PDF Oxu

Siyasət

  • 649

Şərqi Zəngəzurun açarı - ŞƏRH

image

Azərbaycanın zəngin təbiəti, əvəzsiz coğrafi mövqeyi və qədim tarixi ilə seçilən bölgələrindən biri də Laçın rayonudur. Şərqi Zəngəzurun açarı hesab edilən bu diyar həm hərbi-strateji, həm də iqtisadi baxımdan respublikamız üçün müstəsna əhəmiyyətə malikdir. Lakin Azərbaycanın bu dilbər guşəsi 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunaraq otuz illik ağır bir sınaq dövrünə qədəm qoymuşdu. Laçının işğalı təkcə hərbi itki deyil, bütöv bir regionun sosial, mədəni və humanitar fəlakətə sürüklənməsi idi.

İşğalın ilk günlərindən etibarən rayon əhalisi amansız etnik təmizləmə siyasətinə məruz qaldı. Doğma ev-eşiklərindən didərgin düşən on minlərlə laçınlı məcburi köçkün həyatı yaşamağa məhkum edildi. Bu qanlı təcavüz nəticəsində 300-dən artıq hərbi və mülki şəxs şəhid oldu, bir çoxu isə itkin düşərək taleləri haqqında illərlə xəbər alınamadı. İnsan hüquqlarının kobud şəkildə tapdandığı bu faciəli hadisələr Azərbaycan xalqının yaddaşına dərin və sağalmaz yaralar vurdu.

Təcavüzkar Ermənistanın işğalçılıq siyasəti yalnız dinc əhaliyə qarşı deyil, rayonun illərlə formalaşmış sosial-iqtisadi infrastrukturunun və zəngin mədəni irsinin məhvinə də yönəlmişdi. Otuz ilə yaxın müddətdə Laçın rayonunda yerləşən 217 mədəniyyət, 101 təhsil və 142 səhiyyə müəssisəsi düşmən tərəfindən təməlinədək sökülüb talan edildi. İqtisadi dayağı təşkil edən 462 ticarət obyekti, 30 rabitə qovşağı, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat müəssisəsi və müxtəlif təyinatlı istehsalat sahələri yerlə-yeksan olundu.

Eyni zamanda, bölgənin minillik tarixi yaddaşını silmək və ərazini saxtalaşdırmaq məqsədilə dəhşətli mədəni vandalizm həyata keçirildi. Laçın ərazisindəki 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi erməni vandalizminə məruz qaldı, saxtalaşdırıldı və ya tamamilə dağıdıldı. Qədim alban məbədləri, türbələr, daş qoç fiqurları, körpülər və abidələr düşmənin vəhşiliyinin canlı şahidinə çevrildi. Rayonun zəngin meşə örtüyü və təbii resursları da qanunsuz istismara məruz qalaraq ekoloji terrora qurban verildi.

Bütün bu dağıntılara və acılara baxmayaraq, Azərbaycan xalqı ədalətin bərpa olunacağına olan inamını bir an da olsun itirmədi. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən strateji addımlar sayəsində Laçın yenidən öz həqiqi sahiblərinə qayıtdı. 26 Avqust – Laçın Şəhəri Günü kimi tariximizə qızıl hərflərlə yazıldı. Bu gün işğalın acı fəsadları sürətlə aradan qaldırılır, Laçın şəhəri və rayonun kəndləri "Böyük Qayıdış" proqramı çərçivəsində müasir konsepsiya əsasında yenidən qurulur. Otuz il sonra doğma ocaqlarına dönən laçınlılar bu torpağa yeni nəfəs verir, dağıdılmış infrastrukturu bərpa edərək Laçını regionun ən abad, gözəl və yaşıl guşələrindən birinə çevirirlər.

Arzu Kazımlı

YAP Odubad rayon təşkilatının fəalı

Digər xəbərlər