Azərbaycan və Özbəkistan arasındakı münasibətlər iki müstəqil dövlət çərçivəsində adi diplomatik əlaqələri çoxdan aşaraq strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək pilləsinə yüksəlmişdir. Əsrlərdən bəri sınaqdan çıxmış ortaq tarix, zəngin mədəniyyət, dil birliyi və eyni mənəvi dəyərlər bu münasibətlərin sarsılmaz bünövrəsini təşkil edir. Bu möhkəm təməl üzərində qurulan dövlətlərarası münasibətlər son illərdə keyfiyyətcə yeni məzmun kəsb edərək Türk dünyasının inteqrasiyasında aparıcı qüvvəyə çevrilmişdir.
Azərbaycan və Özbəkistan xalqları əsrlər boyu vahid mədəni və mənəvi məkanda yaşamış, bir-birinin kədərinə və sevincinə şərik olmuşlar. Şərq intibahının parlaq nümayəndələrinin irsi, Böyük İpək Yolu üzərində formalaşan ticari və mədəni əlaqələr, ədəbiyyat və incəsənət sahəsindəki qarşılıqlı təsirlər xalqlarımızı bir-birinə qırılmaz tellərlə bağlamışdır. Nizami Gəncəvinin və Əlişir Nəvainin ədəbi irsi Bakı və Daşkənd arasında mənəvi körpü rolunu oynamış, nəsildən-nəslə ötürülən dərin rəğbət hissini formalaşdırmışdır. Müasir dövrdə bu tarixi irs dövlətlərarası münasibətlərin inkişafında müstəsna rol oynayır. Hər iki ölkə müstəqilliyini bərpa etdikdən sonra tarixi köklərə söykənərək diplomatik münasibətləri qısa müddətdə strateji səviyyəyə qaldırmağı bacarmışdır. Xalqlarımızın bir-birinə olan dərin hörməti və sevgisi siyasi iradə ilə birləşərək müasir dövlətlərarası modelin ən uğurlu nümunəsini yaratmışdır.
Dövlətlərarası əlaqələrin belə sürətlə inkişaf etməsində və müttəfiqlik səviyyəsinə yüksəlməsində hər iki ölkə rəhbərinin şəxsi münasibətləri xüsusi çəkiyə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad ikitərəfli gündəliyin müəyyən olunmasında həlledici rol oynayır. Prezident Şavkat Mirziyoyevin ölkələrimiz arasında qardaşlıq, birlik və müttəfiqlik naminə yorulmaz və qətiyyətli fəaliyyəti Azərbaycanda dərin hörmətlə qarşılanır. Liderlərin müntəzəm təmasları və siyasi iradəsi sayəsində iki ölkə arasında aparılan danışıqlar real nəticələrlə yekunlaşır. Son beş ildə ən yüksək səviyyədə reallaşan 15 qarşılıqlı səfər siyasi dialoqun necə müntəzəm və dinamik olduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin Özbəkistana həyata keçirdiyi dövlət və rəsmi səfərləri hər zaman yüksək qonaqpərvərlik, səmimiyyət və strateji razılaşmalarla yadda qalır.
Siyasi sahədəki yüksək anlaşma iqtisadi-ticari əlaqələrin də sürətli artımına təkan verir. Azərbaycan və Özbəkistan birgə investisiya fondlarının yaradılması, sənaye kooperasiyası, energetika, kənd təsərrüfatı və nəqliyyat-logistika sahələrində nəhəng proqramlar icra edir. Özbəkistanda həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, müasir şəhərlərin salınması və infrastrukturun yenilənməsi Azərbaycan tərəfindən böyük rəğbətlə izlənilir. Xüsusilə "Orta Dəhliz" (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində Bakı və Daşkəndin birgə fəaliyyəti Mərkəzi Asiya və Qafqaz regionlarının geosiyasi əhəmiyyətini artırır. Hər iki dövlət geoiqtisadi imkanlarını birləşdirərək Avrasiya məkanında mühüm nəqliyyat və tranzit qovşağına çevrilməkdədir. Birgə müəssisələrin sayının artması, ticarət dövriyyəsinin dəfələrlə çoxalması bu əməkdaşlığın praktiki nəticəsidir.
Azərbaycan-Özbəkistan müttəfiqliyi təkcə iki ölkənin çərçivəsində məhdudlaşmır, eyni zamanda Türk Dövlətləri Təşkilatı (TDT) daxilində inteqrasiya proseslərinə güclü təkan verir. Hər iki ölkə Türk dünyasının birliyi, mənəvi-mədəni həmrəyliyi və iqtisadi gücünün artırılması istiqamətində vahid mövqedən çıxış edir. Beynəlxalq platformalarda qarşılıqlı dəstək prinsipi ardıcıl olaraq qorunub saxlanılır. İşğaldan azad edilmiş Qarabağın bərpa olunması prosesində Özbəkistanın göstərdiyi qardaşlıq dəstəyi – Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilib istifadəyə verilməsi bu həmrəyliyin ən parlaq rəmzlərindən biridir. Bu addım iki xalqın bir-birinə olan sevgisinin və dərin mənəvi bağlarının əbədi göstəricisidir.
Azərbaycan və Özbəkistan münasibətləri bu gün özünün qızıl dövrünü yaşamaqdadır. Sağlam bünövrə, yüksək siyasi iradə, səmimi dostluq və strateji baxış ölkələrimizi parlaq gələcəyə aparır. Müttəfiqlik müqaviləsi ilə rəsmiləşən bu sarsılmaz bağlar regional sabitliyin, təhlükəsizliyin və tərəqqinin ən etibarlı təminatçısı kimi çıxış edir.
Aynur Quliyeva
YAP Şahbuz rayon Ayrınc ərazi partiya təşkilatının müavini,
Ayrınc kənd tam orta məktəbində müəllim