Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin yüksək səviyyəsini, möhkəm tarixi və mənəvi əsaslarını, eləcə də gələcək inkişaf perspektivlərini aydın şəkildə nümayiş etdirir. Bu münasibətlər ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərə əsaslanaraq son illərdə strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Özbəkistan xalqlarını əsrlər boyu formalaşmış qarşılıqlı rəğbət, dostluq və qardaşlıq bağları birləşdirir. Bu möhkəm təməl üzərində qurulan dövlətlərarası əlaqələr son illərdə xüsusi dinamizm qazanıb. Prezident İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad da iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm rol oynayır.
Azərbaycan Özbəkistanın son illərdə əldə etdiyi iqtisadi və sosial nailiyyətləri yüksək qiymətləndirir. Müasir şəhərlərin salınması, iqtisadiyyatın şaxələndirilməsi, infrastrukturun inkişafı, elm, təhsil, mədəniyyət və idmana diqqətin artırılması ölkənin sürətli inkişafının əsas göstəricilərindəndir.
Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm xüsusiyyətlərindən biri yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı səfərlərin intensivliyidir. Son beş ildə dövlət başçıları səviyyəsində 15 qarşılıqlı səfərin həyata keçirilməsi əlaqələrin inkişafına güclü təkan verib. 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura isə strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrilib.
2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri və 2025-ci ilin iyulunda Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri münasibətlərin inkişafında mühüm mərhələ təşkil edib. Bu səfərlər zamanı imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında mövcud olan təbii qardaşlıq və müttəfiqliyi hüquqi və siyasi baxımdan daha da möhkəmləndirib.
İki ölkə arasında iqtisadi-ticari əlaqələr də sürətlə inkişaf edir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatıb. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsində 33 faizlik artım qeydə alınıb.
500 milyon ABŞ dolları ümumi kapitalla yaradılmış Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti qarşılıqlı investisiyaların genişləndirilməsi baxımından mühüm platformadır. Energetika sahəsində SOCAR və “Özbəknefteqaz” arasında əməkdaşlıq, “Turan Energy AFEZCO”nun fəaliyyəti və digər layihələr iki ölkənin iqtisadi əlaqələrinin praktiki nəticələrini göstərir.
Yaşıl enerji sahəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaradılmış “Yaşıl Dəhliz Birliyi” də xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs bərpaolunan enerjinin istehsalı, ixracı və Azərbaycan–Mərkəzi Asiya yaşıl enerji dəhlizinin inkişafına xidmət edir.
Nəqliyyat və tranzit sahəsində də müsbət dinamika müşahidə olunur. 2025-ci ildə iki ölkə arasında tranzit daşımalarının həcmi 6,7 faiz artaraq 1,4 milyon tona çatıb. Avtomobil istehsalı, Füzulidə 100 hektarlıq “Dostluq bağı”nın salınması, qarşılıqlı investisiya layihələri və turizm obyektlərinin yaradılması iqtisadi əməkdaşlığın genişləndiyini göstərir.
Azərbaycan–Özbəkistan münasibətlərinin əsas dayaqlarından biri də mədəni-humanitar əməkdaşlıqdır. Mədəniyyət günlərinin qarşılıqlı keçirilməsi, Xivədə “Şuşa Günləri”nin təşkil olunması, müxtəlif festivallar, elmi konfranslar və təhsil proqramları xalqlarımızın ortaq irsinin təbliğinə xidmət edir.
Özbəkistan Milli Pedaqoji Universitetinin Nizami Gəncəvinin adını daşıması iki xalqın mənəvi yaxınlığının rəmzlərindən biridir. Bakıda yaradılan “Özbəkistan” parkı və Füzulidə Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına məktəb də dostluq və qardaşlığın əyani nümunələridir.
Təhsil sahəsində qarşılıqlı əlaqələr genişlənməkdədir. 2025–2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşı Özbəkistanda təhsil alıb. Media və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişlənməsi, keçirilən media və QHT forumları da münasibətlərin çoxşaxəli xarakterini nümayiş etdirir.
Turizm əlaqələri də sürətlə inkişaf edir. Özbəkistandan Azərbaycana gələn turistlərin sayı 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min nəfər olub. Bakı–Daşkənd, Şuşa–Xivə, Lənkəran–Buxara və digər şəhərlər arasında qardaşlaşma münasibətlərinin yaradılması xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə imkan yaradır.
Azərbaycan və Özbəkistan beynəlxalq və regional təşkilatlarda bir-birini dəstəkləyir. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Hər iki ölkə TDT-nin siyasi, iqtisadi və humanitar imkanlarının genişləndirilməsini, türk dövlətləri arasında daha sıx inteqrasiyanın təmin edilməsini vacib hesab edir.
Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə əlaqələndirilməsi regionda yeni nəqliyyat və tranzit imkanları yarada bilər. Özbəkistanın 2025-ci ilin mayında Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv qəbul edilməsi də Türk dünyasının ortaq irsinin qorunması baxımından mühüm addımdır.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə bağlı qərar regional əməkdaşlığın miqyasını genişləndirib. Beləliklə, əvvəllər “C5” formatı kimi tanınan əməkdaşlıq mexanizmi faktiki olaraq “C6” formatına çevrilib.
Azərbaycan–Özbəkistan münasibətləri bu gün tarixi və mənəvi yaxınlıqla yanaşı, güclü siyasi iradə, qarşılıqlı etimad və konkret iqtisadi-humanitar layihələr üzərində qurulan müttəfiqlik modelidir. İki ölkə arasında əməkdaşlıq siyasi münasibətlərlə məhdudlaşmır; iqtisadiyyat, investisiya, enerji, nəqliyyat, logistika, sənaye, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət, media və turizm kimi çoxsaylı sahələri əhatə edir.
Bu münasibətlərin əsas üstünlüyü dövlətlərin maraqlarının uzlaşması ilə yanaşı, Azərbaycan və Özbəkistan xalqları arasında əsrlərdən gələn qardaşlıq və mənəvi bağlılığın mövcud olmasıdır. Məhz bu möhkəm təməl iki ölkənin gələcəkdə də birgə təşəbbüslər həyata keçirməsinə və əməkdaşlığı daha geniş regional müstəviyə çıxarmasına imkan verir.
Prezident İlham Əliyevin müsahibəsi bir daha göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri qarşılıqlı etimad və dostluq əsasında inkişaf edən, həm ikitərəfli, həm də Türk dünyası və Mərkəzi Asiya miqyasında mühüm strateji əhəmiyyət daşıyan nümunəvi tərəfdaşlıq modelidir. Bu qardaşlıq və müttəfiqlik münasibətlərinin gələcəkdə daha da möhkəmlənməsi hər iki ölkənin və xalqlarının ümumi maraqlarına xidmət edir.
Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri