PDF Oxu

Siyasət

  • 644

İqtisadi münasibətlərdə yeni yol xəritəsi - ŞƏRH

image

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (ÖZA) verdiyi geniş müsahibə iki qardaş ölkə arasında günü-gündən dərinləşən strateji tərəfdaşlığın, çoxşaxəli iqtisadi inteqrasiyanın və sarsılmaz müttəfiqliyin aydın təzahürüdür. Son illərdə Azərbaycan və Özbəkistan arasında formalaşan yüksəksəviyyəli siyasi dialoq yalnız ikitərəfli münasibətlərə deyil, ümumilikdə mühüm strateji məkana çevrilən Türk dünyasının iqtisadi, ticari və nəqliyyat-logistika imkanlarının birləşməsinə güclü təkan verir. Dövlət başçısının öz müsahibəsində xüsusi vurğuladığı məqamlar göstərir ki, Bakı və Daşkəndin birgə təşəbbüsləri regionda sabitliyin, təhlükəsizliyin və davamlı tərəqqinin əsas sütunlarından birini təşkil edir.

Bu genişmiqyaslı əməkdaşlıq modelinin praktiki müstəvidə reallaşmasında və real nəticələrlə zənginləşməsində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya aparıcı lokomotiv rolunu oynayır. İqtisadiyyat, ticarət, investisiya, sənaye, nəqliyyat və kənd təsərrüfatı kimi strateji sahələrdə layihələrin uzlaşdırılması, mövcud maneələrin operativ şəkildə aradan qaldırılması və yeni biznes imkanlarının yaradılması məhz bu platformanın sistemli fəaliyyətinin bəhrəsidir. İki ölkənin aidiyyəti qurumlarını bir araya gətirən bu institut sadəcə bürokratik müzakirə platforması deyil, konkretiyyətə söykənən nəhəng layihələrin və birgə kapital qoyuluşlarının həyata keçirildiyi əsas icraçı idarəetmə mərkəzidir.

Bugünədək keçirilən 15 iclas iki ölkə arasındakı iqtisadi münasibətlərin nə qədər sistemli, məqsədyönlü və ardıcıl xarakter daşıdığını əyani şəkildə sübut edir. Bu yaxınlarda Daşkənd şəhərində təşkil olunan sonuncu — 15-ci iclas tərəflər üçün növbəti mərhələnin Strateji Yol Xəritəsinin müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb etmişdir. Görüş çərçivəsində Azərbaycan-Özbəkistan iqtisadi-ticari əməkdaşlığının mövcud mənzərəsi geniş təhlil olunmuş, əldə edilən tarixi nailiyyətlər yüksək qiymətləndirilmişdir. Müzakirələrin mərkəzində ticarət dövriyyəsinin həcminin yaxın illərdə hədəflənən göstəricilərə çatdırılması, sənaye kooperasiyasının genişləndirilməsi, habelə Azərbaycan və Özbəkistan Birgə İnvestisiya Fondunun resurslarından səmərəli istifadə olunması məsələləri dayanmışdır.

Eyni zamanda, iclasda geoiqtisadi baxımdan böyük əhəmiyyət kəsb edən nəqliyyat-logistika sahəsindəki tərəfdaşlıq xüsusi diqqət mərkəzində saxlanılmışdır. Xüsusilə Orta Dəhliz (Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu) çərçivəsində imkanların tam gücü ilə işə salınması, tranzit yükdaşımaların həcminin artırılması və logistik infrastrukturların inteqrasiyası gələcək inkişafın ana xətti kimi müəyyən edilmişdir. Sənaye sahəsində avtomobil istehsalı, toxuculuq və pambıqçılıq üzrə birgə müəssisələrin uğurlu fəaliyyəti də bu tərəfdaşlığın real bəhrələrindəndir.

Aydın görünür ki, Hökumətlərarası Komissiyanın məqsədyönlü fəaliyyəti və iki ölkə rəhbərinin sarsılmaz siyasi iradəsi Azərbaycan-Özbəkistan münasibətlərini keyfiyyətcə yeni, yüksək mərhələyə yüksəldir. Həyata keçirilən strateji layihələr, dərinləşən sənaye kooperasiyası və qarşılıqlı investisiyalar yaxın gələcəkdə hər iki ölkənin iqtisadi qüdrətinin daha da artacağına, regional inteqrasiyanın möhkəmlənməsinə və xalqlarımızın rifahına birbaşa töhfə verəcəyinə möhkəm zəmin yaradır.

Arzu İsmayılova

YAP Odubad rayon təşkilatının fəalı

Digər xəbərlər