdaşlıq da xüsusi yer tutur. Ortaq tarix, dil və mədəni irs Azərbaycan və Özbəkistan xalqlarının bir-birini daha yaxından tanımasına və qarşılıqlı mənəvi bağların möhkəmlənməsinə geniş imkan yaradır. Mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, ədəbi layihələr və təhsil proqramları bu əlaqələrin inkişafına mühüm töhfə verir. 2023 və 2025-ci illərdə Azərbaycan Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü ildə isə Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi edib. Özbəkistan Milli Pedaqoji Universitetinin Nizami Gəncəvinin adını daşıması da iki xalqın ədəbi və mənəvi irsinin nə qədər sıx bağlı olduğunu göstərən mühüm nümunələrdəndir. Azərbaycan və Özbəkistan şəhərləri arasında qurulan qardaşlıq əlaqələri də xalqlarımızın yaxınlaşmasına xidmət edən mühüm platformadır. Bakı-Daşkənd, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokand, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Güliston, Quba-Cizak və Beyləqan-Şəhrisəbz arasında qardaşlaşma münasibətlərinin yaradılması əlaqələrin yalnız mərkəzi hakimiyyətlər səviyyəsində deyil, regionlar və şəhərlər arasında da inkişaf etdiyini göstərir. Ürgənc-Naxçıvan, Ürgənc-Xankəndi və Buxara-Laçın arasında qardaşlıq münasibətlərinin qurulması istiqamətində atılan addımlar isə bu prosesin daha da genişləndiyini təsdiqləyir. Bakıda “Özbəkistan” parkının yaradılması təşəbbüsü də iki ölkə arasında dostluğun və qardaşlığın rəmzlərindən birinə çevrilməkdədir. Heydər Əliyev Fondunun həyata keçirdiyi müxtəlif layihələr isə Azərbaycan və Özbəkistan arasında mədəni-humanitar əlaqələrin inkişafına mühüm töhfə verir. Belə təşəbbüslər ortaq irsin qorunması, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və gələcək nəsillər arasında dostluq əlaqələrinin davamlılığının təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistanın əməkdaşlığı ikitərəfli münasibətlərlə məhdudlaşmır. Hər iki ölkənin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlığı Türk dünyasının inteqrasiyasının dərinləşdirilməsinə mühüm töhfə verir. Azərbaycan və Özbəkistan ortaq tarix və mədəniyyətin qorunmasını, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafını, təhsil, elm və humanitar əməkdaşlığın genişləndirilməsini Türk dünyasının gələcək inkişafının mühüm istiqamətləri kimi qiymətləndirirlər. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatında iştirakının genişlənməsi də Bakı ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin yeni mərhələyə keçdiyini göstərir.

Bu gün Azərbaycan və Özbəkistan münasibətləri tarixdən gələn dostluğun müasir dövlətçilik və strateji tərəfdaşlıq modelinə çevrilməsinin nümunəsidir. İqtisadiyyat, energetika, nəqliyyat, investisiya, mədəniyyət, təhsil və digər sahələrdə genişlənən əməkdaşlıq iki ölkənin qarşılıqlı potensialını daha da gücləndirir. Eyni zamanda, Bakı və Daşkənd arasında möhkəmlənən müttəfiqlik Türk dünyasının birlik və həmrəyliyinin gücləndirilməsinə, regional əməkdaşlığın dərinləşməsinə və beynəlxalq arenada ortaq mövqelərin daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Azərbaycan və Özbəkistanın bu gün formalaşdırdığı münasibətlər yalnız iki dövlətin bugünkü siyasi gündəliyini deyil, gələcək nəsillərin də davam etdirəcəyi böyük bir qardaşlıq irsini ifadə edir. Əbədi dostluq haqqında müqavilə bu irsin dövlət səviyyəsində təsdiqi olmaqla yanaşı, Azərbaycan və Özbəkistanın ortaq gələcəyə, davamlı əməkdaşlığa və Türk dünyasının daha güclü birliyinə yönəlmiş qəti siyasi iradəsinin parlaq göstəricisidir.

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Digər xəbərlər